Tərpənən uşağı susdurmaq yox, anlamaq — Həqiqi inklüziv təhsil elə buradan başlayır
Son illər dünyada aparılan araşdırmalar uşaqların öyrənmə çətinliklərini daha dərindən anlamağa imkan verir. Bu tədqiqatlar arasında Florida Mərkəzi Universitetində 8–12 yaş arası uşaqlarla aparılmış bir eksperiment diqqətəlayiqdir. Tədqiqatın məqsədi diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (ADHD) olan şagirdlərin müxtəlif tapşırıqlar zamanı davranış dəyişikliyini müşahidə etmək idi. Ən maraqlı nəticə isə belə oldu: ADHD-li uşaqların dərs zamanı çox tərpənməsi onların intizamsızlığı deyil, beynin diqqəti qorumaq üçün yaratdığı kompensasiya mexanizmidir.
Təcrübə zamanı uşaqlara iki növ video təqdim edilib. Birində az zehni səy tələb edən Star Wars səhnəsi göstərilib, digərində isə yüksək diqqət, yaddaş və düşünmə tələb edən riyaziyyat dərsi videosu izlədilib. Müşahidələr göstərib ki, riyaziyyat videosu zamanı ADHD-li uşaqların hərəkətliliyi xeyli artır. Çünki beyin yükləndikcə diqqəti saxlamaq üçün bədəni tərpətməyə “tələb” yaranır. Bu davranış nə şıltaqlıqdır, nə də qayda pozmaq. Əksinə, bu onların öyrənmək üçün mübarizə üsuludur.
Azərbaycan məktəblərində isə bu davranış çox zaman düzgün anlaşılmır və uşaq “yerində sakit oturmur”, “dərsə mane olur”, “sözə baxmır” kimi etiketlənir. Bu yanaşma həm uşağın özünə inamını sarsıdır, həm də öyrənmə prosesinə mane olur. Biz bəzən uşağın davranışına hisslərimizlə qiymət veririk, halbuki bu davranışın elmi izahı var: ADHD-li uşaqlar beyinlərindəki dopamin çatışmazlığı səbəbindən uzun müddət diqqəti saxlamada çətinlik yaşayırlar və bədənlərinin hərəkəti onlara fokusda qalmağa yardım edir.
Bununla yanaşı, Azərbaycan siniflərində yayğın olan bəzi təcrübələr situasiyanı daha da çətinləşdirir. Dərslərin uzun müddət fasiləsiz şəkildə davam etməsi, şagirdin yerindən qalxmasına icazə verilməməsi, yüksək diqqət tələb edən tapşırıqların uzun formada verilməsi, müəllim hazırlığında ADHD mövzusuna az toxunulması və valideyn-müəllim arasında koordinasiyanın zəif olması uşağın öyrənmə prosesini tamamilə zədələyə bilər. Belə hallarda uşaq təkcə dərsə deyil, ümumiyyətlə, məktəb mühitinə qarşı həssaslaşır.
Halbuki yaxın yanaşma ilə vəziyyət tam fərqli ola bilər. Uşaqların qısa mikro fasilələrlə hərəkət etməsinə şərait yaratmaq, uzun tapşırıqları kiçik bloklara bölmək, vizual və hərəkətə əsaslanan öyrənmə üsullarını tətbiq etmək, alternativ oturma mühitlərindən istifadə etmək, səssiz və kiçik fidget vasitələrinə icazə vermək həm onların diqqətini artırır, həm də dərsin yükünü azaldır. Bu kimi üsullar elmi cəhətdən təsdiqlənmişdir və hazırda bir çox ölkələrdə geniş tətbiq olunur.
Əslində, ADHD-li uşaq ən çox psixoloji təhlükəsizliyə ehtiyac duyur. Davranışına görə daima tənqid olunan uşaq özünü günahkar hiss edir və müəllimi ilə arasında məsafə yaranır. Uşaq rahat olanda beyin öyrənmə rejiminə keçir; narahat və qorxu içində olanda isə beyin yalnız “müdafiə rejimində” işləyir. Beləliklə, müəllimin anlayışı, səslə yanaşması və dəstəyi uşağın həyatında ən güclü dəyişikliklərdən birinə çevrilə bilər.
Bütün bunlar göstərir ki, inklüzivlik yalnız qanunda yazılan prinsip deyil; sinifin içində, uşağın davranışına verdiyimiz reaksiyada başlayır. Hər bir uşağın beyni fərqli işləyir və bu fərqliliyi qəbul etdikdə həm dərs prosesi daha məhsuldar olur, həm də uşaq özünü dəyərli hiss edir. Təhsil sistemi dəyişməzdən öncə biz dərs otağının içindəki qavrayışlarımızı dəyişməliyik. Əgər biz uşağın davranışını problem kimi yox, bir siqnal kimi dəyərləndirsək, həll yolları öz-özünə görünməyə başlayacaq.
İnklüziv sinif yalnız uşağı qəbul edən sinif deyil, uşağın beyninə uyğunlaşan sinifdir. Bu isə həm müəllimin peşəkarlığının, həm də insan yanaşmasının ən gözəl göstəricisidir.
Günay Əkbərova,
Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi



