Sosial şəbəkələrdə yaş həddi: Yeni qaydalar nələri dəyişəcək?

11 Mart, 2026 - 11:55
Sosial şəbəkələrdə yaş həddi:

Müasir dövrdə internet və sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu virtual dünya sonsuz imkanlarla yanaşı, həm də kiberbullinq, zərərli məzmunlar və asılılıq təhlükəsi kimi ciddi riskləri özündə daşıyır. Belə təhlükələrin qarşısının alınması və böyüməkdə olan nəslin rəqəmsal rifahının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan yeni Sərəncam ölkənin təhsil və sosial siyasətində yeni bir mərhələnin əsasını qoyur.

Sənəd uşaqların onlayn mühitdə qorunması üçün kompleks tədbirlər planını nəzərdə tutur. Buraya sosial şəbəkələrdə qeydiyyat üçün yaş həddinin tətbiqindən tutmuş, məktəblərdə mobil cihazlardan istifadə qaydalarının müəyyən edilməsinə qədər geniş spektrli tapşırıqlar daxildir. Əsas məqsəd isə uşağı texnologiyadan tamamilə qoparmaq deyil, ona rəqəmsal savadlılıq və təhlükəsizliklə bağlı vərdişlər aşılamaqdır.

Statistikalar göstərir ki, uşaqların internetdə keçirdiyi vaxt ilbəil artır. Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, filtrsiz məlumat axını uşaqların həm psixologiyasına, həm də fiziki sağlamlığına (yuxu pozuntusu, oturaq həyat tərzi) birbaşa təsir edir. 2023-cü ildə UNESCO tərəfindən yayımlanan “Texnologiya təhsildə” adlı hesabatda qeyd olunur ki, həddindən artıq mobil cihaz istifadəsi şagirdlərin akademik göstəricilərini aşağı salır və emosional sabitliyinə mənfi təsir göstərir. Təşkilat məktəblərdə telefon qadağasını təhsilin keyfiyyətini artıran amil kimi qiymətləndirir. Buna görə də Azərbaycanın bu addımı qlobal trend və beynəlxalq standartlarla tam səsləşir.

“İnternet resursları çərçivəsində qurbanların sayı ildən-ilə artır”

Məsələnin hüquqi və sosial aspektləri ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirir ki, uşaqların maraqlarına zidd olan hər bir məlumat artıq ciddi zərərli faktor kimi qiymətləndirilməlidir:

“Azərbaycan Respublikasının qanunvericiliyində - “Uşaq hüquqları haqqında” Qanunda, Konstitusiyada, Milli Fəaliyyət Planında uşaq hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Uşaqların maraqlarına ziddiyyət təşkil edən, onların sağlamlığına, psixoloji vəziyyətinə, təhsil hüququna və digər hüquqlarına təsir edə biləcek məlumatlar zərərli məlumatlar kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, dünya praktikasında internet vasitəsilə uşaqlara qarşı bullinq və kibercinayətkarlıq halları çoxalıb. Təkcə uşaqlara qarşı deyil, ümumiyyətlə, kibercinayətkarlıq halları artmaqdadır. Bununla bağlı təəssüf ki, bütün ölkələrdə tənzimlənmə yoxdur. Azərbaycanda bununla bağlı tənzimlənmə aktları qəbul edilir və tənzimlənmə prosesi davam etdiriləcək. Ümumiyyətlə, internet resursları çərçivəsində dünya praktikasında böyük bir boşluq var. Hazırda bu sahədə öhdəlik yaradan beynəlxalq konvensiya və ya beynəlxalq sənəd mövcud deyil. Təəssüf ki, internet resursları çərçivəsində qurbanların sayı ildən-ilə artır”.

“Televiziyada işıqlandırılan məlumatlardan da uşaqların qorunması təmin edilməlidir”

E.Səfərov vurğulayır ki, rəqəmsal təhlükəsizlik yalnız internetlə bitmir, televiziyadan tutmuş onlayn oyunlara qədər hər bir platformada tənzimlənmə faktoru olmalıdır: “Rəqəmsal təhlükəsizlik sahəsində görülən işlər kompleks xarakter daşıyır. Nümunə üçün deyə bilərəm ki, süni intellektlə bağlı konsepsiya, rəqəmsallaşma və kibercinayətkarlıqla mübarizə strategiyaları var, uşaq hüquqları ilə bağlı Milli Fəaliyyət Planı var. Bu il yenisi hazırlanır və onun çərçivəsində uşaqların zərərli məlumatlardan və internet resurslarından qorunması ilə bağlı məqamlar əksini tapıb. Ümumi şəkildə desək, zorakılıq və risklərin sayının artması internetdə əlçatanlığın güclənməsi ilə qiymətləndirilir və burada tənzimlənmə faktoru olmalıdır. Bir neçə istiqamət üzrə preventiv tədbirlər aparılmalıdır ki, uşaq hüquqlarının internetdə və zərərli məlumatlardan qorunması təmin edilsin. Burada təkcə internetdə deyil, eyni zamanda televiziyada işıqlandırılan və digər resurslar vasitəsilə yayılan məlumatlara əlçatanlıqdan söhbət gedir”.

Şöbə müdiri uşaqların  insan alveri və digər ağır cinayətlərin qurbanına çevrilmə riskinə diqqət çəkərək milli qanunvericilikdə sərt qanunların tətbiqinin vacibliyini qeyd edib: “İlkin olaraq yaş kateqoriyası məsələsi var. Sosial şəbəkələrdə və oyunlarda, xüsusilə də “Roblox”, “Minecraft” və digər oyun və platformalarda uşaqların hüquqlarının müdafiəsi nəzərdə tutulur. Bununla bağlı tənzimlənmə aktları olmalıdır, qanunvericilik təkmilləşdirilməlidir, xüsusilə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində məsuliyyət növləri müəyyənləşdirilməli və tətbiq mexanizmləri təkmilləşdirilməlidir. Kibercinayətkarlıq çərçivəsində eyni zamanda kibertrafik, kiber insan alveri və digər cinayət faktorları var ki, dünya praktikasında uşaqlar həssas kateqoriyaya düşür və qurban ola bilirlər. Azərbaycanda təəssüf ki, Cinayət Məcəlləsində bununla bağlı xüsusi müddəalar yoxdur, ümumi müddəalarla tənzimlənir. Ona görə bu təkmilləşmə məsələsi də öz əksini tapacaq. Milli fəaliyyət planında kiberzorakılıq uşaqlara qarşı həssas bir sahə kimi müəyyənləşdirilməlidir və bu, ailə strategiyasında da öz əksini tapacaq”.

“Tənzimləmələr inkişafı məhdudlaşdırmaq deyil, genişləndirmək məqsədi daşıyır”

Komitə rəsmisi vurğulayır ki, əsas məqsəd riskləri minimuma endirib uşaqlara müasir texnologiyaları öyrətmək, onları gələcəyin mütəxəssisi kimi hazırlamaqdır:

“İnternet resursları daha çox həyatı asanlaşdırmağa yönəldilməlidir. Uşaqların hüquqlarının qorunması ilə yanaşı, onların təhsil imkanlarının genişləndirilməsi, innovasiyalara əlçatanlığın təmin edilməsi, süni intellektdən və “Cloud” sistemlərdən istifadə imkanlarının artırılması nəzərdə tutulur. Uşaqların elektron idarəetmə, Gen AI, kodlaşdırma və dizayn proqramlarını mənimsəməsi mümkündür. Eyni zamanda gələcəkdə “freelancer” kimi imkanların genişləndirilməsi də nəzərdə tutulur. Burada, əsasən, 14-18 yaş arasında olan yetkinlik yaşına çatmayan şəxslər nəzərdə tutulur. Azərbaycanda internet asılılığı olan uşaqlarla bağlı bizə müraciət edənlər. Məsələlər araşdırılıb, müvafiq qurumlara yönləndirilib və müəyyən müsbət statistika da var”.

E.Səfərov rəqəmsal mühitdə uşaqların rifahını təmin etmək üçün görülən konkret işləri və Azərbaycan dilində resursların artırılmasının strateji əhəmiyyətini vurğulayıb:

“Dövlət Komitəsi tərəfindən artıq uşaqlar üçün kibertəhlükəsizliklə bağlı iki dəfə hakaton müsabiqəsi keçirilib ki, bu da onların bilik və savadının artırılması məqsədi daşıyır. Ümumilikdə dövlət siyasətinin istiqaməti ondan ibarətdir ki, ailə büdcəsinə, uşağın sağlamlığına, psixoloji və cinsi inkişafına təsir edə biləcək məlumatların qarşısı alınsın. Bu risklərin aradan qaldırılması üçün beynəlxalq təşkilatlarla və özəl şirkətlərlə müəyyən tənzimləmə meyarları olmalıdır. Çin, Fransa, Böyük Britaniya, ABŞ kimi ölkələr artıq müəyyən qərarlar qəbul edib, Azərbaycan da öz daxili qanunvericiliyini təkmilləşdirir. Əsas məsələ odur ki, uşaqların inkişafı təmin edilsin və Azərbaycan dilində internet resurslarının, portalların, elektron oyunların sayı artırılsın. Bu, uşaq hüquqlarının müdafiəsində əsas istiqamətlərdən biridir”.

Göründüyü kimi, yeni imzalanan Sərəncam və nəzərdə tutulan hüquqi islahatlar uşaqları rəqəmsal dünyadan təcrid etməyi deyil, onları bu mühitin fəal və təhlükəsiz iştirakçısına çevirməyi planlaşdırır. İnternet asılılığı, kiberzorakılıq və zərərli məzmunlarla mübarizə təkcə qadağalarla yox, həm də rəqəmsal savadlılığın artırılması və milli resursların zənginləşdirilməsi ilə mümkündür.