Texasda məktəblərə enerji içkisi gətirmək qadağan edildi

22 Sentyabr, 2026 - 16:24
Texasda məktəblərə enerji içkisi gətirmək qadağan edildi

ABŞ-də məktəblər şagirdlər arasında enerji içkilərinin geniş yayılmasından narahatdır. Bəzi məktəblərdə şagirdlərin gündə 2-3 ədəd enerji içkisi qəbul etdiyi, hətta 4-cü və 5-ci siniflərdə də bu içkilərdən istifadə edildiyi bildirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Texas ştatının Lampasas məktəb dairəsində enerji içkilərinin məktəblərə gətirilməsi bu tədris ilindən qadağan edilib. Qərardan əvvəl bəzi şagirdlərin gündə 2-3 ədəd enerji içkisi içdiyi müşahidə olunub. Bu, təxminən 6 fincan qəhvədəki kofeinə bərabərdir.

Məktəbin tibb işçiləri enerji içkilərindən sonra şagirdlərdə narahatlıq, panik atak, titrəmə və ürəkdöyünmə hallarının müşahidə edildiyini bildiriblər. 2025-2026-cı tədris ilində Lampasas məktəb dairəsində tibb məntəqəsinə müraciətlərin sayı əvvəlki illə müqayisədə 1000 artıb.

Enerji içkilərinin bir qutusunda təxminən 200 milliqram kofein olduğu bildirilir. Bu, orta hesabla bir fincan qəhvədəki kofeinin təxminən iki qatıdır.

Miçiqan Universitetinin 2025-ci ildə apardığı araşdırmaya əsasən, 10-12-ci sinif şagirdlərinin təxminən beşdə biri hər gün enerji içkisi qəbul edir. Orta məktəbi bitirənlər arasında gündəlik istifadə göstəricisi son 4 ildə təxminən 6-da 1-dən 4-də 1-ə yüksəlib.

Amerika Pediatriya Akademiyası enerji içkilərinin uşaqlar və yeniyetmələrin qida rasionunda yeri olmadığını bildirir. Mütəxəssislər yüksək miqdarda kofeinin yuxunu poza, qan təzyiqini artıra və ürək-damar sistemi üçün risk yarada biləcəyini qeyd edirlər.