Tikintidə çalışanlar arasında əlavə təhsilə ehtiyac duyanlar çoxdur – AzMİU-nun dekanı
“Hesab edirəm ki, bir neçə ilə əlavə təhsilalanların axşam qruplarının sayı gündüz qruplarından çox olacaq”.
Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı professor Sahib Fərzəliyev deyib.
Getdikcə dünyada olduğu kimi Azərbaycanda da əlavə və distant təhsilin əhəmiyyətinin artdığını deyən dekanın sözlərinə görə, universitetə bu məqsədlə daxil olan yüzlərlə müraciət var: “Mən buraya dekan seçiləndə əlavə təhsilə 5-10 nəfər qəbul olunurdu. Artıq yüzlərlə müraciət edənlər var. Tikintidə çalışanlar arasında əlavə təhsilə ehtiyac duyanlar çoxdur. Hazırda əlavə təhsil alanlardan ibarət 2 axşam qrupu yaratmışıq”.
“Hər birində 22 nəfərin təhsil aldığı qruplar ilk pilot layihəmizdir”, - deyən dekanın fikrincə, istehsalatda nəzarət güclənir: “Müəssisələrdə təhsil sənədi tələb edilir. Qanunlarımız sərtləşdikcə təhsil almağa ehtiyac duyan inşaatçıların sayı artacaq”.
İnşaatı gələcəyin tələb olunan peşələrindən sayan Sahib Fərzəliyevin fikrincə, işsiz qalmamaq üçün ən yaxşı seçimlərdən biri mühəndislik, inşaat sektoruna üz tutmaqdır:
“Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 900 min ailənin mənzilə ehtiyacı var. İldə 12–13 min mənzilin istifadəyə verildiyini nəzərə alsaq, bu tələbatı tam ödəmək üçün 70–80 il tələb olunur. Demoqrafik inkişafı və işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini də nəzərə alsaq, inşaat sektoru ölkəmiz üçün hələ uzun illər aktual və strateji əhəmiyyət daşıyacaq”.


