TIMO-nun seçim turu 5 regionda təşkil olunacaq

18 Noyabr, 2025 - 12:38
TIMO-nun seçim turu 5 regionda təşkil olunacaq

"Turkic International Mathematical Olympiad" (TIMO) 2025 final mərhələsinin Bakıda təşkil olunması bu il rekord səviyyədə beynəlxalq maraq doğurub.

Olimpiadada ümumilikdə 55 ölkənin iştirak edəcəyi artıq təsdiqlənib. Onlardan 23 ölkə, o cümlədən ABŞ, Kanada və Hindistan rəsmi təsdiq sənədlərini təqdim edib. Avropa və digər region ölkələrinin təsdiq məktublarının yaxın günlərdə açıqlanacağı gözlənilir. Final mərhələsi 25-29 may tarixlərində Bakıda keçiriləcək.

Tədbirdə ABŞ, Azərbaycan, Əlcəzair, Banqladeş, Bolqarıstan, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, Kanada, Kosovo, Qazaxıstan, Qırğızıstan, Moldova, Malayziya, Nigeriya, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şimali Kipr, Şri-Lanka, Tacikistan, Türkmənistan və Türkiyə təmsilçilərinin iştirakı artıq rəsmiləşib. Bu ölkələrin qatılması TIMO-nun regional deyil, qlobal miqyasda qəbul edilən nüfuzlu riyazi yarış olduğunu bir daha təsdiq edir.

TIMO-nun builki akademik heyəti də xüsusi diqqət çəkir. Olimpiadanın elmi rəhbərliyi Akdeniz Universitetinin professoru Mustafa Özdemir, Azərbaycan Olimpiada Komitəsinin keçmiş rəhbəri və Akdeniz Universitetinin professoru İlham Əliyev, ADA Universitetinin professoru Rəfail Əlizadə, İstanbul Universitetinin professoru Cəmal Çiçək, eləcə də tanınmış riyaziyyat müəllimi İsmət Baykal və digər akademik mütəxəssislərdən ibarətdir. Bu tərkib olimpiadanın elmi-pedaqoji keyfiyyətinə yüksək təminat verir.

Azərbaycan üzrə seçim turu ölkənin beş bölgəsində: Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Naxçıvanda təşkil olunacaq. Regional mərkəzlərdə keçiriləcək seçim mərhələləri TIMO-da iştirak imkanlarını daha geniş auditoriya üçün əlçatan edir və şagirdlərin olimpiadaya bərabər şərtlərlə qoşulmasını təmin edir.
Hazırda TIMO üzrə qeydiyyat davam edir. Son qeydiyyat tarixi 19 oktyabrdır. Olimpiadada iştirak etmək istəyən şagirdlər və təhsil müəssisələri goc.edu.az portalına daxil olaraq qeydiyyat prosesini tamamlaya bilərlər.

TIMO 2025 finalı Bakını dünyanın müxtəlif qitələrindən gələn yüzlərlə gənc riyaziyyatçının toplaşdığı nüfuzlu beynəlxalq elm platformasına çevirərək ölkəmizin təhsil diplomatiyasına mühüm töhfə verəcək.