Türkiyədə 350 min əcnəbi tələbə təhsil alır – Azərbaycanlı gənclər seçimlərindən məmnundur 

15 Dekabr, 2025 - 14:54
Türkiyədə 350 min əcnəbi tələbə təhsil alır

Ali təhsildə qlobal liderə çevrilən Türkiyə 200-dən çox ölkədən qəbul etdiyi təxminən 350 min tələbə ilə dünyada ən çox beynəlxalq tələbə cəlb edən ölkələr arasında 6-cı yerdə qərarlaşıb. Ali təhsil üçün Türkiyəni seçən gənclər məzun olub ölkələrinə qayıtdıqda, Türkiyə ilə öz ölkələri arasında diplomatik, ticari, sosial və mədəni körpülər qururlar.

Türkiyə hər bir tələbənin həyat hekayəsində ayrı bir dəyərə və önəmə malikdir. Türkiyə, beynəlxalq tələbələrin bəziləri üçün sığınacaq, bəziləri üçün ümidin yenidən cücərdiyi yer, bəziləri üçün ailə, bəziləri üçün isə uğurun açarı kimi görülür.

Təhsillərini tamamlayıb ölkələrinə qayıdan bu gənclər, Türkiyə ilə əlaqələrini kəsmədən münasibətlərini davam etdirirlər.

Türkiyə bölgədə ən çox əcnəbi tələbə qəbul edən ölkədir 

“British Council” və Hollandiya mərkəzli beynəlxalq təhsil platforması olan “Studyportals” tərəfindən Asiya, Latın Amerikası və MENA (Orta Şərq və Şimali Afrika) bölgələri üzrə hazırlanan ali təhsil hesabatı, Türkiyənin ali təhsil üzrə tələbə mobilliyində liderliyini ortaya qoyub. 220-dən çox ölkə və regiondan 51 milyon istifadəçinin məlumatları əsasında hazırlanan “Təyinat və mənbə regionlar kimi ortaya çıxan trendlər” adlı hesabata görə, Türkiyə MENA bölgəsində beynəlxalq universitet tələbələrinin təhsil üçün ən çox üstünlük verdiyi ölkə olub.

Hesabata əsasən, Türkiyə 906 bakalavr və 900 magistr proqramı ilə bölgədə proqram sayı və müxtəlifliyi baxımından da birinci yerdədir. İstanbul və Ankara bakalavr və magistr səviyyəsində ən çox tələb görən şəhərlər olub.

Beynəlxalq tələbələr son illərdə Türkiyədə əsasən biznesin idarə edilməsi, tibb, proqram mühəndisliyi, kompüter mühəndisliyi və səhiyyə texnologiyaları kimi ixtisaslara üstünlük verirlər.

Qlobal əmək bazarının trendləri ilə uyğun olan bu proqramlara yönələn tələbələr üçün türk xalqının göstərdiyi qonaqpərvərliyin ən azı təhsilin keyfiyyəti qədər həlledici və mühüm amil olduğu vurğulanır. 

Türkiyənin Ali Təhsil Şurası əcnəbi tələbələrlə qısa müsahibələri yayımlayıb. 

“Ailəmizin etdiyi fədakarlığa dəyər”

Türkiyədə təhsil alan beynəlxalq tələbələr aldıqları təhsilin ailələrinin göstərdiyi fədakarlığa dəyər olduğunu bildirirlər. Türkiyə ali təhsilin keyfiyyəti, beynəlxalq filialları və Avropa təhsil sisteminə uyğunlaşdırıla bilən ortaq proqramları, Bolonya Prosesinə bağlılığı, ERASMUS mübadilə proqramında iştirakı, ingilisdilli proqramların çoxluğu, təhlükəsizliyi, coğrafi mövqeyi və münasib qiymətləri ilə qlobal təhsildə ön plana çıxır.

Suriyalı tələbə: “Anam da, mən də Türkiyədə tələbəyik”

Suriyalı Riyam Albasha və anası Wahad Alhaj Yahia Türkiyədə universitet təhsillərini davam etdirirlər. Riyam Albasha Ankara Medipol Universiteti Tibb fakültəsinin IV kurs tələbəsidir. 2014-cü ildə müharibə səbəbilə Türkiyəyə gəldiklərini bildirən Albasha deyib:

“Həqiqətən də “burada  böyümüşəm” deyirəm. Türkiyədə alınan diplomlar dünya miqyasında keçərlidir. Türkiyə təkcə təhsil aldığım yer deyil, eyni zamanda ikinci vətənimdir. Gələcəyin mənə nə gətirəcəyini bilmirəm, amma bir gün həm Türkiyə, həm də Suriya arasında körpü olmaq istəyirəm. Türkiyədə öyrəndiklərimlə ölkəmdəki uşaqlara və qadınlara kömək etmək istərdim”.

Fələstinli tələbə: “Məni yalnız Türkiyə qəbul etdi”

Fələstinli Zaina Alkhazendar Səhiyyə Elmləri Universitetinin Tibb fakültəsinin III kurs tələbəsidir. “Qəzzadan gəldim. Dəstəyiniz üçün təşəkkür edirəm. Təhsilimi davam etdirmək üçün müraciət etdiyim ölkələrdən yalnız Türkiyə məni qəbul etdi. Bunu xəyal etmirəm, minnətdaram”.

Fələstinli Shadi Sameh Mohammed Hamdan isə Koç Universitetində “Kompüter mühəndisliyi” ixtisasında təhsil alır:  “Türkiyədə qalmaq istəyirəm. Çünki burada insanlar var, texniki infrastruktur var və maddi imkanlar mövcuddur. Burada çox şey edə bilərəm”.

“Türkiyə yaşamaq ümidimi geri qaytardı”

Fələstinli Tasnem Lubbad müharibədə yaralandığını, müalicə üçün Türkiyəyə gəldiyini və Ostim Texniki Universitetində Beynəlxalq Biznesin İdarə edilməsi üzrə magistr təhsilinə başladığını bildirərək deyib:

“Türklər mənim əlimdən tutdu. Digər məzlumların yanında olduqları kimi mənim də yanımda oldular. Türkiyə yaşamaq ümidimi geri qaytardı, mənə yenidən yaşamaq gücü verdi”.

Azərbaycanlı tələbə: “Türkiyəyə gələndə atam “vətəninə qayıtdın” dedi”

Qardaş ölkədə beynəlxalq münasibətlər üzrə doktorantura tələbəsi azərbaycanlı Səbinə Əkbərova Türkiyədə keçirdiyi beş ilin onun üçün sadəcə universitet təhsilindən daha artıq bağa çevrildiyini deyərək bildirib:

“Erasmus proqramı ilə Avropaya gedəndə ailəm narahat olurdu, amma Türkiyəyə gələndə atam “Onsuz da vətəninə qayıtdın” dedi. Burada olduğum zaman ailəm də özünü güvənli hiss edir”.

“İkinci vətənim Türkiyədir”

Bilkent Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan azərbaycanlı Rəsul İbrahimzadə Türkiyənin ən yaxşı tələbələri ilə eyni sinifdə olmağın əvvəlcə çətin gəldiyini, lakin artıq bunu geridə qoyduğunu vurğulayaraq deyib:

“Dil tanış dildir, heç bir problem olmadı. Bakıda özümü necə hiss edirdimsə, burada da elə hiss etdim. Türkiyədə təhsilin Avropa ölkələri ilə eyni səviyyədə olduğunu dəqiq bilirəm. Ona görə də Türkiyəni seçdim”.

“Mənim uşaqlarım da Türkiyədə oxuyacaq”

Gülhanə Tibb Universitetinin Tibb fakültəsinin səhiyyə elmləri üzrə tələbəsi azərbaycanlı Həsən Həsənxanov bildirib:

“Gülhanə Tibb fakültəsi Azərbaycanda çox tanınır. Mən də həkim olmaq üçün Gülhanəni seçdim. Türkiyədə tibb təhsili Avropadakı ən yaxşı tibb fakültələri ilə eyni səviyyədədir. Azərbaycana qayıtdıqda Türkiyədən bir iz aparacağam və türklərin mənə göstərdiyi qonaqpərvərliyi, səmimi davranışlarını heç vaxt unutmayacağam. Öz uşaqlarımı da Türkiyədə təhsil almaları üçün göndərə bilərəm. Bu bir son deyil, başlanğıcdır”.

Tanzaniyalı tələbə: “Baş nazirimiz də Türkiyədə oxuyub”

TOBB ETÜ "Biotibbi mühəndislik" ixtisası üzrə təhsil alan Tanzaniyalı Svahifa Abdi Juma deyib:

“Türkiyədə təhsil çox yaxşıdır. Baş nazirimiz də Türkiyədə oxumuşdu; mən də onun kimi uğurlu olub ölkəmə töhfə vermək istəyirəm. Türkiyədən məzun olduqdan sonra Avropada da işləyə bilərsiniz. Texnologiya çox inkişaf edib, yeni cihazlar öyrənirəm. Tanzaniyaya qayıdanda bunları da izah edəcəyəm”.

Qazaxıstanlı tələbə: “Müəllimim ilk gün dedi ki, “Qazaxıstandan gələn yad olmaz, qardaş olar””

Hacettepe Universiteti Tibb fakültəsinin V kurs tələbəsi qazaxıstanlı Binura Makasheva ilk gündən ölkəsi ilə Türkiyə arasındakı qardaşlığı hiss etdiyini belə izah edib: “Müəllimim təhsilimin ilk günü dedi:

““Qazaxıstandan gələn yad olarmı? Biz qardaşıq”. O an türk dünyasının qardaşlığını hiss etdim. İki ölkə arasında səhiyyə sahəsində körpü qurmaq istəyirəm”. 

“Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan qazaxıstanlı Tomiris Badan isə deyib:

“Avropa və ya ABŞ diplomları çox danışılır, amma Türkiyədə təhsilin nə qədər güclü olduğunu şəxsən gördüm. Buradakı dərs keçmə üsulunu və əməkdaşlığa əsaslanan yanaşmanı çox sevirəm”.

Cənubi koreyalı tələbə: “Bəşəriyyətə töhfə vermək istəyirəm”

Cənubi koreyalı Yeseo Yook Cerrahpaşa Tibb fakültəsinin III kursunda oxuyur. Türkiyədə aldığı təhsili həm elmi, həm də klinik baxımdan dünya standartlarında gördüyünü bildirərək deyib:

“Türkiyə ilə Cənubi Koreya arasında tarixən güclü dostluq əlaqələri var. Mən də bu dostluğun bir parçası olmaqdan qürur duyuram. Həm iki ölkə arasındakı köklü əlaqələri daha da gücləndirməyi, həm də yaxşı həkim kimi bəşəriyyətə töhfə verməyi hədəfləyirəm”.

Nigeriyalı Əli: Universitet oxumağa gəldi, türklə nişanlandı, çaya şeir yazdı

Nigeriyalı Əli Fahd Ankara Universitetində Din sosiologiyası üzrə magistr təhsilini davam etdirir. Çox sevdiyi türk çayına şeir yazan Fahd deyib:

“Bu şeiri yazarkən əslində çayın istiliyini türklərin istiliyi ilə müqayisə etdim. Nişanlım türkdür. Türklərin tələbələrə verdiyi dəyər dünyanın heç bir yerində yoxdur”.

“Türkiyənin haqqı ödənməz”

Ali Fahd türklərin tələbəyə sanki müqəddəsmiş kimi yanaşdıqlarını bildirərək deyib:

“Bu, çox böyük bir şeydir. Təkcə buna görə belə tələbəlikdən çıxmaq istəmirəm. Universitetdə bir müəllimin yanına gedəndə dərhal “otur, çay, şokolada qonaq edim” deyir. Almaniyada olarkən bir müəllimin yanına getdim, hətta “otur” da demədi. Türkiyəyə töhfə vermək istəyirəm, çünki Türkiyənin haqqı ödənməz”.

İranlı tələbə: “Türk memarlığından ilham alıram”

Bilkent Universitetinin “Memarlıq” ixtisası üzrə təhsil alan iranlı Artin Banai Shahani deyib: 

“Türk memarlığından ilham alıram, öz mədəniyyətimi də burada dostlarıma izah edirəm. Ailəm Türkiyədə oxumağım üçün fədakarlıq edir. Burada öyrəndiklərimi bir gün İrana və ya başqa bir ölkəyə aparmaq istəyirəm”.

Stomatologiya fakültəsinin tələbəsi iranlı Arnita Shiri isə bildirib:

“Altı ildir Türkiyədə yaşayıram, artıq özümü həm iranlı, həm də türk kimi hiss edirəm”.

Cənubi Afrikalı tələbə: “Türklər dilimi anlamasalar belə kömək edirlər”

Cənubi Afrikalı Simphiwe Casey Zimba Ankara Universitetində Astronomiya və kosmik elmlər üzrə təhsil alır. Türkiyədə insanların yardımsevərliyindən çox təsirləndiyini bildirərək deyib:

“İnsanlar dilimi anlamasalar belə kömək etməyə çalışırlar. Türkiyəyə gəldim, yaxşı ki gəldim deyirəm. Türkiyədə “kolay gəlsin” deyə bir ifadə var. Bizim ölkədə belə bir şey yoxdur. Mən “kolay gəlsin” deyəndə endirim edirlər. Türkiyə mənim üçün bir nemət oldu”.

Hindistanlı tələbə: “Türkiyə ilə ölkəm arasında ticari əməkdaşlıq quracağam”

Ankara Yıldırım Beyazıt Universitetinin “İnşaat mühəndisliyi” ixtisası üzrə magistr tələbəsi hindistanlı Saaduddin Syed deyib:

“Daha əvvəl Türkiyədə təcrübə keçmişəm və ticarət proseslərini öyrənmişəm. Türkiyə ilə Hindistan arasında mədəni və ticari əməkdaşlıq qurmaq istəyirəm”.

Türkiyədə 350 min əcnəbi tələbə təhsil alır
Türkiyədə 350 min əcnəbi tələbə təhsil alır