Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Türkiyədə yerli özəl məktəblərin xarici adlardan istifadə etməsini qadağan edən yeni qayda qüvvəyə minib.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni tələblərə əsasən, əvvəllər lisenziya almış məktəblər də adlarını türk dilində, milli və mədəni dəyərlərə uyğun şəkildə dəyişməlidirlər.
Qərar azlıqların oxuduğu məktəblərə (fərqli etnik, dini və ya milli qrupa mənsub insanların uşaqları üçün fəaliyyət göstərən məktəblər), beynəlxalq təhsil müəssisələrinə və xarici dil kurslarına şamil olunmur.
Yeni adlar Türkiyənin milli təhsil sisteminin məqsədlərinə uyğunluğu baxımından qiymətləndiriləcək. Qaydalara əsasən, müəssisə adları türk dilində konkret məna ifadə etməli, milli, mənəvi və mədəni dəyərlərə uyğun olmalıdır.
Tənzimləmənin məqsədi mədəni aşınma, milli kimliyin zəifləməsi və dil yadlaşmasının qarşısını almaq, həmçinin xarici adların şagirdlərin psixososial inkişafına mənfi təsir göstərməsinə imkan verməməkdir.
Müəyyən edilmiş müddətdə adlarını dəyişməyən özəl məktəblərin inzibati tədbirlərlə üzləşəcəyi açıqlanıb.




