Türkiyədə sel təhlükəsinə görə məktəblərdə dərslər dayandırılıb

13 Fevral, 2026 - 15:26
Türkiyədə sel təhlükəsinə görə məktəblərdə dərslər dayandırılıb

Türkiyənin Antalya vilayətində güclü leysan və fırtına səbəbindən 7 rayonda təhsil müəssisələrində dərslər bir günlük dayandırılıb.

"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, intensiv yağıntı nəticəsində bir sıra yollarda su yığılması qeydə alınıb, çoxsaylı nəqliyyat vasitələri yollarda hərəkətsiz qalıb. Bəzi binaların zirzəmi və birinci mərtəbələrini su basdığı bildirilir.

Vilayət rəhbərliyinin açıqlamasına görə, qərar sel, su basqını, ildırım və nəqliyyatda yarana biləcək risklər nəzərə alınaraq qəbul edilib. Dərslər Alanya, Gazipaşa, Kumluca, Finike, Kaş, Demre və Kəmər rayonlarında dayandırılıb.

Rəsmi qurumlar hava şəraiti ilə əlaqədar vətəndaşları ehtiyatlı olmağa çağırıblar.