Türkiyədə təhsil alacaq DP qalibləri ilə görüş keçirilib
Avqustun 5-də 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Proqram iştirakçıları ilə onlayn görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə baş tutan görüşdə səfirliyin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, layihə rəhbəri Vüsalə Niftəliyeva və Dövlət Proqramı təqaüdçüləri iştirak ediblər.
Görüş zamanı Dövlət Proqramı iştirakçılarının Türkiyədəki təhsil müddətində sosial fəaliyyətlərinin dəstəklənməsi, onların universitet həyatına uğurlu inteqrasiyası və təmsilçilik fəaliyyəti istiqamətində məsələlərə toxunulub. Tələbələrə təhsil alacaqları ali təhsil müəssisələrinin təqdim etdiyi akademik imkanlardan səmərəli istifadə etmələri, universitetdaxili layihələrə, elmi-tədqiqat fəaliyyətinə diqqət ayırmaları və tələbə birliklərində fəal iştirak etmələri tövsiyə edilib.
Qədir Xəlilov tələbələri Dövlət Proqramı təqaüdçüsü adını qazanmaları münasibətilə təbrik edib, onlara olan etimadın böyük olduğunu diqqətə çatdıraraq akademik həyatlarında gənclərə uğurlar arzulayıb.
Daha sonra Müjdat Həsənov Proqram iştirakçılarının akademik və peşəkar nailiyyətlərinin geniş auditoriyaya çatdırılmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə daim tələbələrə dəstəyin göstəriləcəyini bildirib.
Görüşün sonunda tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə 19 nəfər Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.




