Türkiyədə xarici tələbələrin sayı 4 dəfə artıb – Azərbaycanlılar ön sıralardadır
Türkiyə universitetlərində təhsil alan xarici tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini ötüb.
"Azərbaycan müəllimi" Türkiyə KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı tələbələr Türkiyədə ali təhsil alan xarici vətəndaşlar arasında ən çox təmsil olunan qruplardandır.
Türkiyənin ali təhsil müəssisələrində beynəlxalq tələbələrin sayının artması ilə yanaşı, onların seçdiyi ixtisaslar da diqqət çəkir. Xarici tələbələrin ən çox üstünlük verdiyi sahə biznesin idarəedilməsidir. Növbəti yerlərdə tibb və kompüter mühəndisliyi qərarlaşıb.
Türkiyədə ali təhsil alan xarici tələbələr arasında Azərbaycanla yanaşı, Misir, Türkmənistan, Bolqarıstan və Rusiya vətəndaşları da üstünlük təşkil edir.
Məlumata görə, tələbələrin Türkiyəni seçməsində təhsil xərcləri, ölkələr arasında mədəni yaxınlıq və Türkiyəyə olan maraq əsas amillər sırasında göstərilir.
Xarici tələbələrin Türkiyəyə təsiri yalnız təhsil sektoru ilə məhdudlaşmır. Tələbələr təhsil aldıqları müddətdə yaşayış, nəqliyyat, qidalanma və səhiyyə xidmətlərindən istifadə edir, eyni zamanda mədəniyyət və turizm sahələrinə də töhfə verirlər. Onların ailə üzvləri və dostlarının Türkiyəyə səfərləri də bu iqtisadi hərəkətliliyə təsir göstərən amillərdən biri kimi qeyd olunur.
Bildirilir ki, beynəlxalq tələbələr ölkə iqtisadiyyatına birbaşa təxminən 3 milyard dollar, dolayı təsirlərlə birlikdə isə 6 milyard dollardan çox töhfə verir.




