Türkiyədəki Azərbaycan məktəbində Azərbaycanın tədris planı tətbiq olunacaq - Nazir
“Türkiyədə açılacaq ilk Azərbaycan məktəbi iki ölkə arasındakı qardaşlığın simvolu olacaq. Dövlət olaraq, bu müəssisədə təhsilin ən yaxşı şəraitdə verilməsini təmin edəcəyik”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib.
O qeyd edib ki, ehtiyacların qarşılanması çərçivəsində torpaq ayrılması da daxil olmaqla fiziki infrastruktura dair bütün lazımi dəstəyi göstərəcəklər. Təhsil proseslərinin nizamlı və sağlam şəkildə həyata keçirilməsi üçün müvafiq dövlət qurumları ilə koordinasiya quraraq məktəbin fəaliyyətini dəstəkləyəcəklər:
“Türkiyədə açılacaq bu ilk Azərbaycan məktəbi iki ölkə arasındakı dostluğun güclü bir simvolu olacaq və şagirdlərinə ortaq tarix və mədəniyyətimizə əsaslanan keyfiyyətli təhsil mühiti təqdim edəcək”.
Nazir əlavə edib ki, bu məktəbdə Azərbaycanın milli tədris planı tətbiq olunacaq və təhsil Azərbaycan dilində aparılacaq.
Türkiyədə Azərbaycan məktəb modelinin tətbiqi ilə bağlı hər hansı çətinliklərin yaranıb-yaranmamasına da münasibət bildirən Yusuf Tekin qeyd edib ki, ölkəsinin digər beynəlxalq məktəblərində olduğu kimi, bu məktəb də qanunvericilik çərçivəsində nəzərdə tutulmuş hüquq və imkanlardan istifadə edəcək, buna görə də hər hansı çətinlik yaranmayacaq:
“5580 saylı “Xüsusi təhsil müəssisələri haqqında” qanununa əsasən, ölkəmizdə xüsusi təhsil müəssisələri türk vətəndaşları və ya hüquqi şəxslər tərəfindən açıla bilər. Qanunun 2-ci maddəsində yalnız xarici vətəndaşların təhsil ala biləcəyi müəssisələr “beynəlxalq xüsusi təhsil müəssisəsi” kimi müəyyənləşdirilib. Bu çərçivədə diplomatik, mədəni və ya digər səbəblərlə ölkəmizdə olan xarici ölkə vətəndaşlarının uşaqları üçün beynəlxalq xüsusi məktəblər açmaq mümkündür.
Qanunun 5-ci maddəsi və müvafiq qaydalar bu müəssisələrin açılışı, tədris proqramları, işçi heyətinin təyinatı və nəzarət prinsiplərini ətraflı şəkildə tənzimləyir. Beynəlxalq məktəblərdə təhsil fəaliyyətləri türk dövlətinin bütövlüyünə və milli dəyərlərə zidd olmamalıdır. Bundan əlavə, bu müəssisələrdə tətbiq olunacaq proqramlar məktəb idarəsi tərəfindən hazırlanıb nazirliyin təsdiqinə təqdim edilir.
Bu çərçivədə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının uşaqları üçün yalnız xarici vətəndaşların təhsil ala biləcəyi, Azərbaycan tədris proqramının tətbiq olunduğu, Azərbaycan dilində təhsil verilən və Azərbaycan diplomu ilə məzun olmaq imkanı verən beynəlxalq məktəb açmaq qanunvericilik tələblərinin yerinə yetirilməsi şərti ilə mümkün olacaq”.



