Türkiyənin millət vəkilləri və səfiri TAU-nu ziyarət ediblər
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, millət vəkilləri Orhan Erdem və Ahmet Erbaş, eləcə də UID Azərbaycanın sədri Cengiz Aygör Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitet kollektivi ilə keçirilən görüşdə əvvəlcə TAU-nun rektoru dosent Nəcibə Nəsibova qonaqları salamlayaraq universitetin yaradılması, fəaliyyəti və tədris prosesi haqqında məlumat verib. Rektor bildirib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə təsis edilən Türkiyə-Azərbaycan Universiteti, iki qardaş ölkə arasında bütün sahələrdə mövcud olan strateji əlaqələrin təhsil sahəsindəki təzahürüdür. Yaradılan şəraitə görə iki qardaş ölkənin başçılarına təşəkkür edən Nəcibə Nəsibova universitetin açılmasında əsas məqsədin maddi imkanları məhdud ailələrin istedadlı uşaqlarına ölkə xaricinə getmədən Türkiyənin nüfuzlu universitetləri tərəfindən təhsil verilərək peşəkar mütəxəssis kimi yetişdirilmələri olduğunu vurğuladı. TAU-da tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verən rektor qeyd edib ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində TAU-da Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin (İTÜ) sənaye mühəndisliyi və Hacettepe Universitetinin qida mühəndisliyi proqramları həyata keçirilir. O, dərslərin tərəfdaş universitetlərin tanınmış professor-müəllim heyəti tərəfindən aparıldığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün TAU-nu yeni nəsil ali təhsil müəssisəsi kimi səciyyələndirib. Səfir qeyd edib ki, TAU-da kompüter, sənaye və mühəndisliyi proqramlarının tədrisi Türkiyənin nüfuzlu və beynəlxalq reytinq dərəcəli universitetləri tərəfindən həyata keçirilir. O, Türk dünyasının yüksəliş dövrünə qədəm qoyduğunu, 21-ci əsrdə ölkələrimizin daha da inkişaf etməsi üçün peşəkar və milli təəssübkeşliyə sahib kadrlara ehtiyac olduğunu bildirib. Universitetin rektoru Nəcibə Nəsibovanın təhsil sahəsindəki böyük təcrübəsi ilə bu işə töhfə verəcəyinə əminliyini ifadə edən səfir bütün qonaqlara təşəkkür edib.
Konya millət vəkili Orhan Erdem isə çıxışında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda ortaq universitetlərin qurulduğunu və TAU-nun xüsusilə seçildiyini qeyd edib. Millət vəkili eyni zamanda universitetin inkişafı üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıb və TAU kollektivinə uğurlar arzulayıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxışında iki ölkə arasında qardaşlıq münasibətlərinin anaların duası, şəhidlərin qanı ilə yoğrulduğunu bildirib. Prezidentlər cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətlərinin təhsil sahəsində strateji əməkdaşlığa mühüm töhfə verdiyini vurğulayan millət vəkili, bu əlaqələrin daimi və sarsılmaz olduğunu ifadə edib. Sonda millət vəkili universitet kollektivinə uğurlar arzulayıb.
Millət vəkili Ahmet Erbaş isə çıxışında TAU-ya ümidlərin böyük olduğunu vurğulayaraq, səmimi qarşılanma və qonaqpərvərlik üçün rektor Nəcibə Nəsibovaya təşəkkür edib.




