Ülkər Səttarova ADPU-nun Quba filialının kollektivi ilə görüşüb

8 İyul, 2026 - 13:01
Ülkər Səttarova ADPU-nun Quba filialının kollektivi ilə görüşüb

​Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olub. Səfər çərçivəsində Ü.Səttarova filialın rəhbərliyi və pedaqoji heyəti ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, ADPU-nun Quba filialının direktoru, professor Yusif Aliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinə filialda son illərdə aparılan köklü struktur islahatları, tədrisin keyfiyyətinin yüksəldilməsi və regionda pedaqoji kadr hazırlığının müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Professor Yusif Aliyev filialın beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayaraq bildirib ki, əsas hədəf ADPU-nun Quba filialını regional təhsil mərkəzi olmaqla yanaşı, həm də beynəlxalq tərəfdaşlıqların fəal iştirakçısına çevirməkdir.

Filial direktorunun sözlərinə görə, xarici universitetlərlə qurulan elmi və akademik əməkdaşlıq, ortaq konfranslar və təcrübə mübadilələri həm professor-müəllim heyətinin potensialını artırır, həm də tələbələrə qlobal təhsil trendlərinə inteqrasiya olunmaq imkanı yaradır. Təhsil proqramlarının beynəlxalq standartlar səviyyəsində qurulması bu regional ali təhsil ocağının rəqabətədavamlılığını təmin edən ən mühüm amildir. İşgüzar şəraitdə keçən görüş zamanı universitetdə elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə dair strateji hədəflər, müəllim hazırlığının təkmilləşdirilməsi, yeni təhsil proqramlarının hazırlanması və mövcud təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin pedaqoji heyətin rəy və təklifləri dinlənilib.

Sonra Ülkər Səttarova filialın maddi-texniki bazasına, tədris auditoriyalarına və həyətyanı sahəyə baxış keçirərək ali təhsil müəssisəsinin mövcud şəraiti və həyata keçirilən yeniliklərlə tanış olub.

Ülkər Səttarova ADPU-nun Quba filialının kollektivi ilə görüşüb
Ülkər Səttarova ADPU-nun Quba filialının kollektivi ilə görüşüb
Ülkər Səttarova ADPU-nun Quba filialının kollektivi ilə görüşüb