Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə maarifləndirici görüş təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən görüş Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün elan etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizinə həsr edilib.
Əsas məqsəd təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində təhlükəsizlik mədəniyyətinin təşviqi, işçilərin sağlamlığının qorunmasına diqqətin artırılması və bu sahədə mövcud çağırışların müzakirəsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, komitənin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, baş mütəxəssisi Rəşad Səlimov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin əmək müfəttişi Murad Əliyev, eləcə də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Səbail rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov, həmçinin Bakı şəhəri üzrə rayon həmkarlar komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, əmək mühitində yalnız fiziki təhlükəsizlik deyil, eyni zamanda psixoloji rifahın təmin olunması da mühüm əhəmiyyət daşıyır.
Çıxışlar zamanı əmək qanunvericiliyinə nəzarət, iş yerlərində təhlükəsizlik qaydalarının tətbiqi, fövqəladə hallara hazırlıq və profilaktik tədbirlər, eləcə də təhlükəsiz və sağlam əmək mühitinin yaradılmasının əhəmiyyəti barədə geniş məlumat verilib.
Görüş çərçivəsində mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Sonda vurğulanıb ki, təhlükəsiz və sağlam əmək mühitinin yaradılması dövlət qurumları, həmkarlar ittifaqları və işəgötürənlər arasında səmərəli əməkdaşlıq nəticəsində mümkün olur və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Məlumat üçün bildirək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə aprel ayı ərzində Şəki şəhərində, eləcə də Masallı, Salyan, Quba və Göygöl rayonlarında Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı silsilə tədbirlər keçirilib.



