UNEC Avropada elmi əməkdaşlığı genişləndirir
UNEC-in alimləri elmi fəaliyyətlərini Avropanın aparıcı universitetlərində davam etdiriliblər.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin 6 tədqiqatçısı Belçika, Almaniya, İtaliya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində elmi ezamiyyətlərdə olub. Alimlər fərqli sahələr üzrə tədqiqatlar apararaq, yeni əməkdaşlıqların əsasını qoyublar və birgə elmi fəaliyyətlər üzrə razılaşmalar əldə ediblər.
UNEC alimlərinin nanoölçülü materialları Belçikanın müasir laboratoriyalarında araşdırılıb
UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev və Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri dosent Tural Nağıyev Belçikanın Gent Universitetinə elmi səfər çərçivəsində universitetlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüşlər keçiriblər.
Səfər zamanı UNEC-də hazırlanmış yeni nəsil nanoölçülü materiallar Gent Universitetinin müasir laboratoriya imkanları əsasında tədqiq olunub və həmin materialların elmi-tətbiqi potensialı qiymətləndirilib.
Görüşlərin nəticəsi olaraq tərəflər arasında uzunmüddətli elmi əməkdaşlıq perspektivləri müəyyən edilib. Əməkdaşlıq çərçivəsində 2026-cı ilədək bir sıra birgə elmi məqalələrin hazırlanması, eləcə də Gent Universiteti alimlərinin UNEC-də keçiriləcək beynəlxalq elmi konfranslarda daha geniş iştirakının təmin edilməsi barədə razılıqlar əldə olunub.
Süni intellektdən karbon emissiyalarına: Almaniya təcrübəsi
UNEC-in tədqiqatçı müəllimi, i.f.d. Həsrəddin Quliyev Almaniyanın nüfuzlu Fridrix-Aleksandr Universitetində üç həftəlik elmi ezamiyyətdə olub. Səfər çərçivəsində o, universitetin Biznes Məktəbi nəzdində həyata keçirilən tədqiqatlarla tanış olub, dairəvi iqtisadiyyat və süni intellektin iqtisadi təsirləri üzrə müasir yanaşmaları öyrənib.
Ezamiyyət zamanı Almaniyada karbon emissiyalarının ölçülməsi üçün yaradılmış məlumat bazası, karbon vergisi mexanizmləri və süni intellektin əmək bazarına təsiri ilə bağlı müzakirələr aparılıb. Nəticə etibarilə UNEC ilə Fridrix-Aleksandr Universiteti arasında birgə elmi tədqiqatların aparılması barədə razılıq əldə olunub və 2026-cı ildə süni intellektin işsizliyə təsirini araşdıran birgə məqalənin dərc olunması planlaşdırılır.
İtaliyada enerji və makroiqtisadiyyat araşdırmaları
UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Suqra Hümbətova ilə “Riyaziyyat və statistika” kafedrasının dosenti Vüsalə Teymurova bir ay müddətində İtaliyanın Luigi Vanvitelli Kampaniya Universitetində (Universita degli Studi della Campania Luigi Vanvitelli) tədqiqat aparıblar.
Araşdırmalar çərçivəsində Azərbaycan-İtaliya enerji münasibətləri, dünya neft bazarında qiymət dəyişkənliyinin makroiqtisadi göstəricilərə təsiri təhlil edilib. Tədqiqat nəticələrinin Scopus indeksli jurnalda dərc olunması nəzərdə tutulur. UNEC alimləri eyni zamanda İtaliyanın digər ali təhsil müəssisəsində keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Türkiyədə yeni nəsil kimyəvi birləşmələr üzərində tədqiqatlar
Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Aytən Niyazova isə Türkiyənin Yıldız Texnik Universitetində elmi ezamiyyətdə olaraq UNEC-də sintez edilmiş iki yeni kimyəvi birləşməni müasir laboratoriyalarda tədqiq edib.
Araşdırmalar zamanı maddələrin daxili quruluşu, sabitliyi və qarşılıqlı təsirləri öyrənilib, onların gələcək elmi və praktik tətbiqləri üçün perspektivləri müəyyən edilib. Bu tədqiqatlar əsasında beynəlxalq elmi jurnalda məqalə dərc olunması planlaşdırılır. Səfər çərçivəsində UNEC ilə Yıldız Texnik Universiteti arasında birgə elmi layihələr üzrə razılaşmalar da əldə edilib.
Görüşlər zamanı UNEC-in "Scopus" bazasında indekslənmiş beynəlxalq elmi jurnalı JEAS (UNEC Journal of Engineering and Applied Sciences) tərəfdaşlara təqdim olunub və jurnalla bağlı mümkün elmi əməkdaşlıq imkanları müzakirə edilib.


