Universitet məzunu niyə “hazır kadr” sayılmır?
Universitet diplomu uzun illər hər bir gəncin əmək bazarına açılan əsas qapısı sayılıb. Amma bu gün həmin qapı hər kəs üçün eyni dərəcədə açılmır. Minlərlə məzun illərlə oxuduğu ixtisas üzrə iş tapa bilmir, işəgötürənlər isə “hazır kadr” axtardıqlarını deyirlər. Bu ziddiyyət əsas sualı gündəmə gətirir: universitetlər tələbələri real iş həyatına nə dərəcədə hazırlayır?
Dövlət Məşğulluq Agentliyinin 2018–2023-cü illəri əhatə edən “Məzunların məşğulluq reytinqi” də bu mənzərəni təsdiqləyir. Statistikaya görə, bəzi universitet və ixtisaslarda məzunların əmək bazarına çıxışı xeyli zəifdir. Digər tərəfdən, mühəndislik, tibb və biznes yönümlü ixtisaslar daha yüksək məşğulluq nəticələri ilə önə çıxır.
Bu fərq sadəcə ixtisas seçimindən qaynaqlanır, yoxsa universitetlərin verdiyi təhsilin praktik dəyərindən? Məzun iş axtarmalıdır, yoxsa universitet məzunu əmək bazarına hazır şəkildə çıxarmalıdır?
“Tələbə universiteti bitirənə qədər real iş mühiti ilə təmasda olmalıdır”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Təcrübə şöbəsinin müdiri Zümrüd Hüseynova mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, universitet tələbəyə baza bilikləri, peşə istiqaməti verir, lakin işə tam hazır olmaq təkcə diplomla mümkün deyil: “İş mühiti sürət, məsuliyyət, kommunikasiya və təşəbbüskarlıq tələb edir. Bu bacarıqların bir qismi universitet illərində formalaşsa da, böyük hissəsi real iş mühitində inkişaf edir. Əsas məqsədimiz odur ki, tələbə məzun olduqda sıfırdan başlamasın, ən azı iş mühitinə adaptasiya baxımından hazır olsun. Tələbə universiteti bitirənə qədər ən azı bir neçə mərhələdə, mümkün qədər aşağı kurslardan başlayaraq real iş mühiti ilə təmasda olmalıdır. Birinci kursda müşahidə xarakterli tanışlıq, sonrakı kurslarda isə daha aktiv iştirak formatı effektiv nəticə verir. İş mühitini yalnız son kursda görən tələbə üçün adaptasiya prosesi çətin olur. Tələbə təhsil aldığı dövr ərzində ixtisası haqqında ən azı ilkin və aydın təsəvvürə malik olmalıdır. Bu məqsədlə istehsalat təcrübələrinin daha səmərəli təşkil olunması üzərində çalışmaq lazımdır”.
Universitetdə keçirilən dərslər real iş tələbləri ilə uyğunlaşırmı?
Mütəxəssis qeyd edir ki, universitetdə keçirilən dərslərlə real iş tələblərinin üst-üstə düşdüyünü söyləmək çətindir, çünki istehsalat və sənaye çox sürətlə dəyişir, universitet proqramları isə müəyyən çərçivə və standartlar əsasında formalaşır: “Nəzəri bilik vacibdir, çünki o olmadan peşəkar düşüncə formalaşmır. Lakin təkcə nəzəriyyə kifayət etmir. Bu səbəbdən hazırda əsas hədəf nəzəri biliklə praktikanı paralel aparmaqdır. Məsələn, ADNSU-da sənaye tərəfdaşlıqları, müəssisələrlə birgə təcrübə proqramları və tələbələrin real layihələrə cəlb edilməsi istiqamətində işlər aparılır. Məqsədimiz dərsdə əldə olunan biliklə əmək bazarının tələb etdiyi bacarıqlar arasında uyğunluğu artırmaqdır”.
“Məzunun iş tapa bilməməsi məsələsi bir tərəfin məsuliyyəti deyil”
Z.Hüseynovanın fikrincə, əgər məzun iş tapa bilmirsə, burada günahkar sadəcə bir tərəf deyil: “Bu gün diplom təkbaşına kifayət etmir. Diplom əsasdır, amma həlledici amil deyil. Məzunun iş tapa bilməməsi məsələsi bir tərəfin məsuliyyəti deyil. Burada tələbənin şəxsi təşəbbüsü, universitetin verdiyi hazırlıq səviyyəsi və əmək bazarının tələbləri birlikdə rol oynayır. Tələbə də aktiv olmalı, əlavə bacarıqlar qazanmalı, təcrübə proqramlarında iştirak etməlidir. Universitet isə əmək bazarı ilə əlaqələri gücləndirməli, praktik imkanları artırmalıdır. Bu, ortaq məsuliyyətdir.
Universitetdə təşkil olunan təcrübələrin real iş mühiti ilə nə dərəcədə üst-üstə düşdüyü məsələsinə gəlsək, düşünürəm ki, əvvəlki illərdə təcrübə proqramlarının müəyyən hissəsi formal xarakter daşıyırdı. Bu, təkcə bizim universitetə xas problem deyildi, ümumilikdə təhsil - əmək bazarı əlaqələrinin zəif qurulmasından irəli gəlirdi. Lakin hazırda əsas hədəf məhz bu formallıqdan uzaqlaşmaqdır. Biz müəssisələrlə daha konkret, tapşırıq və nəticə əsaslı təcrübə mexanizmləri qurmağa çalışırıq ki, tələbə sadəcə “təcrübəni başa vurdu” statusu almasın, real iş proseslərinə cəlb olunsun, məsuliyyət daşısın və praktik bacarıqlar qazansın.
Qeyd edək ki, bu yanaşma beynəlxalq təcrübədə də əsas prinsip kimi qəbul olunur. Məsələn, Almaniyada “dual təhsil” modeli çərçivəsində tələbələr təhsil müddətinin əhəmiyyətli hissəsini birbaşa müəssisələrdə keçirir və real layihələr üzərində işləyirlər. Qabaqcıl iş təcrübəsinə malik ABŞ və Böyük Britaniyada universitetlərdə tədrisin ayrılmaz hissəsi olan proqramlar var ki, bu proqramlar vasitəsi ilə tələbələrin böyük hissəsi məzun olmamışdan əvvəl artıq real iş mühitində təcrübə qazanır və bu, onların məşğulluq şansını əhəmiyyətli dərəcədə artırır.
Bizdə də bu istiqamətdə hələ görülməli işlər var, lakin dinamika müsbətdir. Əsas məqsəd ondan ibarətdir ki, məzun yalnız diplomla deyil, eyni zamanda real iş təcrübəsi, praktik bilik və bacarıqlarla əmək bazarına daxil olsun. Məhz bu yanaşma universitet təhsilinin real iş mühiti ilə üst-üstə düşməsini təmin edən əsas amildir”, – deyə Z.Hüseynova əlavə edib.



