Universitetlər elmi bilikləri real nəticələrə çevirməlidir - Fil Bati

16 İyul, 2026 - 11:00
Universitetlər elmi bilikləri real nəticələrə çevirməlidir

“Qlobal səviyyəli universitet olmaq uğrunda rəqabət yeni mərhələyə qədəm qoyur. Artıq yalnız nüfuzlu elmi-tədqiqatlar aparmaq kifayət etmir. Universitetlər getdikcə daha çox bilikləri innovasiyaya, sənaye tərəfdaşlıqlarına və real dünyaya təsir göstərən nəticələrə nə dərəcədə uğurla çevirdiklərinə görə qiymətləndirilirlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Times Higher Education” (THE) şirkətinin Qlobal məsələlər üzrə baş direktoru Fil Bati “The Korea Times” qəzetinə müsahibəsində bildirib.

Fil Batinin müasir dünyada universitetlərin əsas missiyaları, dünya universitetlərinin yeni uğur meyarları və hədəfləri barədə fikirlərini oxucularla bölüşürük.

Fil Bati qeyd edir ki, aparıcı universitetlər göstərməlidirlər ki, onların fəaliyyəti təkcə akademik elmə deyil, həm də innovasiyaya, sənayeyə, dövlət siyasətinə və qlobal problemlərin həllinə töhfə verir: “Müasir qlobal tədqiqat universiteti öz ideyalarını əqli mülkiyyət, sənaye ilə əməkdaşlıq və patentlər vasitəsilə real dünyaya tətbiq etməyi bacarmalıdır”.

Onun sözlərinə görə, tədqiqatçılıq fəaliyyəti uzun illərdir ki, THE-nin dünya universitetləri reytinqinin əsasını təşkil edir. Bu, təşkilatın ilkin missiyasını gələcək tələbələr üçün bələdçi olmaqdan daha çox, hökumətlərə və universitet rəhbərlərinə tədqiqat sahəsində rəqabət qabiliyyətini müqayisə etməyə kömək etməsini əks etdirir. "Times Higher reytinqlərinin ilkin konsepsiyası, əslində, universitetlərin strateji rəhbərləri və hökumətlər üçün nəzərdə tutulmuşdu", - deyən F.Bati bildirib ki, beynəlxalq rəqabət qabiliyyətinin əsas sahəsi tədqiqatlar idi. 

F.Bati hesab edir ki, hazırda tədqiqat mükəmməlliyi anlayışı dəyişməkdədir. Elmi nəşrlər və onlara edilən istinadlar hələ də vacib olsa da, universitetlərdən artıq öz kəşflərinin cəmiyyət üçün necə real fayda yaratdığını nümayiş etdirmək də gözlənilir.

“Əgər iqtisadi və sosial baxımdan real təsir göstərdiyinizi sübut edə bilmirsinizsə, sizi həqiqətən dünya səviyyəli universitet hesab etmək olmaz”, - deyə o bildirib. Onun sözlərinə görə, bu geniş yanaşma THE-nin reytinq metodologiyasında da öz əksini tapıb.
F.Bati elmi tədqiqatların innovasiyaya və iqtisadi təsirə çevrilməsini universitetlərin “üçüncü missiyası” adlandırır. Bu transformasiyanı nəzərə alan THE 2023-cü ildə patent göstəricisini reytinq sisteminə daxil edib.  “Universitetlər laboratoriyalarda yaranan ideyaları real həyata tətbiq etməklə iqtisadiyyata təkan verirlər. Onlar dünyanın ən böyük problemlərini həll etməyə kömək edən və iqtisadi artımı stimullaşdıran yeni biliklər yaradırlar”.

Koreyanın bu dəyişiklik üçün ən əlverişli mövqedə olan ölkələrdən biri olduğunu deyən F.Batinin sözlərinə görə, bir çox Koreya universitetləri sənaye ilə sıx tərəfdaşlıqlar qurub, patentlər və texnologiya transferi sahəsində güclü nəticələr əldə ediblər. "Koreya bunu son dərəcə uğurla həyata keçirir. Şərqi Asiyanın bir çox universitetləri bu sahədə Qərb universitetlərini xeyli qabaqlayırlar. Onlar ölkənin iqtisadi ehtiyacları ilə daha sıx əlaqəlidirlər". Lakin, onun fikrincə, universitetlərin real dünyaya təsirini ölçmək elmi məqalələrin və ya istinadların sayını hesablamaqdan daha çətindir. 

 F.Bati qeyd edir ki, THE hazırda siyasət istinadları, media istinadları, spin-offlar və bilik ötürülməsinin digər formaları da daxil olmaqla, yeni məlumat mənbələrini nəzərdən keçirir.  Bununla yanaşı, sosial media əhatə dairəsi və ya mediada görünürlük kimi göstəricilər xüsusi ehtiyatla qiymətləndirilməlidir. Çünki onlar dil, mədəniyyət və müxtəlif platformaların populyarlığından ciddi şəkildə təsirlənir və bu da qlobal müqayisələri çətinləşdirir. “Biz tədqiqat ekosistemini daim yenidən qiymətləndiririk. Ancaq hansısa göstəricini tam ədalətli, qlobal və elmi baxımdan etibarlı olduğuna əmin olmayınca reytinqə daxil etmərik”.

Qlobal problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq

Universitetlər daha böyük qlobal təsir göstərməyə çalışdıqca, beynəlxalq əməkdaşlıq da rəqabət üstünlüyünün mühüm mənbəyinə çevrilir. Süni intellekt (AI), iqlim dəyişikliyi və yoxsulluq kimi problemlər ayrı-ayrı ölkələrin səylərindən deyil, qlobal elmi əməkdaşlıqdan asılıdır. "İqlim dəyişiklikləri ilə mübarizə, yoxsulluğun aradan qaldırılması və ya süni intellektin yaratdığı texnoloji dəyişikliklər kimi məsələlər qlobal səylər tələb edir. Universitetlər biliklərini qlobal səviyyədə paylaşmalıdırlar", - deyə THE rəsmisi bildirib. 

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq təkcə elmi kəşflərin inkişafı üçün deyil, həm də universitetlərin beynəlxalq nüfuzunun və təsirinin artırılması baxımından getdikcə daha vacib olur. Bu, Koreyanın ali təhsil sistemi üçün hələ də ən böyük problemlərdən biridir. Tədqiqat məhsuldarlığı, patentlər və sənaye ilə əməkdaşlıq sahəsində yüksək nəticələr əldə edilməsinə baxmayaraq, Koreya universitetləri beynəlxalq həmmüəlliflik göstəricilərinə görə hələ də bir çox aparıcı universitetlərdən geri qalırlar. Onun fikrincə, xarici alimlərlə daha geniş əməkdaşlıq Koreya elminin qlobal miqyasda tanınmasını əhəmiyyətli dərəcədə artıracaq. 
"Dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılarla nə qədər çox əməkdaşlıq etsəniz, bir o qədər çox insan Koreya elmini tanıyacaq. Dünyaya Koreya elminin nə qədər yüksək səviyyədə olduğunu göstərmək lazımdır".

O qeyd edib ki, ali təhsil sistemi inkişaf etdikcə, THE də öz qiymətləndirmə çərçivəsini necə yeniləməli olduğunu araşdırır. Hazırda nəzərdən keçirilən istiqamətlərdən biri tədqiqat dürüstlüyüdür. Çünki elmi nəşrlər və istinad sistemləri manipulyasiya, süni şəkildə yaradılmış istinad şəbəkələri (citation cartels) və süni intellekt tərəfindən hazırlanmış məzmun kimi artan risklərlə üzləşir. F. Bati bildirib ki, THE həmçinin universitetlərin süni intellekti tədris, tədqiqat, idarəetmə və institusional strategiyaya necə inteqrasiya etdiyini qiymətləndirəcək Rəqəmsal və Süni İntellekt Yetkinliyi İndeksi (Digital and AI Maturity Index) hazırlayır. Lakin o vurğulayıb ki, hər iki təşəbbüs hələ inkişaf mərhələsindədir. "Əgər bu layihə lazımi səviyyədə inkişaf etsə və qlobal miqyasda kifayət qədər etibarlı məlumatlar əldə edə bilsək, nəzəri cəhətdən gələcəkdə onu dünya universitetləri reytinqinə inteqrasiya etmək mümkün ola bilər". 

Reytinqlər istiqamətləndirici olmalı, təhrikedici olmamalıdır

F.Bati qlobal reytinqlərin universitetləri yalnız yüksək bal toplamağa sövq etdiyi barədə tənqidlərlə də razılaşmayıb. Onun fikrincə, reytinqlər universitetlərin özlərini qlobal rəqiblərlə müqayisə etmələrinə və ali təhsildə yaranan yeni tendensiyaları daha yaxşı başa düşmələrinə kömək edən strateji informasiya mənbəyi rolunu oynamalıdır. 

"Reytinqlər universitetlərə strategiyanın formalaşdırılmasında dəstək göstərə bilər. Onlar strategiyanı idarə etməməlidir". F.Bati bildirib ki, reytinqlərin məqsədi universitetlərə strateji məlumat və müqayisə imkanları təqdim etməkdir, onların davranışını diktə etmək deyil.   

O qeyd edib ki, universitetlər süni intellekt dövrünə və getdikcə daha rəqabətli qlobal mühitə uyğunlaşdıqca reytinqlərin rolu vahid uğur modelini diktə etmək deyil, universitetlərin öz inkişaf yollarını müəyyənləşdirmələri üçün lazım olan etibarlı məlumat bazasını təqdim etməkdir.

"Biz özümüzü ali təhsil sektorunu dəstəkləyən bir qurum kimi görməliyik, sektorun necə fəaliyyət göstərməli olduğunu diktə edən qurum kimi yox", - deyə F.Bati bildirib.