Uşaq oyuncağı niyə sındırır: Aqressiyadan, yoxsa maraqdan?
Uşaqlar oyun zamanı bəzən oyuncaqlarını sökür, hissələrə ayırır və ya sındırırlar. Dünya təcrübəsində, o cümlədən Yaponiya ilə bağlı nümunələrdə bu davranışa uşağın ətraf aləmi araşdırmaq və öyrənmək marağı baxımından da yanaşılır. Bəs oyuncaqların sındırılması hansı hallarda uşağın təbii inkişaf xüsusiyyətləri ilə əlaqəli ola bilər və valideynlər belə vəziyyətlərdə necə davranmalıdırlar?
“Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin dekanı Nailə Hüseynova bildirib ki, uşaqların oyun zamanı oyuncaqları sındırması hər zaman aqressiv davranışla əlaqəli deyil:
“Uşaqlar bir çox hallarda oyuncaqları ətrafa ziyan vurmaq məqsədilə deyil, yaş və psixoloji xüsusiyyətlərindən irəli gələn səbəblərə görə sındırırlar. Bunlardan biri onların araşdırmaq və öyrənmək marağıdır. Məsələn, uşaq oyuncaq maşının təkərinin niyə fırlandığını, içərisində nə olduğunu, yaxud səsli oyuncağın necə işlədiyini öyrənmək istəyir. Bu məqsədlə oyuncağı sökə, hissələrə ayıra bilər. Məktəbəqədər yaşlı uşaqlar üçün bu, ətraf aləmi və əşyaların xüsusiyyətlərini öyrənmək üsullarından biridir”.
N.Hüseynovanın sözlərinə görə, oyuncaqların sındırılmasının digər səbəbi onların uşağın yaşına uyğun seçilməməsidir:
“Nümunə olaraq, iki yaşlı uşağa dörd-beş yaşlı uşaqlar üçün nəzərdə tutulan oyuncaq verildikdə o, həmin əşyanın funksiyasını və necə istifadə olunmalı olduğunu anlamaya bilər. Buna görə də oyuncaqla öz yaşına və mövcud bacarıqlarına uyğun davranır, onu vurur, fırladır və ya hissələrini çıxarmağa çalışır”.
Müsahibimiz qeyd edib ki, uşaqların emosional vəziyyəti də oyun zamanı davranışlarına təsir göstərə bilər:
“Məktəbəqədər yaşlı uşaqlar bəzən qəzəb, yorğunluq və həyəcan kimi hissləri tam dərk etməkdə və ifadə etməkdə çətinlik çəkirlər. Belə vəziyyətlərdə oyuncağı vurmaq və ya sındırmaq onların emosional gərginliyinin ifadəsinə çevrilə bilər. Bəzi hallarda isə uşaq böyüklərin diqqətini özünə cəlb etmək üçün bu cür davranır. Həmçinin uşaqlarda hərəkətlərə nəzarət bacarığı hələ tam formalaşmadığından oyuncaq istəmədən də sına bilər”.
N.Hüseynova bildirib ki, uşağın oyuncağı sökməsinə və ya sındırmasına münasibət bildirərkən ilk növbədə davranışın səbəbi müəyyənləşdirilməlidir:
“Uşağın oyuncağı araşdırmaq məqsədilə sökməsi ilə qəzəb və gərginlik nəticəsində sındırması eyni hal deyil. Valideyn onun nəyi öyrənmək istədiyini, həmin anda hansı hissləri keçirdiyini anlamağa çalışmalıdır. Əsas məsələ uşağı danlamaq deyil, davranışının səbəbini müəyyənləşdirmək və ona düzgün istiqamət verməkdir”.
Onun sözlərinə görə, belə hallarda valideynin sakit münasibəti və uşaqla ünsiyyəti xüsusi əhəmiyyət daşıyır:
“Valideyn qışqırmadan, aqressiya göstərmədən uşağa yaxınlaşmalı, "Bu oyuncağı niyə sökmək istəyirsən?", "Onun içərisində nə olduğunu bilmək istəyirsən?" kimi suallar verməlidir. Əgər uşaq hansısa oyunu qura bilmədiyi üçün əsəbiləşibsə, ona kömək etmək, oyuncağın necə istifadə olunduğunu birlikdə göstərmək olar. Bu yolla həm uşağın marağını dəstəkləmək, həm də ona əşyalarla düzgün davranmağı öyrətmək mümkündür”.
N.Hüseynova valideynlərin oyuncaq sındıqdan dərhal sonra yenisini almasını da düzgün yanaşma hesab etmir:
“Bəzən valideynlər uşaq ağlamasın deyə sınmış oyuncağın əvəzinə dərhal yenisini alırlar. Halbuki uşaq öz davranışının nəticəsini də anlamalıdır. Oyuncaq sındıqda onu uşağın iştirakı ilə təmir etməyə, hissələrini yerinə qoymağa çalışmaq daha məqsədəuyğundur. Beləliklə, uşaq həm əşyalara qayğı ilə yanaşmağı, həm də etdiyi hərəkətin nəticələrini başa düşməyi öyrənir”.




