Uşaqlar ağac əkərək təbiətə öz töhfələrini veriblər
"Günəş" icma əsaslı məktəbəqədər layihə çərçivəsində 3-5 yaşlı uşaqların təbiətə sevgisini artırmaq və ekoloji şüurunu formalaşdırmaq məqsədilə tərbiyəçi ilə birlikdə ağacəkmə aksiyası təşkil edilib. Bu fəaliyyət uşaqlarda məsuliyyət hissini gücləndirir və onlara ətraf mühitin qorunmasının vacibliyini öyrədir.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin məqsədi ərazi üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması və uşaqların inkişaf sahəsini əhatə edən bacarıqlarının formalaşdırılmasıdır.
Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.
Xatırladaq ki, "Günəş" icma əsaslı məktəbəqədər layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən "2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili üzrə" qrant proqramı çərçivəsində Seyidova Ülviyyə tərəfindən Bakı şəhəri Zabrat qəsəbəsi Yeni Yaşayış Sahəsində icra olunur.



