Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün praktik kitabça hazırlanıb

5 Avqust, 2026 - 16:24
Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün praktik kitabça hazırlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilən “Evdə təhsilə cəlb olunan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin və onların ailələrinin dəstəklənməsi” layihəsi çərçivəsində “Evdə təhsil üçün praktiki təlimat kitabçası” hazırlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Evdə təhsil üçün praktiki təlimat kitabçası” xüsusi qayğıya ehtiyacı olan şagirdlərin və onların ailələrinin evdə təhsil prosesində dəstəklənməsi məqsədilə hazırlanıb. Kitabçada valideynlər, müəllimlər və xüsusi təhsil sahəsində çalışan mütəxəssislər üçün evdə təhsil prosesində istifadə oluna biləcək praktik yanaşmalar və metodlar təqdim olunur.

Kitabçanı ödənişsiz şəkildə https://www.autizmportali.az/evde-tehsil saytına daxil olaraq oxumaq mümkündür.

Kitabçada motivasiya sistemləri, "Touch Math" – xüsusi riyazi hesablama üsulu, fürsət tədrisi metodu, davranış kontraktları və fəaliyyət cədvəlləri kimi mövzular əhatə olunur.

Motivasiya sistemləri bölməsində uşaqların yeni bacarıqlarının öyrənilməsini, öyrənilən bilik və bacarıqların davamlılığını, təlim prosesində diqqət və iştirakın artırılmasını dəstəkləyən yanaşmalar izah edilir.

Kitabçanın mühüm bölmələrindən biri Touch Math metoduna həsr olunub. Metod rəqəmlərin üzərində yerləşdirilən nöqtə və xətlər vasitəsilə uşaqlara sayma və hesablama bacarıqlarının daha konkret və vizual şəkildə öyrədilməsini nəzərdə tutur. Kitabçada bu metodun diqqətin cəmlənməsi, yaddaşın möhkəmləndirilməsi, sayma, toplama və çıxma bacarıqlarının inkişafı, müstəqil işləmə və özünəinamın artırılmasında rolu izah olunur.

Təlimat kitabçasında fürsət tədrisi metoduna da yer verilir. Bu yanaşma uşağın təbii mühitdə yaranan maraq və təşəbbüslərindən istifadə etməklə öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur. Metodun evdə, məktəbdə və gündəlik həyatın müxtəlif situasiyalarında tətbiqinə dair izahlar təqdim olunur.

Fürsət tədrisinin tətbiqi zamanı uşağın təşəbbüs göstərməsi üçün gözləmək, sadə və aydın suallar vermək, ehtiyac yarandıqda ipucu təqdim etmək və uşaq istəyini uyğun şəkildə ifadə etdikdən sonra həmin əşya və ya fəaliyyətə çıxışını təmin etmək kimi mərhələlər izah edilir.

Kitabçada davranış kontraktlarının anlayışı, strukturu, məqsədi və müxtəlif mühitlərdə tətbiqi də təqdim olunur. Burada gözlənilən davranışların konkret və ölçülə bilən şəkildə müəyyənləşdirilməsi, davranışın icra şərtlərinin göstərilməsi və uyğun motivasiyaedicilərin müəyyən edilməsi əsas komponentlər kimi izah edilir.

Fəaliyyət cədvəlləri bölməsində isə gündəlik fəaliyyətlərin və müxtəlif tapşırıqların planlı və ardıcıl şəkildə yerinə yetirilməsinə kömək edən yazılı, şəkilli və yazılı-şəkilli cədvəllər haqqında məlumat verilir. Kitabçada fəaliyyət cədvəllərinin yeni bacarıqların qazandırılması, müstəqillik və özünəinamın artırılması, davranış problemlərinin azalması, seçim etmə və qərarvermə bacarıqlarının inkişafındakı rolu qeyd olunur.

Kitabçada təqdim olunan praktik yanaşmalar xüsusi qayğıya ehtiyacı olan şagirdlərin öyrənmə prosesinə cəlb olunmasına, yeni bacarıqların formalaşdırılmasına, müstəqillik və özünəinamın inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün praktik kitabça hazırlanıb