Uşaqlar böyüklərin etiraz vasitəsi olmamalıdır - Psixoloq

15 Oktyabr, 2026 - 14:44
Uşaqlar böyüklərin etiraz vasitəsi olmamalıdır

“Böyüklərin öz narahatlıqlarını uşaqların üzərindən ifadə etməməsi, onları emosional qarşıdurmaların iştirakçısına çevirməməsi və uşaqların təhsil mühitində özlərini rahat hiss etmələrinə dəstək olması məqsədəuyğundur”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ETN-in Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova bildirib.
Psixoloq qeyd edib ki, məktəbli forması yalnız geyim məsələsi deyil, eyni zamanda təhsil fəlsəfəsi, sosial adaptasiya və məktəb mühitində ümumi davranış mədəniyyətinin formalaşması ilə bağlı məsələdir: “Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində səliqəli, vahid və təhsil prosesinə uyğun geyim mədəniyyətini təşviq etmək, uşaqlar üçün rahat və təhlükəsiz təhsil mühitinin formalaşmasına dəstək olmaqdır.

Məktəb uşaqların yalnız bilik əldə etdiyi deyil, həm də sosial münasibətləri, qarşılıqlı hörməti, məsuliyyəti və birgəyaşayış qaydalarını öyrəndiyi mühüm sosial mühitdir. Bu baxımdan vahid geyim forması məktəbə mənsubiyyət hissinin, kollektiv kimliyin və ümumi məsuliyyət anlayışının formalaşmasına töhfə verə bilər”.

N.Abbasovanın  sözlərinə görə, psixoloji baxımdan məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir:
“Yeniyetməlik dövründə uşaqlar xarici görünüşə, geyimə və yaşıdlarının münasibətinə daha həssas olurlar. Geyimin qiyməti, markası və digər xüsusiyyətləri bəzən şagirdlər arasında sosial müqayisələrə, fərqləndirməyə və özünəinamın zəifləməsinə səbəb ola bilər.Vahid məktəbli forması bu cür fərqləri müəyyən qədər azaltmaqla şagirdlər arasında daha bərabər sosial mühitin formalaşmasına kömək edə bilər. Uşaqların eyni sinifdə, eyni parta arxasında təhsil alarkən geyimlərinə görə fərqləndirilməməsi onların qarşılıqlı münasibətlərinə də müsbət təsir göstərə bilər.

Bununla belə, qeyd etmək lazımdır ki, vahid forma bütün sosial fərqləri və ayrı-seçkilik risklərini avtomatik aradan qaldırmır. Burada əsas məsələ məktəbdə hər bir uşağa bərabər münasibətin göstərilməsi cə ya  ailəsinin imkanlarına görə ayrı-seçkiliyə məruz qalmamasıdır”.

Psixoloq söyləyib ki, vahid məktəbli forması şagirdlərdə məktəbə mənsubiyyət, kollektiv kimlik və məsuliyyət hissinin formalaşmasını dəstəkləyə bilər. Şagird özünü müəyyən bir məktəb kollektivinin üzvü kimi hiss etdikdə, ümumi qaydalara və məktəb mühitinə münasibəti də formalaşır: “Eyni zamanda, geyim formasının mövcudluğu şagirdlərə məktəbin gündəlik həyatın digər sahələrindən fərqlənən, özünəməxsus qaydaları və davranış normaları olan təhsil mühiti olduğunu xatırladır.

Lakin burada mühüm bir məqam var: intizam yalnız geyimlə təmin olunmur. İntizamın formalaşmasında ailə tərbiyəsi, müəllimlərin davranış modeli, məktəbdəki psixoloji iqlim və qaydaların ədalətli tətbiqi də mühüm rol oynayır”.

Psixoloq açıqlamasında vahid məktəbli formasının şagirdlərin fərdiliyini və özünüifadə imkanlarına təsiri barədə də danışıb: “Bu məsələyə yeniyetməlik dövrünün psixoloji xüsusiyyətlərini nəzərə alaraq yanaşmaq lazımdır. Yeniyetmələr üçün müstəqillik, şəxsi seçim və özünüifadə ehtiyacı təbii inkişaf xüsusiyyətləridir.

Bəzi hallarda geyimlə bağlı tələblər yeniyetmələr tərəfindən şəxsi seçim azadlığının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Psixologiyada bu cür reaksiyalar müəyyən hallarda psixoloji reaktans anlayışı ilə izah olunur. İnsan öz azadlığının məhdudlaşdırıldığını hiss etdikdə, məhdudiyyətə qarşı müqavimət göstərə bilər. Ona görə də vahid məktəbli formasının tətbiqi zamanı qaydanın məqsədinin aydın izah edilməsi, şagirdlərlə hörmət əsasında ünsiyyət qurulması və onların suallarının dinlənilməsi vacibdir. Eyni zamanda, vahid geyim formasına riayət etmək uşağın fərdiliyinin aradan qaldırılması demək deyil. Şəxsiyyət geyimlə məhdudlaşmır. Uşaqlar öz düşüncələri, maraqları, bacarıqları, yaradıcılığı və davranışları ilə fərdiliklərini ifadə edə bilərlər. Əsas məqsəd ümumi məktəb qaydaları ilə şagirdlərin psixoloji ehtiyacları arasında sağlam tarazlığın qorunmasıdır”.
N.Abbasovanın sözlərinə görə, təhsil prosesinin səmərəli təşkili məktəblə valideynlər arasında əməkdaşlıq və qarşılıqlı məsuliyyət tələb edir: “Məktəbdaxili qaydalar şagirdlərə və valideynlərə aydın şəkildə çatdırıldıqda, onların məqsədi izah edildikdə və tətbiqində ardıcıllıq təmin olunduqda əməkdaşlıq üçün daha əlverişli şərait yaranır. Vahid məktəbli geyiminə riayət olunması da bu ümumi yanaşmanın bir hissəsidir. Valideynlərin məktəbin müəyyən etdiyi qaydalar barədə məlumatlandırılması, yaranan sualların müzakirə edilməsi və qarşılıqlı anlaşmanın təmin olunması vacibdir. Daxili nizam-intizam qaydaları bütün şagirdlər və valideynlər üçün aydın olmalı, onların tətbiqi zamanı ayrı-seçkiliyə və ikili standartlara yol verilməməlidir.

Məktəb və ailə eyni məqsəd ətrafında əməkdaşlıq etdikdə, uşaqlarda məsuliyyət və qaydalara hörmət anlayışının formalaşması da dəstəklənir”.

Bəs geyim qaydalarına qarşı etirazlar və aqressiv reaksiyalar yarandıqda necə davranmaq lazımdır? Bu məsələyə də aydınlıq gətirən psixoloq qeyd edib ki, belə vəziyyətlərdə, ilk növbədə, etirazın səbəblərini anlamaq və emosional gərginliyin artmasının qarşısını almaq lazımdır: “Yeniyetmələrin reaksiyalarına yalnız intizamsızlıq kimi yanaşmaq düzgün deyil. Bəzən bu reaksiyaların arxasında müstəqillik ehtiyacı, sosial təsir, şəxsi kimliyin ifadəsi və ya qaydaların ədalətsiz tətbiq olunduğuna dair yanlış düşüncələr dayana bilər. Belə hallarda təhdid, və aqressiv ünsiyyət müqaviməti gücləndirə bilər. Daha məqsədəuyğun yanaşma sakit dialoq, aktiv dinləmə, qaydanın məqsədinin izahı və münaqişələrin konstruktiv şəkildə idarə edilməsidir. 

Məqsəd qarşıdurma yaratmaq deyil, gərginliyi azaltmaq, qarşılıqlı hörməti qorumaq və təhsil prosesinin normal davam etməsinə şərait yaratmaqdır”.

N.Abbasova bildirib ki, əsas prinsip qaydalarla psixoloji rifahı qarşı-qarşıya qoymamaqdır. Məktəb qaydaları qorunmalı, eyni zamanda bu qaydaların tətbiqi uşaqların  psixoloji təhlükəsizliyinə və təhsil hüququna hörmət əsasında həyata keçirilməlidir: “Çünki məqsədimiz yalnız qaydalara əməl edən deyil, həm də məsuliyyətli, bir-birinə hörmət edən və sağlam sosial münasibətlər qurmağı bacaran şəxsiyyətlər yetişdirməkdir.

Uşaqlar böyüklərin münasibətindən və davranışlarından təsirlənə, yaşadıqları vəziyyəti özlərinə aid edə və emosional gərginlik keçirə bilərlər. Xüsusilə yeniyetməlik dövründə onların həssaslığını nəzərə almaq, üzləşdikləri vəziyyətlərdə özlərini təzyiq altında hiss etmələrinə yol verməmək vacibdir”.