Uşaqlar niyə yazı yazmaqda çətinlik çəkirlər?  – ARAŞDIRMA

16 Dekabr, 2025 - 12:24
Uşaqlar niyə yazı yazmaqda çətinlik çəkirlər? 

“Əlim yoruldu, ana!” – məktəbə yeni başlayan uşaqlardan bu cümləni çox eşidirik. Bir çox 1-ci sinif şagirdi məktəbə yeni başladığı dövrdə yazı yazmaqda çətinlik çəkir. Birincilər üçün qələm hələ yad, dəftərdə yazmaq isə yorucudur. Belə ki, uşağın əli tez yorulur, hərfləri düz yazmaqda çətinlik yaşayır və bu da onun məktəbə marağını azaldan faktorlardan birinə çevrilir.

Valideynlər isə çox vaxt övladlarının ilk yazılarını gördükdə sevinirlər. Amma az sonra uşaqlarının çətinlik yaşadığının şahidi olunca “niyə bu qədər yorulur?”, “niyə yazmaq istəmir?” sualları yaranır. Əslində, yazı bacarığı sadəcə qələm tutmaq deyil, bu, uşağın incə motor bacarığı, diqqəti və özünə inamıdır.

“Azərbaycan müəllimi” xüsusilə valideynləri maraqlandıran bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Uşaqların yazı yazmaqda çətinlik çəkməsinin əsas səbəbi istəksizlik və ya bəhanə deyil

Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc Xudiyeva qeyd edir ki, birinci sinifdə oxuyan şagirdlər məktəbə yeni başladığı dövrdə yazı yazmaqda narahatlıq yaşayırlar. Uşaqların əli tez yorulur, hərfləri düz yazmaqda çətinliklərlə üzləşirlər. Bu vəziyyət çox təbiidir və düzgün yanaşma ilə qısa zamanda aradan qaldırıla bilər.

Müəllimin sözlərinə görə, uşaqların yazı yazmaqda çətinlik çəkməsinin əsas səbəbi istəksizlik və ya bəhanə deyil. Barmaq sümüklərinin hələ tam inkişaf etməməsidir: “Bu inkişafı onlara daha çox yazı yazdırmaqla deyil, oyun oynamaqla, əyləncəli fəaliyyətlərlə - qayçı istifadə etməklə, top sıxmaqla, plastilindən müxtəlif fiqurlar düzəltməklə, palçıq və ya qumla oynamaqla təmin etmək olar. Bu cür oyunlar uşaqların əllərindəki əzələlərin, sümüklərin və vətərlərin möhkəmlənməsinə kömək edir. Yəni onlara yazı yazmağı öyrətmək üçün əlavə dərslərə və ya xüsusi səy göstərməyə ehtiyac yoxdur. Sadəcə oyun oynamaları və əllərini aktiv şəkildə istifadə etmələri kifayətdir. Çünki bu yaşda uşaqlar üçün ən vacib öyrənmə vasitəsi oyundur.

Balacaların əli qələmi çox sıx tutduqda və ya səhv bucaq altında saxladıqda da ağrıyır

Bunlarla yanaşı, balacaların qələmi çox sıx tutduqda və ya səhv bucaq altında saxladıqda da həm əli ağrıyır, həm də yazısı oxunmaz olur. Göz-əl koordinasiyası hələ tam formalaşmadığı üçün uşaq xətt boyunca hərfləri düzgün yerləşdirə bilmir. Bunun üçün də əl əzələlərini möhkəmləndirən oyunların oynanılması, qələmin düzgün tutulmasını öyrətmək mütləqdir. Uşağa qələmi baş və şəhadət barmağı ilə tutub orta barmaq üzərinə dayandırmaq qaydasını göstərmək lazımdır”.

Sevinc Xudiyeva bu məsələdə ətraf mühitin, ailənin də təsiri olduğunu istisna etməyib:

“Çox təəssüf ki, bəzi valideynlər övladlarında kiçik yaşlarından plastilinə, müxtəlif əl bacarıqlarını gücləndirən oyunlara maraq oyatmaq əvəzinə onların telefonla oynamağna daha çox üstünlük verir. Nəticədə övladlarının nitq inkişafında, eləcə də kiçik motor bacarıqlarında ləngiləmələr baş verir”.

Həmsöhbətimiz valideynlərə uşağı uzun müddət yazı yazmağa məcbur etməməyi tövsiyə edir. Qeyd edir ki, gündə bir neçə dəfə 5–7 dəqiqəlik qısa məşqlər daha faydalıdır.

Yazı bacarığı tədricən formalaşan, həm fiziki, həm də psixoloji dözümlülük tələb edən bir vərdişdir

Psixologiya-Elmi Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyeva məsələyə psixoloji cəhətdən yanaşaraq deyir ki, müasir dövrdə texnologiyanın - telefon, planşet, televizorun təsirləri də nəzərə alınarsa, bu çətinliyin bir neçə əsas səbəbi var. Onlardan biri də uşaqların motor bacarıqlarının kifayət qədər inkişaf etməməsidir:

“Və biz görürük ki, 1-ci sinfə gedən uşaqlar çox zaman yazı yazmaqda çətinlik çəkirlər, əlləri tez yorulur, yazmaq istəmirlər. Yazı prosesi, əslində, yalnız intellektual deyil, həm də incə motor bacarıqları, koordinasiya və diqqət proseslərinin birgə işləməsini tələb edən mürəkkəb fəaliyyətdir. Və uşaqların vaxtlarının çoxunu planşet və telefonda keçirməsi bu bacarıqları zəiflədir. Balacalar barmaqları ilə yalnız sürüşdürmə və toxunma hərəkətləri edir. Onlarda qələm tutmaq, xətt çəkmək, təzyiqi tənzimləmək kimi motor təcrübələr formalaşmır.

Digər tərəfdən, bu problem təkcə fiziki deyil, psixoloji səviyyədə də özünü göstərir. Uşaqda dərhal nəticə görmək vərdişi yaranır. Ekranda bir toxunuşla hər şey hazır olur, lakin yazı prosesi səbir, diqqət və davamlılıq tələb edir. Bu səbəbdən uşaq çətinliyə dözümsüz olur, motivasiyası tez itir”.

Psixoloq müəllim və valideynlərin diqqət etməli olduğu məqamlardan danışaraq ilk olaraq ən vacib addımın məktəbəqədər dövrdə uşağın əlinin, barmaqlarının, koordinasiyasının və diqqətinin inkişaf etdirilməsi olduğunu qeyd edir:

“Bunun üçün xüsusi məşğələlər və oyunlar çox effektivdir: muncuq düzmə, plastilinlə oynamaq, kəsmə-yapışdırma, rəsm çəkmə, mozaika düzmə və s. Bu fəaliyyətlər həm əzələləri gücləndirir, həm də uşağın səbir və konsentrasiya bacarığını artırır. Daha sonra ibtidai sinif müəllimləri bu prosesi tələsmədən, fərdi fərqləri nəzərə alaraq aparmalıdırlar. Hər uşağın motor inkişaf tempi eyni deyil. Müəllim uşağın çətinlik yaşadığı anlarda onu müqayisə etmədən, “bacaracağam” hissini qoruyaraq motivasiya etməlidir. Yazını yalnız tapşırıq kimi yox, maraqlı fəaliyyət kimi təqdim etmək vacibdir. Məsələn, bu “öz hekayəni yaz”, “rəsmin altına adını yaz” kimi yaradıcı yanaşmalarla ola bilər”. 
  
Uşaqda davamlı olaraq yazı yazmaqdan qaçma, gərginlik, diqqət dağınıqlığı və motivasiya azlığı müşahidə olunursa...

Psixoloqun sözlərinə görə, bəzən uşaqlar evdə bir az yazır, sonra dayanırlar, əllərinin ağrıdığını deyirlər, yazmaq istəmirlər. Belə hallarda valideynlərin ilk reaksiyası anlayışlı və dəstəkləyici olmalıdır. Uşaq ağrı və yorğunluq hiss etdikdə, bu, çox vaxt həm fiziki gərginlikdən, həm də daxili narahatlıqdan qaynaqlanır. Ona görə uşağı məcbur etmək əvəzinə, prosesi oyun formasında davam etdirmək daha məqsədəuyğundur. Məsələn, "keçdiyiniz hərfi gözəl yaza bilərsənmi?", “birlikdə məktub yazaq”, “öz adını bəzəkli yaz” kimi fəaliyyətlərlə yazı uşaqlar üçün həm maraqlı, həm də müsbət emosiyalarla əlaqələndirilə bilər: 

“Valideynlər unutmamalıdırlar ki, yazı bacarığı bir günün işi deyil. Bu, tədricən formalaşan, həm fiziki, həm də psixoloji dözümlülük tələb edən bir vərdişdir. Əgər uşaqda davamlı olaraq yazı yazmaqdan qaçma, gərginlik, diqqət dağınıqlığı və motivasiya azlığı müşahidə olunursa, artıq bu, psixoloqla işləməyi tələb edən bir vəziyyətdir. Çünki belə halların arxasında bəzən diqqət çatışmazlığı, motor koordinasiya zəifliyi, ya da performans qorxusu kimi dərin səbəblər gizlənə bilər”.

Zeynəb Əliyevanın sözlərinə görə, texnologiya uşaqların da həyatının bir hissəsidir, lakin yazı vərdişi onların zehni inkişafı üçün əvəzolunmazdır. Yazmaq düşünmək, planlamaq və özünü ifadə etmək bacarığıdır. Uşaq yazı yazmağı öyrəndikcə, sadəcə hərfləri deyil, həm də öz fikirlərini formalaşdırmağı öyrənir. Buna görə müəllim və valideynlərin əsas vəzifəsi uşağa yazmağı sevdirmək, prosesi zövqlü, mənalı və təbii hala gətirməkdir.