Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır - Deputat

10 Fevral, 2026 - 12:25
Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır

Uşaqların internet və sosial mediadan sərbəst istifadəsinə məhdudiyyətlər tətbiq olunmalıdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, son günlər Bakıda məktəblərdən birində baş verən xoşagəlməz hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub və bu kimi halların kökündə çox zaman ağıllı telefonlar, sosial media və internet resurslarının uşaqlar və yeniyetmələrə mənfi təsiri dayanır.

Onun sözlərinə görə, müasir dövrdə bu təsirlər günbəgün güclənir və artıq bir sıra ölkələrdə uşaqların internetdən sərbəst istifadəsinə məhdudiyyətlərin tətbiqi müzakirə olunur və qərarlar qəbul edilir. Xüsusilə 16 yaşa qədər uşaqlar üçün internetə nəzarətin gücləndirilməsi ilə bağlı layihələr artıq bir sıra ölkələrdə gündəmdədir:

“İspaniyada və bəzi qonşu ölkələrdə bu istiqamətdə qanunvericilik təşəbbüsləri irəli sürülür. Düşünürəm ki, ölkəmizdə də bu sahədə işlərə başlanılmasına ciddi ehtiyac var. Əks halda bu cür halların qarşısını almaq daha da çətinləşəcək”.

Deputat vurğulayıb ki, bu məsələdə təkcə dövlət qurumlarının deyil, həm də məktəblərin və ailələrin üzərinə böyük məsuliyyət düşür. Onun fikrincə, valideynlər övladlarına daha çox vaxt ayırmalı, onlarla daha sıx ünsiyyət qurmalı və tərbiyə işinə xüsusi diqqət yetirməlidirlər.

Sonda Ceyhun Məmmədov qeyd edib ki, uşaqların və yeniyetmələrin sağlam inkişafı üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması vacibdir.