Uşaqlarla bağlı yeni fəaliyyət planı hazırlanır 

4 Noyabr, 2025 - 10:56
Uşaqlarla bağlı yeni fəaliyyət planı hazırlanır 

“Qanunvericiliyə ailə və uşaqlarla bağlı yeni normalar daxil edilib və belə müəyyənləşdirilib ki, buna dövlət nəzarət etməlidir. İlk növbədə 2020–2030-cu illəri əhatə edən “Uşaq strategiyası” sənədini qeyd etmək lazımdır. Deməliyəm ki, bu sənəd əsasında çoxsaylı addımlar atılıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən brifinqdə səsləndirib.

Komitə sədri bildirib ki, yeni mexanizmlər yaradılaraq həyata keçirilməlidir. Bu mexanizm Dövlət Komitəsinin təklifləri əsasında 2012-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilib:

“Bu sənəddə nəzarətin formaları müəyyənləşdirilib. Uşaq müəssisələrinin fəaliyyətinə növbədənkənar və planlı şəkildə nəzarət məqsədilə monitorinqlər həyata keçirilir”.

O əlavə edib ki,  “Uşaq strategiyası” təkcə hüquqların müdafiəsi baxımından deyil, həm də fəaliyyət istiqamətləri baxımından mühüm məsələləri nəzərdə tutur. Bu sənəd uşaq hüquqlarının müdafiəsi orqanlarının fəaliyyətinin gücləndirilməsinə dair hüquqi islahatların həyata keçirilməsini də təmin edib. Xüsusilə də uşaqların sağlamlığının qorunması ilə bağlı müddəalar xüsusi əhəmiyyət daşıyır:

“Bu sənədin icrası nəticəsində 2020–2025-ci illər üzrə Fəaliyyət Proqramı təsdiq olunub və biz artıq həmin proqramı yekunlaşdırmağa hazırlaşırıq. Strategiyanın əsas istiqamətlərindən biri qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur və bu istiqamət üzrə son 5 ildə 5 normativ-hüquqi sənəd layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanıb. Bunlar mühüm nailiyyətlərdir”.