Valideynlər məktəb həyatında niyə passiv qalırlar?
Məktəbdə şagirdin uğurunun təməli yalnız sinif otağında qoyulmur. Bu prosesdə müəllim, valideyn və məktəb rəhbərliyinin qarşılıqlı əməkdaşlığı həlledici rol oynayır. Həmin əməkdaşlığın ən vacib platformalarından biri isə valideyn iclaslarıdır.
Müasir dövrdə təhsil sistemində valideynlərin məktəb həyatında daha fəal iştirak etməsi xüsusi əhəmiyyət daşıyır. Bəs valideyn iclasları bu əməkdaşlığın inkişafına nə dərəcədə töhfə verir? İclasların daha səmərəli təşkili üçün hansı yanaşmalara ehtiyac var və valideynlərin məktəb həyatına fəal cəlb olunması üçün nə kimi addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, valideynlə əməkdaşlıq məktəbin əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır:
“Amma bu məsələyə planlı, sistemli yanaşılmalıdır. Bunun üçün də beynəlxalq səviyyədə qəbul olunmuş modellərə baxmaq lazımdır. Onlardan biri də Cois Epşteyn 6 tip valideyn cəlb etmə modelidir. Buraya valideynlik, kommunikasiya, evdə öyrənmə, könüllülük, qərar qəbulu prosesi, icmanın cəlb olunması daxildir. Bu istiqamətlərin hər birinə aid müxtəlif fəaliyyətlər var. Bu fəaliyyətlər il ərzində həyata keçirilməlidir. Yəni valideynlə əməkdaşlığı yalnızca hansısa iclasa bağlamaq doğru yanaşma deyil. Valideynlə əməkdaşlıq sistemli bir işdir. Məktəbin funksiyalarından biri də valideynlərə valideynlik bacarıqları ilə bağlı dəstək olmaqdır. Yəni heç kəs valideyn olaraq doğulmur, bu öyrənilən prosesdir. Hamımızın bildiyimiz və bilmədiyimiz şeylər var və məktəb bu istiqamətdə valideynə dəstək olmalıdır. Məsələn, uşağı tanımaq, əməkdaşlıq etmək, işləmək kimi məsələləri valideynə öyrətmək lazımdır. Kommunikasiya, ev və məktəb ünsiyyətinin effektiv qurulması yolları kimi məsələləri məktəb istiqamətləndirməlidir”.
O qeyd edib ki, məktəbin valideynlər üçün könüllü fəaliyyətləri olmalıdır: “Adi iməclik, məktəbdə istirahət, əyləncə guşəsinin yaradılması, uşaqlar üçün seminarlar, ekskursiyaların təşkil olunması kimi işlərdə valideynlər cəlb edilməlidir. Məsələn, orta ümumtəhsil müəssisələrində uşaqlara ev tapşırığı verilir. Onların necə icra olunması ilə bağlı valideynlərə dəstək verilməlidir.Hansısa qərarların qəbul edilməsində valideynlərin fikirləri öyrənilməlidir. Bu hissədə artıq iclaslar öz funksiyasını oynamağa başlayır. Məsələ orasındadır ki, iclas niyə keçirilir? İclasın keçirilməsi səbəbi nədir? Burada pedaqoji şuraların çox önəmli rolu var. Həmin şuraların müstəqilliyi bərpa olunmalı, formatı dəyişməlidir. Həmçinin hər sinifdən 1-2 nəfər seçilmək şərtilə valideyn şuraları yaradılmalıdır. Həmin şuralardan çıxan qərarlar da pedaqoji şuralarda toplanılmalıdır. Məktəbin idarə edilməsi 3 tərəfin -valideynlərin, idarəçilərin və pedaqoqların işi olmalıdır.
Bizim “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda məktəblərin özünüidarəetmə və ictimai iştirakçılıq mexanizmi kimi himayəçilər, qəyyumlar və valideyn şuraları kimi strukturların yaradılmasına imkan verilir. Bu funksiyalar aktiv şəkildə istifadə olunmalıdır.
Yuxarıda qeyd etdiyim 6 fəaliyyət tipindən biri də icma ilə əməkdaşlıqdır. Burada icmanın resurslarından istifadə edilə, icma ilə məktəb əməkdaşlığı inkişaf etdirilə bilər".
Rasif Dünyamalıyevin sözlərinə görə, bizim orta ümumtəhsil müəssisələrində əsasən yalnız iclaslar keçirilir və valideynlər çağırılaraq onlara müəyyən məlumatlar verilir: "Lakin valideynlərin məktəb həyatına fəal şəkildə cəlb olunmaması onları prosesdən kənarda saxlayır. Bu zaman valideynlərdə belə bir düşüncə formalaşır ki, uşağın təlim-tərbiyəsi ilə bağlı əsas məsuliyyət yalnız məktəbin üzərinə düşür.
Əslində, valideyn iclasları yalnız məlumatlandırma xarakteri daşımamalıdır. Onların mahiyyəti və keçirilmə formatı dəyişməli, valideynlərin fəal iştirakını təmin edən əməkdaşlıq platformasına çevrilməlidir. Valideynlər təkcə dinləyici deyil, həm də fikir və təkliflərini bölüşən, qərarların müzakirəsində iştirak edən tərəf olmalıdırlar. Bu yanaşma valideynlərin məktəb həyatına daha yaxından cəlb olunmasına, övladlarının təlim-tərbiyəsindəki rol və məsuliyyətlərini daha dərindən dərk etmələrinə şərait yaradar".




