Valideynlərin əksəriyyətinin uşaqlarla oynamağa kifayət qədər vaxtı olmur – Emin Əmrullayev 

10 İyun, 2026 - 16:43
Valideynlərin əksəriyyətinin uşaqlarla oynamağa kifayət qədər vaxtı olmur

“Hüquq təhsilinin hansı hallarda səmərəli ola biləcəyi sualına nəzər salsaq, burada ilk növbədə azyaşlıların, yəni uşaqların öyrənmə xüsusiyyətlərini nəzərə almalıyıq.

Çünki “uşaq” anlayışının həm hüquqi, həm də təhsil baxımından dəqiq müəyyənləşdirilməsi vacibdir. Biz 18 yaşına qədər olan hər kəsi uşaq adlandıra bilərik. Lakin 2, 10 və 14 yaşlı uşağın öyrənmə xüsusiyyətləri bir-birindən ciddi şəkildə fərqlənir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Nazirin sözlərinə görə, elmi araşdırmalar göstərir ki, insanın inkişafında ən mühüm dövr həyatının ilk min günüdür. Yəni hər birimizin həyatında doğulduğumuz andan təxminən 3 yaşa qədər olan dövr sonrakı həyat mərhələlərimizi əhəmiyyətli dərəcədə müəyyən edir: “Bu dövrdə bir çox koqnitiv qabiliyyətlərin əsası formalaşır. Burada söhbət yalnız uşağın hansısa qaydaları və ya bilikləri öyrənməsindən getmir. Əsas məsələ onun fizioloji və zehni inkişaf xüsusiyyətlərinin formalaşmasıdır. Uşağın beyni formalaşır, öyrənmə qabiliyyətləri inkişaf edir və həmin dövrdə onun ətrafında baş verənlər son dərəcə böyük əhəmiyyət daşıyır.

Bu nə deməkdir? Bu, ailə mühiti deməkdir, qidalanma deməkdir, ən sadə öyrənmə vasitələri ilə təmas deməkdir”.

Emin Əmrullayev elmi araşdırmalara istinad edərək bildirib ki, valideynlər 1–2 yaşlı uşağa yatmazdan əvvəl mütəmadi nağıl oxuyurlarsa, belə uşaqların məktəb dövründə riyaziyyat və dil fənləri üzrə orta statistik göstəricilərinin daha yaxşı olması ehtimalı yaranır: “Uşaq əsasən valideynləri, qardaş-bacıları və ya ona qayğı göstərən digər şəxslərlə oyun oynayır. Ümumiyyətlə, aşağı yaş dövründə oyunun rolu son dərəcə vacibdir. Uşaqlar oyun vasitəsilə öyrənirlər. Onların oynamağa ehtiyacı var. Bu, çox sadə həqiqətdir.

Biz bu məsələdən müəyyən qədər narahatıq. Çünki müasir ailələrin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, valideynlərin əksəriyyətinin uşaqlarla oynamağa kifayət qədər vaxtı olmur. Onlar işləyirlər və bu da təbii bir reallıqdır”.

Nazir bildirib ki, oyun öyrənmənin əsasını təşkil edir.