Vəfa Yaqublu: Valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib sonra çıxarırlar
Özəl bağçaların maliyyələşməsi prosesi aylıq şəkildə həyata keçiriləcək".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib sonra çıxarırlar:“Ona görə də birillik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti monitorinq olunacaq və dövlət öz üzərinə düşən payı hər ay ödəyəcək. Necə ki, valideyn hər ay təhsil haqqını ödəyir, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Bu zaman müqavilə 10 aylıq olacaq. Adətən yay aylarında valideynlər məzuniyyətə çıxdıqları və hava şəraiti ilə əlaqədar uşaqları bağçalara daha az göndərdikləri üçün bu müddət nəzərə alınıb”.
V.Yaqublu qeyd edib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur:“Həmin yerlərin bir hissəsi artıq tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər hissəsi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Əgər hər hansı valideyn uşağını bir məktəbəqər təhsil müəssisəsindən çıxarıb başqasına keçirərsə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən yararlana biləcək.Məktəbəqədr təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Sonradan qiyməti artırırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Valideyn bilir ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 350 manatdır və qalan hissəni özü ödəməlidir. Əgər buna razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edilə bilər”.




