Virtual oyunlar və psixoloji təsirlər: Uşaqlarımız artıq həyətdə yox, ekran arxasında böyüyürlər
Axşam saat səkkizdir. Ana mətbəxdən səslənir: “Yemək hazırdır!”. Otaqdan isə cavab gəlmir. Çünki uşaq başqa bir dünyada – virtual döyüş meydanında, sürətli avtomobil yarışında və ya rəqəmsal şəhər quruculuğundadır. O, fiziki olaraq evdədir, amma zehni minlərlə kilometr uzaqda, ekranın içində yaşayır.
Bir zamanlar uşaqların ən böyük macərası həyətdə gizlənpaç oynamaq, futbol və ya ip atlama idi. İndi isə onların oyunları piksel və kodlardan ibarət dünyalarda baş verir. Dostluqlar qulaqcıq arxasında qurulur, qələbələr idarəetmə qurğusundan istifadə edilməklə qazanılır, məğlubiyyətlər isə restart düyməsi ilə unudulur.
Bəli, XXI əsrin uşaqları artıq həyətdə yox, ekran arxasında böyüyürlər. Onların dostları bəzən qonşu uşaqlar deyil, dünyanın müxtəlif ölkələrindən qoşulan anonim oyunçulardır. Rəqəmsal texnologiyalar, xüsusilə virtual oyunlar, müasir uşaqlığın ayrılmaz hissəsinə çevrilib.
Bu oyunlar bir tərəfdən yaradıcılığı və məntiqi inkişaf etdirir, digər tərəfdən isə asılılıq, sosial uzaqlaşma və emosional problemlər riski yaradır. Bəs valideynlər bununla bağlı nə etməlidirlər? Rəqəmsal dünya düşməndirmi, yoxsa düzgün idarə olunarsa, faydalı vasitədirmi? O, uşaqların fikir dağınılığına, eləcə də IQ səviyyəinə təsir edirmi?
“Azərbaycan müəllimi” mövzunu IT üzrə mütəxəssis və psixoloqla araşdırıb.
“Ən faydalı oyundan istifadə belə bütün normaları keçirsə, bu artıq uşaq həyatı üçün təhlükə yaradır”
Müasir dövrdə rəqəmsal dünya hər bir fərdin, o cümlədən uşaqların inkişafına birbaşa təsir etdiyini söyləyən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Fərid Kazımov alət seçimindən və kontekstdən asılı olaraq texnologiyaların təsirinin müsbət yaxud mənfi ola bildiyini deyir:
“Bu suala birmənalı cavab vermək çətindir. Düzgün seçilmiş virtual oyunlar strateji düşüncə, reaksiya sürəti, komanda işi və problem həlletmə bacarığını inkişaf etdirir. Bundan əlavə, oyun əsaslı (gamification) alətlər vasitəsilə tədris həllərinin effektivliyi dəfələrlə artır. Məsələn, xarici dillər öyrədən və gündə 30-35 milyon istifadəçisi olan qlobal məşhur "Duolingo" platformasının tədris modelinin əsasında oyun elementləri geniş istifadə edilir. Digər nümunə kimi faydalı olan strateji oyunları, insan intellektini inkişaf etdirmək üçün movcud həlləri də göstərmək olar. Amma yanlış və nəzarətsiz olaraq oyunlardan istifadə diqqət dağınıqlığı, asılılıq və emosional qeyri-sabitlik yarada bilər. Nəticə texnoloigiyanın istifadə kontekstindən birbaşa asılıdır. Bilirsiniz, problem texnologiyada deyil, istifadə mədəniyyətindədir. Başa düşməliyik ki, hətta ən faydalı olan oyundan istifadə belə bütün normaları keçirsə, bu, artıq uşaq həyatı üçün təhlükə yaradır. Və istifadə mədəniyyətində son illər kəskin mənfi trend vardır və psixiatriya elmi hətta asılılğa gətirən bu aludəliyi ayrıca bir xəstəlik kimi müəyyən etmişdir”.
Uşaqlar onlayn oyun platformalarında hansı kibertəhlükələrlə üzləşə bilərlər?
Fərid Kazımov qeyd edir ki, ümumiyyətlə, virtual məkan hər bir istifadəçi üçün təhlükəlidir. Uşaqlar isə daha ciddi təhlükələrlə üzləşə bilərlər:
“Təhlükələri qruplaşdırsaq, buna şəxsi məlumatların oğurlanması, haker proqramları vasitəsilə qurğuların ələ keçirilməsi, onlayn zorakılıq və təzyiq, asılılıq yaradan mexanizmlərdən istifadə, ödəniş tələləri və s. misal gətirmək olar. Bu təhlükələr hər bir uşağın gündəlik virtual həyatda üzləşə biləcəyi acı reallıqdır”.
Ekspert virtual oyunlarda yad şəxslərlə ünsiyyətin müxtəlif risklərinə də toxunub. Bildirib ki, virtual oyunlarda kimlik gizliliyi səbəbi ilə manipulyasiya və aldatma riski var. Uşaq qarşısındakının kim olduğunu real olaraq bilmir. Bu da psixoloji təsir, məlumat toplama və digər təhlükələr yarada bilər:
“Məlumdur ki, uşaqlar daha sadəlövhdürlər və onlara müxtəlif məqsədlər üçün təsir etmək istəyən şəxslər bundan istifadə edərək öz məqsədlərinə çata bilərlər. Virtual oyunda bir komandada çıxş edən zaman ünsiyyət daha rahat yaradıla bilir və cinayətkarlar bundan sui-istifadə edir. Küçədə yad şəxslə ünsiyyətdən qaçan uşaq virtual formatda, xüsusən də oyun içində bu ünsiyyətə girmək təhlükəsi yaşayır”.
Ən güclü filtr valideynlə uşağın sağlam ünsiyyətidir
Kibertəhlükəsizlik baxımından valideynlərin ən çox etdiyi səhvlərdən danışan Fərid Kazımov onların ən böyük səhvinin “keçmiş dövrün fəlsəfəsi” ilə yaşaması olduğunu söyləyir. Ənənəvi olaraq valideynlərin böyük əksəriyyəti hesab edir ki, əgər uşaq evdə oturubsa, deməli o mənfi təsirdən qorunur: “Lakin reallıq başqadır və virtual məkanın təsiri “küçə” təsirindən daha güclüdür. Valideyn nəzarətinin zəifliyi yaxud təmamilə olmaması, xüsusilə yaşlı nəslin texnoloji savadsızlığı ilə də birbaşa bağlıdır. Əksər hallarda uşaqlar öz valideynlərindən texnoloji nəzərdən daha bacarıqlıdır və bundan da sui-istifadə hallar da az deyildir. Digər səhv isə total nəzarətin olmasıdır. Bəzi ailələrdə uşaqlara rəqəmsal alətlərdən istifadəni ciddi məhdudlaşdırırlar. Bu baxışı da mənfi hesab etmək olar, çünki müasir durumda texnologiyalar yetişən nəslin inkişafı üçün vacibdir”.
Mütəxəssis deyir ki, valideyn nəzarəti sistemi müxtəlifdir. Məsələn, onlar kontent filtrasiya edir, vaxt limiti qoyur, ödənişləri bloklaya bilirlər. Bu effektivdir, amma kifayət deyil. Ən güclü filtr valideynlə uşağın sağlam ünsiyyətidir. Uşaqla daimi ünsiyyət, ikitərəfli dialoq ən effektiv nəzarət sistemidir.
Uşaqların ekran vaxtını texniki vasitələrlə tənzimlənməsi məsələsinə toxunan Fərid Kazımov bununla bağlı hazırda imkanların geniş olduğunu olduğunu söyləyir: “Bu smartfon, planşet yaxud kompüter səviyyəsində vaxt limiti, router üzərindən internet saatı məhdudiyyəti, ailə hesabları kimi mexanizmlər ola bilər. Valideynlər üçün tətbiq, təhlükəsizlik alətləri yetərincədir və hər bir cihazda onlar var. Bununla yanaşı, bu və ya digər hədəflər üçün müxtəlif proqram həlləri də mövcuddur. Reallığı nəzərə alaraq, "Google Family Link", "Apple Screen Time", "Microsoft Family Safety" kimi rəsmi alətləri nümunə göstərə bilərəm. Qadağa qısamüddətli effekt verir. Uzunmüddətli həll maarifləndirmə və balansdır. Tam qadağa uşağı gizli istifadə modelinə keçirə bilər”.
Yaş məhdiyyəti ilə bağlı ölkələrin təcrübəsi
Həmsöhbətimizin sözlərinə görə, yaş məhdudiyyəti fərdi və dəyişən məhfumdur. Məsələn, uzun illər sosial şəbəkələrdə icazə verilən yaş məhdudiyyəti 2025-ci ildən etibarən bəzi ölkələrdə daha da ciddiləşdib. Məsələn, Avstraliyada sosial şəbəkələrdən istifadəyə icazə yalnız 16 yaşından sonra verilir. Böyük Britaniyada bir çox saytlara giriş yalnız sənəd yaxud üzün skan edilməsi yolu ilə mümkün olmuşdur: “Bu trendlər göstərir ki, dövlət virtual məkanda uşaqları qorumaq funksiyasını tədricən öz üzərinə götürür və zənnimcə bu trend davam edəcəkdir. Virtual oyunlarda da tətbiq edilən məhdudiyyət sistemi vardır, amma bunu başa düşmək lazımdır ki, PEGI (yaş məhdudiyyəti sistemləri) texniki bloklama deyil, tövsiyə xaraketrlidir. Buna görə də valideyn nəzarəti istənilən halda olmaldır. Bu nəzarət, əlbəttə ki, uşağın mümkün çıxışı olan onlayn ödənişlərə də aid edilməlidir”.
Kibertəhlükəsizlik üzrə biliklərin artırılması üzrə ümumi platformaya ehtiyac var
Bəs valideynlər və məktəblər rəqəmsal savadlılığın artırılması üçün nə etməlidirlər? Fərid Kazımov deyir ki, ilk öncə uşaqlarımızın rəqəmsal nəslə aid olduğunu və onlarla virtual məkanla bağlı biliklər üzrə rəqabət aparmağın olduqca çətin olduğunu anlamalıyıq: “Valideynlər və məktəbin işçi heyəti bu sahədə davamlı olaraq öz biliklərini artırmalıdırlar. Məktəblərdə rəqəmsal təhlükəsizlik dərsləri, kritik düşüncə bacarığının inkişafı, onlayn etik davranış qaydalarının öyrədilməsi istiqamətində biliklər verilməlidir. Düşünürəm ki, eyni zamanda vətəndaşların, xüsusilə uşaq və yeniyetmələrin kibertəhlükəsizlik üzrə biliklərinin artırılması üzrə ümumi platformaya ehtiyac vardır”.
Rəqəmsal asılılıq klinik diaqnozdan əvvəl davranış səviyyəsində özünü göstərir
Mövzuya psixoloji aspektdən yanaşan Psixologiya-Elmi Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyeva bildirir ki, virtual oyunlar və rəqəmsal platformalar uşaqların psixoloji inkişafına təsir edən güclü stimullardır: “Psixoloji baxımdan burada əsas məsələ “oyun oynayırmı?” sualı deyil, bu mühitin uşağın emosional tənzimləmə, diqqət, özünə nəzarət və sosial əlaqə bacarıqlarına necə təsir göstərməsidir. Uşağın psixikası inkişaf prosesində olduğu üçün rəqəmsal təsirlər neyropsixoloji səviyyədə daha tez iz buraxa bilir”.
Psixoloqun sözlərinə görə, virtual oyunlar uşağın beynində mükafat sistemini aktivləşdirir. Qazanmaq, səviyyə keçmək, xal toplamaq dopamin ifrazını artırır. Ölçülü olduqda bu, motivasiya yaradır, nəzarətsiz olduqda isə uşaq real həyatda eyni məmnuniyyəti tapa bilmədiyi üçün oyuna daha çox yönəlir. Bu nöqtədə oyun tədricən tənzimləyici vasitəyə çevrilir, yəni uşaq stresini, cansıxıcılığını və emosional boşluğunu ekran vasitəsilə kompensasiya etməyə başlayır.
Rəqəmsal platformaların isə psixoloji baxımdan daha fərqli mexanizmlərlə işlədiyini söyləyən Zeynəb Əliyeva burada uşağın aktiv iştirakçı deyil, davamlı stimula məruz qalan passiv müşahidəçi olduğunu qeyd edir: “Sürətli videolar, tez dəyişən görüntülər və sonsuz axın diqqətin fraqmentləşməsinə səbəb olur. Bu, uşağın diqqətini uzun müddət bir mövzu üzərində saxlamaq qabiliyyətini zəiflədir və impulsiv davranışları artırır. Xüsusilə yeniyetməlik dövründə sosial şəbəkələr özünüdərk prosesinə birbaşa təsir edir. Uşaq öz dəyərini bəyənilmə, baxış sayı və müqayisə üzərindən ölçməyə başlayır ki, bu da özünə inamın zəifləməsinə zəmin yaradır”.
Uşaq gözləməkdə, səbir etməkdə və emosiyalarını idarə etməkdə çətinlik yaşaya bilər
Psixoloq qeyd edir ki, psixoloji inkişaf baxımından ən həssas mərhələlər ibtidai məktəb dövrü və yeniyetməlikdir. Bu dövrlərdə beynin ön payı-planlama, impuls nəzarəti və qərarvermədən məsul olan sahələr hələ tam formalaşmayıb. Buna görə də uzunmüddətli ekran istifadəsi uşağın özünü tənzimləmə bacarığını zəiflədə bilər. Uşaq gözləməkdə, səbir etməkdə və emosiyalarını idarə etməkdə çətinlik yaşaya bilər.
Uşağın temperament xüsusiyyətləri də rəqəmsal təsirin dərəcəsini müəyyən edir. İntrovert uşaqlar üçün virtual mühit təhlükəsiz zona rolunu oynaya bilər, çünki burada rədd edilmə riski azdır. Hiperaktiv və impulsiv uşaqlar isə sürətli, yüksək stimullu oyunlara daha tez bağlana bilirlər. Bu hallarda ekran, uşağın daxili gərginliyini müvəqqəti azaltsa da, uzunmüddətli perspektivdə özünüidarə bacarıqlarını zəiflədir.
Rəqəmsal dünya uşaqların fikir dağınığına, IQ səviyyəsinə təsir edirmi?
Zeynəb Əliyeva rəqəmsal dünyanın uşaqların diqqətinə və idrak inkişafına təsir göstərdiyini bildirir. Qeyd edir ki, bu təsirin həm müsbət, həm də mənfi tərəfləri var. Hər şey istifadə müddətindən, məzmundan və valideyn nəzarətindən asılıdır: “Mənfi tərəfləri odur ki, qısa və sürətli kontent (məsələn, sosial media videoları) beyini daimi stimullaşdırır, uşaq uzun müddət bir işə fokuslanmaqda çətinlik çəkə bilər. Davamlı bildirişlər və ekran dəyişiklikləri diqqət müddətini azalda bilər. Yuxu rejiminin pozulması diqqət problemlərini artırır. Xüsusilə 2-6 yaş arası dövrdə beyin sürətlə inkişaf etdiyindən həddindən artıq ekran vaxtı diqqət mexanizminə mənfi təsir göstərir. Müsbət tərəfləri isə maarifləndirici tətbiqlər və məntiq oyunları diqqəti və yaddaşı inkişaf etdirə, problem həlletmə bacarıqları güclənə, dil və vizual qavrama bacarıqları arta bilər”.
Psixoloq bir məqama da xüsusi toxunaraq deyir ki, IQ yalnız ekran istifadəsi ilə müəyyən olunmur. Burada əsas faktorlar genetik amillər, ailə mühiti, oxuma vərdişi, sosial ünsiyyət və fiziki aktivlikdir.
Zorakılıq məzmunlu oyunlar psixoloji baxımdan risklər yaradır
Həmsöhbətimizin sözlərinə görə, zorakılıq məzmunlu oyunlar psixoloji baxımdan iki risk-aqressiv davranışın normallaşması və emosional duyarsızlaşma yaradır.
Xüsusilə, empati bacarığı hələ tam formalaşmamış uşaqların baxdıqları oyunlarda zorakılığın tez-tez təkrarlanması real həyatda da daha sərt reaksiyalara yol aça bilər. Oyun zamanı uduzmaq isə bəzi uşaqlarda dəyərsizlik və uğursuzluq hissini gücləndirə bilər, xüsusilə də uşaq öz dəyərini nəticə üzərindən ölçürsə.
Rəqəmsal asılılıq klinik diaqnozdan əvvəl davranış səviyyəsində özünü göstərir. Uşaq ekrana çıxışını məhdudlaşdırıldıqda emosional reaksiya verirsə, alternativ fəaliyyətlərdən zövq almırsa, sosial və akademik funksionallıq zəifləyirsə, bu artıq psixoloji risk siqnallarıdır. Bu nöqtədə problem oyun deyil, oyunun uşağın emosional ehtiyaclarını əvəz etməsidir.
Psixoloq söyləyir ki, onlayn mühitdə kiberzorakılıq uşağın psixikasında güclü travmatik təsir yarada bilər: “Təhqir, lağ, sosial rədd edilmə uşağın özünə münasibətini zədələyir və narahatlıq, qorxu, depressiv əlamətlər yarada bilər. Bu hallarda bəzi uşaqlar daha da geri çəkilərək virtual dünyaya sığınır və bu, təcridi dərinləşdirir. Erkən psixoloji müdaxilə problemin dərinləşməsinin qarşısını ala və uşağın sağlam inkişafını dəstəkləyə bilər. Evdə qadağalar yox, aydın sərhədlər olmalıdır. Valideyn davranışı, emosional mövcudluğu və real ünsiyyət keyfiyyəti burada əsas qoruyucu faktorlardır. Əsas məqsəd rəqəmsal mühiti tamamilə aradan qaldırmaq deyil, uşağın daxili tənzimləmə mexanizmlərini gücləndirməkdir”



