Xankəndi məktəblisi Qarabağda ən yüksək nəticəyə imza atdı 

5 May, 2026 - 10:56
Xankəndi məktəblisi Qarabağda ən yüksək nəticəyə imza atdı 

Bu il Qarabağ regionunda ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında ən yüksək nəticəni Xankəndidə fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdi Banu Sultansoy əldə edib. O, 295,4 balla region birincisi olub.

Banunun nəticəsi işğaldan azad edilmiş ərazilərdəki təhsil müəssisələri üzrə ümumi orta təhsil səviyyəsində ilin ilk yüksək nəticəsidir.

"Azərbaycan müəllimi" Banu ilə söhbətləşib.
 
Banu ibtidai sinfi Bakının Nəsimi rayonu 19 nömrəli tam orta məktəbində, daha sonra isə S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında oxuyub. 

2024-cü ildən atasının Qarabağ Universitetində fəaliyyətə başlaması ilə əlaqədar ailəsi ilə birgə Xankəndiyə köçüb. 

Banu deyir ki, hədəfi maksimal nəticə əldə etmək olub. 

"Hədəfim imtahanda maksimal balı toplamaq idi. Ən əsası çəkdiyimiz zəhmətin nəticəsini görmək istəyirdim. Düşünürəm ki, pis nəticə deyil. Uğur qazanmağımda müəllimlərimin, valideynlərimin böyük dəstəyi ilə yanaşı, özümün də məsuliyyətli olmağım böyük rol oynadı. Düşünürəm ki, təhsil sahəsində uğur qazanmaq təktərəfli olmur. Müəllimin öyrətməsi ilə yanaşı, şagirdin də öz üzərində çalışması da vacibdir".

Region birincisi gələcəkdə ali təhsilini Qarabağ Universitetində, yaxud ADA Universitetinin Mühəndislik fakültəsində almaq istədiyini bildirib. Onun seçimləri arasında xaricdə təhsil almaq istəyi də var.