Qayıdış məktəblərində dərsdəyik

28 Noyabr, 2025 - 18:49
Qayıdış məktəblərində dərsdəyik

Xəbər verildiyi kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu bir neçə gün əvvəl Ağdam rayonunun Sarıcalı kənd tam orta ümumtəhsil məktəbi, həmçinin Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbini ziyarət edib. Direktor müavini təhsil müəssisələrinə baxış keçirdikdən sonra öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb : 

“Müasir şəhərsalma tələblərinə uyğun qurulmuş Ağdamın Sarıcalı kəndində və kəndin özəyi olan funksional və erqonomik məktəbdə yenilik və inkişaf toxumları tez bəhrə verməlidir. Pedaqoji və metodiki bilik və bacarıqlar müəllimlərə rahat və səmərəli işləmək, şagirdlərə dərindən öyrənmək imkanı verir”.

“Ağdamın Sarıcalı kənd tam orta ümumtəhsil məktəbinin 3 və 4-cü siniflərindən ibarət komplekt sinifdə riyaziyyat dərsidir. Komplekt siniflərin bütün çatışmazlıqlarına rəğmən bir üstünlüyü danılmazdır: burada böyüklər kiçikləri öyrədir, öyrədərək özləri də öyrənir, kiçiklər isə böyüklərə baxıb irəli “boylanır”. Vıqotskinin təbirincə desək, “yaxın inkişaf zonası”na daxil olurlar. Bu dərsdə böyüklü-kiçikli hamı məsələnin şərtini qısa formada - təsvirlər, simvollar, şərti işarələr və s. vasitəsilə yazmağı öyrənir”.

“Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi ikinövbəlidir” faktı məhz bu konteksdə hamımızı sevindirir. Xankəndi məktəbi şagirdlərə dar gəlir. Ədəbiyyat dərsi dinlənilən bu sinifdə 38 şagird oxuyur. Viktor Hüqonun “Səfillər” romanından parça - “Kozetta”nın hekayə xəritəsi cızılır, hadisələr müxtəlif obrazların nöqteyi-nəzərindən nəql edilir, “Hekayəni oxuyanda nə hiss edirdim?”, “Oxuduqdan sonra nə haqda fikırləşdim?” sualları müzakirə edilir. Hiss, fikir, şərh arasında fərq öyrənilir. Müzakirə o qədər uzanır ki, Kozettanın pozulmuş uşaq hüquqlarını sadalamaq növbəti dərsə qalır”.