"Xaricdə təhsil almaq yeni imkanların başlanğıcıdır" – Dövlət Proqramı təqaüdçüsü
Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq Azərbaycan gənclərinin qarşısında yeni imkanlar açmaqla yanaşı, onların bilik və bacarıqlarını beynəlxalq müstəvidə inkişaf etdirməsinə şərait yaradır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”çərçivəsində dünyanın aparıcı universitetlərinə qəbul qazanan azərbaycanlı gənclər sırasında Həsən Əliyev də yer alır. O, ABŞ-nin Dyuk Universitetində “Elektrik və kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.
"Azərbaycan müəllimi" Həsən Əliyevlə həmsöhbət olub.
Həsən Əliyev Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin məzunudur.Ali təhsilini Bakı Mühəndislik Universitetində alıb.BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində “Elektronika mühəndisliyi” ixtisasını tamamlayıb.Proqram çərçivəsində üç il Bakı Mühəndislik Universitetində, sonuncu təhsil ilini isə Cənubi Koreyanın İNHA Universitetində keçirib.
O, Cənubi Koreyanın İNHA Universitetində sonuncu təhsil ilində göstərdiyi yüksək akademik nəticələrə görə “Top Academic Excellence Award” mükafatına layiq görülüb. Həsən Əliyev Bakı Mühəndislik Universitetini fərqlənmə diplomu ilə başa vurub.
Gəncimiz akademik göstəricilərlə yanaşı, ixtisası üzrə praktiki və tədqiqat təcrübəsinin də mühüm əhəmiyyət daşıdığını düşünür.Belə ki, o, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək İNHA Universitetinin “Intelligent Embedded Systems Research” laboratoriyasında “undergraduate researcher” kimi fəaliyyət göstərib.Onun fikrincə, məhz əldə etdiyi təcrübələr Dyuk Universitetinə qəbul prosesində mühüm rol oynayıb: “Dövlət Proqramının müsahibə mərhələsinə ciddi hazırlaşdığımdan proqramın qaliblərindən biri olacağıma inanırdım.Xaricdə təhsil almaq mənim üçün yeni imkanların başlanğıcıdır”.
Həsən Əliyev hesab edir ki, xaricdə təhsil almaq istəyən gənclər yalnız yüksək qiymətlərə deyil, həm də seçdikləri ixtisas üzrə real təcrübə qazanmağa diqqət yetirməlidirlər: “Xaricdə təhsil gənclərə yalnız seçdikləri ixtisas üzrə daha geniş akademik biliklər əldə etmək imkanı yaratmır, eyni zamanda onların dünyagörüşünün formalaşmasına, fərqli təhsil və iş mühitlərinə uyğunlaşmasına, beynəlxalq əlaqələr qurmasına da mühüm töhfə verir. Xüsusilə qabaqcıl universitetlərdə təhsil almaq tələbələrə müasir laboratoriyalarda çalışmaq, müxtəlif ölkələrdən olan tələbə və tədqiqatçılarla birgə layihələr həyata keçirmək və nəzəri biliklərini praktikada tətbiq etmək imkanı yaradır”.




