Xarici işlər nazirinin müavini “Maarifçi”lərlə görüşüb
Avqustun 25-də IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev proqram iştirakçıları ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən görüşə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, nazirliyin məsul əməkdaşları, eləcə də proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və hazırkı iştirakçıları qatılıblar.
Görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, onun formalaşmasına təsir edən amillər və qərarların qəbul edilməsi mexanizmləri barədə fikirlərini bölüşüb. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət və xarici siyasətin müəyyənləşdirilməsində mühüm rol oynayan amillər diqqətə çatdırılıb.
Müzakirələr zamanı, həmçinin güclü dövlət anlayışı və onun əsas meyarları ətrafında fikir mübadiləsi aparılıb. Dövlətin gücünü şərtləndirən iqtisadi və hərbi potensial, bu amillərin zamanla dəyişməsi, eləcə də dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə təsir edən digər amillər barədə danışılıb.
Görüşdə iştirakçıların xarici siyasətin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı sualları cavablandırılıb.
Müzakirələrdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, beynəlxalq proseslərə dair biliklərinin, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafı üçün yaratdığı imkanlar və “Maarifçi” proqramının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.
“Maarifçi” gənclər üçün yaddaqalan görüş oldu
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşü məhsuldar hesab edən “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər.
“Siyasətdə məntiqin və intellektin roluna dair nümunələr məni heyran etdi”
Məhsəti Tağızadə Azərbaycan diplomatiyasının uğurları ilə bağlı eşitdiklərindən heyran qaldığını deyir: “Bu görüş mənim üçün çox məhsuldar oldu. Nazir müavininin ölkəmizin xarici siyasət kursu ilə bağlı verdiyi maraqlı məlumatlardan bir daha əmin oldum ki, ölkəmizin güclü iqtisadi və siyasi nüfuzu var. Siyasətdə məntiqin və intellektin roluna dair nümunələr məni heyran etdi. Ölkəmizi təmsil edən nümayəndələrin, diplomatların doğru zamanda verdiyi ağıllı qərarlar, atdıqları addımlar təcrübə baxımından mənə çox şey qazandırdı”.
“Bu fikirləri dinləmək çox maraqlı olduğu qədər mənim üçün böyük təcrübə idi”
Aysu Cəbrayılova da Yalçın Rəfiyevin maraqlı təcübə kimi onlarla paylaşdığı məlumatlardan təsirlənib: “Yalçın Rəfiyevin Azərbaycan diplomatiyası, ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyi və gənclərin bu prosesdə roluna dair fikirlərini dinləmək çox maraqlı olduğu qədər mənim üçün böyük təcrübə idi. Bu görüş üçün, belə bir görüşdə iştirak imkanı üçün Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm”.
“Bizim üçün də sevindirici haldır ki, “Maarifçi” gənclərdən bəziləri bizim nazirlikdə və COP-da məhsuldar təcrübə keçiblər”
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də “Azərbaycan müəllimi”nə təəssüratlarını bölüşərək görüşün maraqlı olduğunu bildirib: “Xüsusən auditoriyanın keyfiyyəti nöqteyi-nəzərindən mənim üçün də maraqlı görüş oldu. Hər birinin maraqla dinləməyi, verdiyi suallar, etdiyi şərhlər nə qədər çox məlumatlı olduqlarını göstərirdi. Sevindiricidir ki, belə potensiallı kadrlar Elm və Təhsil Nazirliyinin kadr bazasını gücləndirəcək. Başqa bir tərəfdən, məsuliyyətli Azərbaycan vətəndaşı kimi xarici siyasətə göstədikləri maraq natiq kimi məni də çox həvəsləndirdi. Ona görə də bacardığım qədər geniş məlumat verdim. Xarici siyasət, qərarlar necə qəbul edilir və bir çox aktual xarici siyasət məsələlərinin arxasında duran təhlillərin nə formada aparılması ilə bağlı gənclər üçün maraqlı ola biləcək məqamları onlarla paylaşdım”.
Yalçın Rəfiyev qeyd edib ki, “Maarifçi”gənclərin bəzinlərinin COP vaxtı fəaliyyətinin olması, aralarında XİN-də də təcrübə keçənlərin yer alması müzakirələrdə fərq yaradıb: “Bizim üçün də sevindirici haldır ki, “Maarifçi” gənclərdən bəziləri bizim nazirlikdə və COP-da məhsuldar təcrübə keçiblər. Eyni zamanda bu, öz gələcəkləri üçün də faydalıdır. “Maarifçi” tələbə-məzun proqramının yaradılmasına görə, həm də bu cür görüşlər vasitəsilə gənc təcrübəçilərin bilik və imkanlarının artırılması təşəbbüsünə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyini təbrik edirəm”.
Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyə kimi proqramdan 102 gənc məzun olub. Hazırkı IV "Maarifçi" çərçivəsində 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində proqramda iştirak edir.




