Xarici mütəxəssis məktəblərin qiymətləndirilmə modelini açıqladı

9 Dekabr, 2025 - 11:55
Xarici mütəxəssis məktəblərin qiymətləndirilmə modelini açıqladı

“Məktəblər öz fəaliyyətlərini sistemli və etibarlı şəkildə qiymətləndirməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) İnkişaf üzrə rəhbəri, Avropa məktəb inspektoru Erik De Bou bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.

O qeyd edib ki, tədris və öyrənmə prosesinin keyfiyyəti, davamlı inkişafı təmin edilməlidir. Bunun üçün məktəblərdə gigiyena və təhlükəsizlik kimi sahələr sistemli şəkildə nəzərdən keçirilməlidir. Əvvəlcə məktəbdə gediş-gəliş və müşahidələr aparılır, sonra isə müəyyən fənlər seçilərək (məsələn, riyaziyyat, təbiət elmləri və dillər) onlar üzrə dərs ziyarətləri həyata keçirilir. Hər bir inspektor (ümumilikdə dörd-beş nəfər) siniflərdə dərsi izləyir və qiymətləndirmə aparır:

“Daha sonra müşahidələr, müsahibələr və müzakirələr əsasında nəticələr birləşdirilir. Məktəblə birgə refleksiya aparılır.

“Biz bunları gördük, amma siz müsahibədə başqa bir şey söylədiniz. Sizcə vəziyyət necədir?” – deyə soruşulur. Bu proses məktəbi dərhal qiymətləndirmədən, fərqlilikləri müəyyən etməyə imkan verir”.

O əlavə edib ki, qiymətləndirməni sistemləşdirmək üçün xüsusi şkala yaradılıb. Hər bir keyfiyyət göstəricisi üzrə dörd səviyyə - “Gözləntilərdən az”, “Gözləntilərə yaxın”, “Gözləntilərə cavab verir”, “Gözləntiləri üstələyir” müəyyən edilir. Əksər məktəblərin məqsədi təbii ki, gözləntiləri üstələməkdir. Lakin məktəbdə çoxlu güclü tərəflər varsa və əsas inkişaf sahələri yoxdursa, bu halda məktəb “gözləntilərə cavab verir” kimi qiymətləndirilir”.