Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilib
Martın 17-də Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yubiley mərasimi universitetin tələbələrindən ibarət xor kollektivinin kamera orkestrinin müşayiətində Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib.
Xəzər Universitetinin yaradılmasnın böyük zəhmətin, ideyaların və inamın nəticəsi kimi qiymətləndirən H.İsaxanlı qeyd edib ki, bizim məqsədimiz yeni tipli, azad düşüncəyə əsaslanan bir təhsil mühiti yaratmaq idi. “Biz inanırdıq ki, təhsil yalnız bilik ötürmək deyil. Təhsil insanın dünyagörüşünü formalaşdırmalı, ona sual verməyi, düşünməyi və müstəqil qərar çıxarmağı öyrətməlidir. Əgər tələbə yalnız eşitdiyini təkrarlayırsa, bu, əsl təhsil deyil. Təhsil o zaman başlayır ki, tələbə müstəqil düşünür, suallar verir və fərqli fikirlər irəli sürür. Bizim üçün universitet azad fikir məkanıdır. Burada müəllim və tələbə arasında açıq dialoq olmalı, yaradıcılıq təşviq edilməli və hər kəs öz fikrini sərbəst ifadə edə bilməlidir”.
Onun sözlərinə görə, universitet yalnız peşəkar kadrlar yetişdirməməlidir. O, həm də cəmiyyət üçün məsuliyyətli, etik dəyərlərə sahib insanlar formalaşdırmalıdır. Çünki cəmiyyətin inkişafı yalnız biliklə deyil, dürüstlük, məsuliyyət və vətəndaş mövqeyi ilə mümkündür.
“Ən böyük uğurumuz isə məzunlarımızdır. Onların müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər bizim yolumuzun düzgün olduğunu göstərir. Bu gün biz keçmişimizlə fəxr edə bilərik. Lakin əsas məsələ gələcəkdir. Dünya dəyişir və təhsil sistemi də bu dəyişikliklərə uyğunlaşmalıdır”.
H.İsaxanlı qeyd edib ki, “Universitetin qarşısında duran əsas vəzifələrdən biri qlobal təhsil məkanının bir hissəsi olmaqdır. Bu isə yüksək standartlara cavab verən təhsil, güclü elmi tədqiqatlar və rəqabətqabiliyyətli məzunlar deməkdir. Gələcəkdə universitet yalnız bilik verən bir məkan deyil, həm də innovasiya və yeni ideyalar mərkəzi olmalıdır. O, cəmiyyətin inkişafına təsir edən aparıcı bir qüvvəyə çevrilməlidir. Bununla yanaşı, biz milli dəyərlərimizi də qorumalıyıq. Qloballaşma vacibdir, lakin öz kimliyimizi unutmaq olmaz. Mən inanıram ki, Xəzər Universiteti öz missiyasına sadiq qalaraq gələcəkdə də azad düşünən, yaradıcı və məsuliyyətli insanlar yetişdirməyə davam edəcək.
Daha sonra universitetin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.
Mərasimdə çıxış edən tektor Raziya İsayevа universitetin 35 ildə keçdiyi yolun böyük zəhmət və ardıcıl inkişafın nəticəsi olduğu vurğularaq bu günə qədər qazandığı uğurların güclü akademik heyət, beynəlxalq əlaqələr, keyfiyyətli təhsil prinsipləri ilə bağlı olduğunu qeyd edib. O, qeyd edib ki, universitet yalnız təhsil vermir, həm də cəmiyyət üçün faydalı, məsuliyyətli və savadlı gənclər yetişdirir. Rektor universitet kollektivinə və məzunlara təşəkkür edərək bildirib ki, bu nailiyyətlər birgə əməyin nəticəsidir. Rektor universitetin hələcək hədəfləri arasında təhsilin keyfiyyətinin daha da artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və universitetin nüfuzunun daha da yüksəldilməsi kimi vəzifələrin olduğunu qeyd edib. O bildirib ki, Xəzər Universiteti yalnız ali təhsil müəssisələri ilə əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, “British Council” kimi bir çox beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurur və çoxsaylı layihələr həyata keçirir. Rektor qeyd edib ki, alimlər universitetə cəlb olunaraq tədris və elmi-tədqiqat fəaliyyətinə töhfə verirlər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, Xəzər Universiteti yalnız Azərbaycan üçün deyil, bütün region üçün nümunəvi ali məktəbdir. Universitetin məzunlarının ölkənin elmi inkişafına, intellektual potensialının formalaşmasına mühüm töhfə verdiyini qeyd edən nazir bildirib ki, təhsil gənclərin inkişafında əsas rol oynayır və universitetlər bu baxımdan strateji əhəmiyyət daşıyır.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında Xəzər Universitetinin beynəlxalq səviyyədə tanınan və nüfuz qazanan ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Xəzər Universitetinin regionda keyfiyyətli təhsil modeli, beynəlxalq əməkdaşlıq imkanları ilə seçildiyini, yetişdirdiyi çoxsaylı məzunları ilə ölkənin intellektual səviyyəsinin yüksəlişinə töhfələr verdiyini bildirən səfir ali təhsil müəssisələrinin yüksəkhazırlıqlı mütəxəssislər, tədqiqatçılar hazırlmaqla ölkənin liderlərini yetişdirən strateji mərkəzlərə çevrildiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlıq imkanlarından bəhs edib.
Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahodır Turaev çıxışında türk cümhuriyyətləri arasında ali təhsil sahəsində həyata keçirilən tədris proqramları, birgə əməkdşlıq imkanlarından, universitetlərimizin cəmiyyətin inkişafına verdiyi töhfələrdən bəhs edib və Xəzər Universitetinin qardaş ölkələrin akademik əlaqələrinin qurulması və inkişafındakı səylərinin ilhamverici və örnək olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov, professor Misir Mərdanov Xəzər Universitetinin yaranması, inkişaf yolundan, əldə etdiyi uğurlardan, ölkəmizin ali təhsil sisteminə verdiyi töhfələrdən bəhs ediblər.
Sonda xüsusi yubiley təltifləri təqdim edilib. Yubiley mərasimi incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.



