Xırdalan məktəbində COP29-la bağlı məktəblilər üçün simulyasiya təlimi keçirilib
COP29 çərçivəsində oktyabrın 9-da ARTİ-nin təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, ARTİ əməkdaşı Xalidə Hüseynova və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Leyla Həsənova X sinif üzrə, ARTİ əməkdaşı Ləman Hacıyeva və həmin məktəbin müəllimi Könül Aslanova isə VIII sinif üzrə “açıq dərs” zamanı mövzu ilə bağlı simulyasiya ediblər.
ARTİ əməkdaşları tərəfindən şagirdlərə maarifləndirici təqdimat göstərilib, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin iqtisadi və siyasi əhəmiyyətindən danışılıb, həmçinin Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi, karbon emissiyasının azaldılmasında təbii qazın rolu, “yaşıl enerji”yə keçid, “yaşıl iqtisadiyyat”, “yaşıl zona” mövzuları şagirdlərlə müzakirə edilib və fikir mübadiləsi maraqla qarşılanıb.


