XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib
Bakıda ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu (IDD) tərəfindən təşkil olunan XX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bu il 20 illiyini qeyd edən beynəlxalq təhsil proqramı "Enerji təhlükəsizliyi və innovasiyalar" şüarı altında keçirilir.
İki həftə davam edəcək proqram müxtəlif ölkələrdən dövlət qurumlarının nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, beynəlxalq təşkilatların təmsilçilərini, akademik dairələrin nümayəndələrini və gənc mütəxəssisləri bir araya gətirəcək.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi, qlobal enerji bazarlarında mövcud tendensiyalar, geosiyasi çağırışlar, enerji diplomatiyası, "yaşıl" enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji sektoruna investisiyalar, eləcə də Azərbaycanın transformasiya olunan qlobal enerji sistemində strateji rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və "GL Group"un xarici əlaqələr və kommunikasiya üzrə qrup vitse-prezidenti İlqar İbrahimli çıxış ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Bakı Yay Enerji Məktəbinin 20 illiyi Azərbaycanın enerji sektorunun yeni nailiyyətləri ilə yadda qalacaq.
Onun sözlərinə görə, ADA Universiteti Bakı Yay Enerji Məktəbinin fəaliyyət göstərdiyi 20 il ərzində kampusda 20-yə yaxın yeni bina inşa edib.
"Kampusun inkişafı proqramın inkişafı ilə paralel gedib. Hər dəfə proqram keçiriləndə yeni bina istifadəyə verməyə çalışmışıq. Bu yaxınlarda universitetdə kənd təsərrüfatı və qida elmləri, həmçinin dizayn və memarlıq fakültələrinin iki yeni korpusu istifadəyə verilib. Universitet dayanıqlı inkişaf və enerji səmərəliliyinə xüsusi diqqət ayırır. İki binanın damında quraşdırılmış günəş panelləri ildə 1 milyondan çox kilovat-saat elektrik enerjisi istehsal edir. Bunun hesabına həmin korpuslar və köhnə kampus qismən enerji ilə təmin olunur", - deyə o bildirib.
H.Paşayev qeyd edib ki, universitetdə daha əvvəl geotermal enerjidən istifadə layihəsi də həyata keçirilib.
"Kampusumuzun bütün köhnə binaları qismən yerin enerjisi ilə təmin olunur. Bu, Azərbaycanda və faktiki olaraq regionda ilk belə layihə idi. Universitet həm Bakı Yay Enerji Məktəbi, həm də təhsil layihələri çərçivəsində bp şirkətinin dəstəyini almaqda davam edir. bp həmçinin "George Washington University" ilə ikili diplom proqramlarının inkişafına dəstək verir ki, bu da ADA-da mühəndislik təhsilinin gücləndirilməsinə xidmət edir.
ADA Universiteti fəaliyyətə Diplomatik Akademiya kimi başlayıb, lakin zamanla hazırlıq istiqamətlərini əhəmiyyətli dərəcədə genişləndirib. Diplomatik Akademiya hazırda universitetimizin məktəblərindən yalnız biridir. Bununla belə, diplomatiya sahəsində mütəxəssis hazırlığına töhfə verməkdən qürur duyuruq. Proqramlarımızın məzunları arasında artıq səfirlər də var", - deyə o bildirib.
H.Paşayev xatırladıb ki, ilk Bakı Yay Enerji Məktəbi 2006-cı ildə - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verildiyi ildə keçirilib və bunu rəmzi təsadüf adlandırıb.
"Əminəm ki, Bakı Yay Enerji Məktəbinin 20 illiyi də Azərbaycanın neft-qaz və enerji sektorunun yeni nailiyyətləri ilə yadda qalacaq", - deyə o əlavə edib.
Energetika nazirinin müavini Elnur Soltanov isə bildirib ki, Azərbaycan enerji resurslarını ölkənin inkişaf mənbəyinə çevirməyi bacarıb.
Onun sözlərinə görə, Bakı Yay Enerji Məktəbi müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirir və təsadüfi deyil ki, qeyri-rəsmi olaraq "energetika sahəsinin BMT-si" adlandırılır.
"Neft sənayesinin inkişafı Bakıya dövrünün ən yaxşı mühəndislərini, memarlarını və alimlərini cəlb edib, nəticədə şəhər dünyanın ən dinamik inkişaf edən mərkəzlərindən birinə çevrilib. Hələ 1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk demokratik respublika olub. 1941-ci ildə Azərbaycan nasizmə qarşı mübarizənin aparıldığı Şərq cəbhəsi üçün neftin 80 faizindən çoxunu təmin edirdi. 1990-cı illərdə isə Azərbaycan yenidən strateji seçim edərək neft-qaz ehtiyatlarını ölkənin inkişafı, regional əməkdaşlıq və beynəlxalq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi amilinə çevirdi", - deyə o bildirib.
E.Soltanov qeyd edib ki, həmin qərarlar sonradan dövlətçiliyin möhkəmlənməsində və Azərbaycan ərazilərinin işğaldan azad olunmasında mühüm rol oynayıb.
O, çıxışının sonunda Bakı Yay Enerji Məktəbinin iştirakçılarının Azərbaycanı və onun enerji tarixini daha yaxından tanıyacaqlarına əminliyini ifadə edib.
"İnanıram ki, məktəbi başa vurduqdan sonra siz daha bilikli, daha xoşbəxt olacaqsınız və Azərbaycanın odunu, işığını özünüzlə apararaq başqaları ilə bölüşəcəksiniz", - deyə nazir müavini əlavə edib.
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva isə çıxışında bildirib ki, SOCAR süni intellektə əsaslanan inteqrasiya olunmuş enerji şirkətinə çevrilir.
"SOCAR artıq sadəcə neft şirkəti deyil. Biz fəaliyyəti məlumatlara və süni intellektə əsaslanan inteqrasiya olunmuş, şaxələndirilmiş enerji şirkətinə transformasiya olunuruq. Şirkət neft-qaz sənayesinin bütün ənənəvi istiqamətlərində - kəşfiyyat, hasilat, nəqliyyat, emal və treydinq sahələrində fəaliyyətini davam etdirməklə yanaşı, enerji keçidi istiqamətində də fəaliyyətini genişləndirir. SOCAR artıq bir neçə ildir ki, günəş və külək enerjisi layihələri həyata keçirir, regional səviyyədə fəaliyyətini genişləndirmək imkanlarını nəzərdən keçirir və "yaşıl" enerjinin digər istiqamətlərini öyrənir", - deyə o bildirib.
SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, şirkət 2026-cı ildə Dünya İqtisadi Forumunun "Lighthouse Award" mükafatına layiq görülüb.
"Bu mükafat Azərbaycandakı SOCAR Karbamid Zavodunda rəqəmsal texnologiyaların, avtomatlaşdırmanın və süni intellekt həllərinin tətbiqinin tanınmasıdır. Əldə etdiyimiz təcrübə dünya səviyyəsində qəbul olunub və artıq digər ölkələrdə də istifadə oluna bilər. Bu il SOCAR İtaliyada Italiana Petroli şirkətinin yanacaq pərakəndə satışı biznesini və neft emalı aktivlərini satın alıb. Bu sövdələşmə şirkətin ən iri beynəlxalq əməliyyatlarından biri olub. Bu il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarının başlanmasının 20 ili tamam olur. Bu yaxınlarda kəmərin operator funksiyaları bp-dən SOCAR-a təhvil verilib. Bu o deməkdir ki, biz belə iri infrastrukturun idarə olunması üçün yerli ekspertiza formalaşdırmışıq və bu təcrübəni digər ölkələrlə bölüşməyə hazırıq", - deyə Z.Mustafayeva bildirib.
Onun sözlərinə görə, şirkətin əldə etdiyi nəticələrin heç biri beynəlxalq tərəfdaşlarla əməkdaşlıq olmadan mümkün olmazdı.
Sonda o, SOCAR-ın ADA Universiteti ilə əməkdaşlığa yüksək qiymət verdiyini, universitetin birgə təhsil proqramları çərçivəsində şirkətin rəhbər və menecerlərinin hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb.
Tədbir çərçivəsində ADA Universiteti ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionu üçün Təmiz Enerji Mərkəzi (CECECO) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd "təmiz" enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və bu istiqamətdə regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.




