Yalançı alimlər və itirilən etimad: Azərbaycan elminin imtahanı

18 Dekabr, 2025 - 09:45
Yalançı alimlər və itirilən etimad: Azərbaycan elminin imtahanı

Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransındakı (NASCO XXVIII) çıxışı Azərbaycan elmi sisteminə ünvanlanmış prinsipial mesajdır. Bu çıxış uzun illərdir elmi mühitdə gizli və ya qapalı mətbəxlərdə pıçıltı ilə danışılan, lakin açıq şəkildə səsləndirilməyən problemlərin dövlət səviyyəsində etirafı kimi dəyərləndirilə bilər.

Nazirin “elmi müəssisələrdə rasionallaşdırma” ilə bağlı fikirləri məsələnin mahiyyətini dəqiq ifadə edir: problem maliyyənin azlığında deyil, resursların elmi nəticəyə çevrilməməsindədir. Büdcəsi milyonlarla manat olan, lakin real elmi məhsul ortaya qoymayan qurumların mövcudluğu elmin institusional səmərəliliyini sual altına alır. Emin Əmrullayev bu məqamı açıq şəkildə vurğulayaraq rasionallaşdırmanı ixtisar yox, elmin inkişafına yönəlmiş məzmun dəyişikliyi kimi təqdim edir. 

Nazirin “elmdə riyakarlıq bizi yaxşı yerə aparmayacaq” fikri isə Azərbaycan elmi mühitinin əsas problemini bir cümlə ilə ifadə edir. Çünki elm yalnız bilik istehsalı deyil, ictimai etimadın qorunduğu institusional məkandır. 

“Son beş ildə məqaləsi olmayan alim utanmalıdır” sözləri ilə nazir burada, elmi fəaliyyətsizliyin normaya çevrilməsinə etiraz edir. Bu yanaşma elmi adların formal status deyil, daimi məsuliyyət daşıdığını xatırladır. Elm sahəsində titul bir dəfə əldə edilən imtiyaz yox, davamlı elmi fəaliyyətlə doğruldulan etimad nişanəsidir.

Emin Əmrullayevin “yalançı alimlərdən qorunmaq lazımdır” çağırışı xüsusilə diqqətəlayiqdir. Elmi adı olub elmi fəaliyyəti olmayan, formal dissertasiya və qarşılıqlı himayə mexanizmləri ilə elmi dərəcə və ya elmi ad statusu  qazanan şəxslər elmin nüfuzuna ən böyük zərbəni vurur. Nazir bu problemi açıq şəkildə dilə gətirməklə bu mövzunu ictimai müzakirəyə çıxarır.

Elmi adı olub elmi fəaliyyəti olmayan, formal dissertasiya və qarşılıqlı himayə mexanizmləri ilə elmi dərəcə və elmi ad qazanan şəxslər, elmin nüfuzuna ən böyük zərbəni vurur. Elmi baxımdan “yalançı alim” – elmi dərəcə və ya elmi ad əldə etmiş, lakin elmi fəaliyyətini fundamental prinsiplərə uyğun qura bilməyən şəxslərdir, o cümlədən: Elmi nəticəlilik (sistemli tədqiqat nəticələrinin olmaması); İrəli sürülən ideyaların elmi metodlarla təsdiq edilə bilməməsi; Təkrarolunma və elmi nəticələrin  real töhfəsi yoxdur.

Azərbaycan elmi mühitində ciddi narahatlıq doğuran daha bir tendensiya isə bəzi şəxslərin elmi fəaliyyəti olmadan, formal elmi dərəcə və elmi adlar əldə etməsidir. Nazir Emin Əmrullayevin vurğuladığı kimi, bu cür “yalançı alimlər” elmin ictimai etimadını sarsıdır. Elmi diskursda “yalançı alim” termini elmi fəaliyyətin formal atributlarını daşıdığı halda, mahiyyət etibarilə elmi norma və prinsiplərə uyğun olmayan fəaliyyəti ifadə edir.
Elmi kitabxanaya getmədən, müəllimlik təcrübəsi olmadan birbaşa professor, elmi-tədqiqatları incələmədən, heç bir ölkənin elmi kitabxanasına getmədən (e- kitabxana dönəmindən öncə), tədqiqat metodologiyasını öyrənməyən bəzi vəzifəli şəxslər imkanlarından istifadə edərək birbaşa elmi dərəcə və elmi ad ala biliblər.

Akademik mühitdə belə nümunələr gənc tədqiqatçılar üçün yanlış rol modelləri yaradır, motivasiyanı azaldır və elmin keyfiyyətli inkişafını əngəlləyir. Emin Əmrullayevin çıxışı isə bu reallığı açıq şəkildə dilə gətirərək, Azərbaycan elminin etimad və keyfiyyət bərpası üçün vacib çağırış rolunu oynayır.

Daha acınacaqlısı odur ki, bu cür “yalançı alimlər” elmi tədbirlərdə utanmadan keçmiş vəzifələrindən, şəxsi statuslarından danışır, konfransın mövzusuna uyğun olmayan çıxışlar edir və əsas məqsəd – elmi diskursu zənginləşdirmək – arxa plana keçir. 

Nazir Emin Əmrullayevin vurğuladığı kimi, “yalançı alimlərdən qorunmaq” artıq Azərbaycan elminin etimadını bərpa etmək və akademik mühiti sağlamlaşdırmaq üçün vacib çağırışdır.
Elmi fəaliyyətin keyfiyyətini qorumaq üçün akademik titulların şəffaf, nəticəyönümlü və etik meyarlarla verilməsi vacibdir. 

Nazir Emin Əmrullayevin son çıxışı, xüsusilə “yalançı alimlərdən qorunmaq lazımdır” çağırışı Azərbaycan elminə etimadın bərpası və institutların sağlamlaşdırılması istiqamətində vacib mesajıdır.
Bu çağırış göstərir ki, Azərbaycan elmi etimad və etik prinsiplərlə ölçülən bir institut olmalıdır. 
Elm yalnız bilik istehsalı deyil, həm də məsuliyyət mədəniyyətidir. Bu mədəniyyət formalaşmadan elmdə keyfiyyətli dönüş mümkün deyil. Eyni zamanda, formal məqalə sayına fokuslananlar da problem yaradır. Bir ildə otuzdan yuxarı məqalə yazdıran, amma elmi nəticələrin keyfiyyətinə, təsirinə və yeniliyinə fikir verməyənlər, elmin ictimai etimadını zəiflədir. Belə yanaşma sistemli formalizm və saxta nəşr bolluğu yaradır; nəticədə akademik titullar bilik və əməyin deyil, sadəcə kvantitativ göstəricilərin məhsulu kimi qəbul edilir.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışında elmin inkişafının strateji əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, elmin inkişafı müasir dövrdə ölkənin sosial iqtisadi və texnoloji tərəqqisinin əsas şərtlərindən biridir və elmi nəticələrin praktikaya tətbiqi ön planda olmalıdır; yalnız kağız üzərində deyil, real elmi məhsul yaradan elm cəmiyyətimizin davamlı inkişafını təmin edə bilər. Bu, elmin yalnız formal göstəricilər deyil, real elmi fəaliyyət və etimadla ölçülməli olduğunu bir daha göstərir.

Nazir Emin Əmrullayevin çıxışı bu problemi açıq şəkildə gündəmə gətirir: “yalançı alimlərdən qorunmaq lazımdır” çağırışı yalnız tənqid deyil, Azərbaycan elminin etimadını bərpa etmək və akademik məsuliyyət mədəniyyətini formalaşdırmaq üçün vacib mesajdır.

Ən mühüm məqamlardan biri isə nazirin səmimi etirafıdır: “proses inzibati qaydada tənzimləmək çətindir”. Bu cümlə göstərir ki, Emin Əmrullayev elmi idarəetmədə sadə inzibati yanaşmaların kifayət etmədiyini anlayır. Elm əmrlə inkişaf etmir. Elm akademik vicdan, dürüst münasibətlər, işlək etik kodekslər və daxili özünütənzimləmə ilə inkişaf edir. Bu reallığı qəbul etmək idarəetmədə yetkinliyin əlamətidir.

Nazirin alimlərə ünvanladığı “bir-birinizə dürüst olun” mesajı da təsadüfi deyil. Çünki elmi etimad təkcə dövlət–elm münasibətində deyil, alim–alim münasibətlərində formalaşır. Əgər alimlər öz aralarında həqiqəti demirsə, layiq olmayanlara layiq olmadıqları adlar verilirsə, bu, sonda bütün elmi mühitin nüfuzuna zərbə vurur.

Vəzifə və titulların real elmi fəaliyyətə uyğunluğunu təmin etmədən, institusional səmərəlilik və ictimai etimad bərpa edilə bilməz. Nə vaxta qədər elmi fəaliyyəti olmayan və ya “yalançı alimlər” akademik vəzifələrdə oturacaqlar? Bu sual Azərbaycan elminin ən ciddi çağırışlarından birinə çevrilib. Uzun illər boyunca formal dərəcə və titul sahibləri, real tədqiqat aparmadan vəzifələrdə qalaraq elmi mühiti zəiflədib, gənc alimlərin motivasiyasını məhv edib və elmin ictimai etimadını sarsıdıb.

Artıq bu vəziyyət tolerasiya edilməməlidir. Akademik vəzifələr yalnız real elmi nəticələr göstərən, tədqiqat və yaradıcılıq fəaliyyətində aktiv olan şəxslər üçün olmalıdır. Əks halda, institutlar kağız üzərində yaşayacaq, akademik titullar isə formal statusdan başqa bir mənaya sahib olmayacaq. Elm ictimai etimadın qorunduğu institutdur və bu etimad yalnız real fəaliyyət və məsuliyyət mədəniyyəti ilə bərpa edilə bilər.

Nazir Emin Əmrullayevin çağırışı bu baxımdan kritik əhəmiyyətə malikdir: yalançı alimlərdən və formal titul sahiblərindən qorunmaq, Azərbaycan elminin sağlam gələcəyi üçün vacib şərtdir. Artıq vaxtı çatıb ki, vəzifələr real elmi fəaliyyətə uyğunlaşdırılsın və institutlar etimadını geri qazansın.

Elm yalnız bilik istehsalı deyil. Elm cəmiyyətin doğruya inanmaq haqqını qoruyan bir institutdur. Bu institutu qorumaq üçün isə açıq söz, prinsipial mövqe və siyasi iradə lazımdır. 

Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim