Yaponiya universitetləri xarici tələbələrin sayını artırmağı planlaşdırır

20 Fevral, 2026 - 11:58
Yaponiya universitetləri xarici tələbələrin sayını artırmağı planlaşdırır

Yaponiya hökuməti beynəlxalq rəqabətin gücləndiyi bir dövrdə universitetlərdə əcnəbi tələbələrin payını yüksəltməyi planlaşdırır. 

"Azərbaycan müəllimi" Yaponiya KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın təhsil qurumlarının qərarına əsasən, üç milli universitetə xaricdən daha çox tələbə qəbul etməyə icazə verilib.

Yeni mexanizm universitetlərdə xarici tələbələr üçün mövcud kvotaların artırılmasını nəzərdə tutur. Sistem müəyyən tələblərə cavab verən Tohoku, Tsukuba və Hiroşima universitetləri üçün tətbiq olunacaq.

Hazırda bu ali təhsil müəssisələrində xarici tələbələrin nisbəti birrəqəmli faizlə ifadə olunur. Tohoku və Tsukuba universitetləri bu göstəricini 20–29 faiz aralığına çatdırmağı planlaşdırır. Hiroşima Universiteti isə mövcud payı əlavə 10 faiz artırmağı qarşıya məqsəd qoyub.

Rəsmi statistikaya görə, 2024-cü ildə Yaponiyada təhsil alan xarici tələbələrin sayı rekord həddə – 336 708 nəfərə çatıb. Hökumət bu rəqəmi 2033-cü ilə qədər 400 minə yüksəltməyi planlamışdı. Lakin "ICEF Monitor" tərəfindən yayımlanan məlumatlara əsasən, ölkə bu hədəfə vaxtından xeyli əvvəl nail olub. 2025-ci ilin iyun ayına olan göstəriciyə görə, Yaponiyada beynəlxalq tələbələrin sayı 435 200 nəfər təşkil edib. Bu, əvvəlki illə müqayisədə 8,2 faiz artım deməkdir. Artımda ilk dəfə ölkəyə gələn 180 min xarici tələbənin xüsusi rolu olduğu bildirilir. 

Mütəxəssislər bu tendensiyanı Yaponiyanın demoqrafik problemləri ilə əlaqələndirirlər. Yaşlanan əhali və azalan yerli işçi qüvvəsi fonunda hökumət xarici tələbələri potensial kadr bazası kimi qiymətləndirir. Rəsmi məlumatlara görə, ölkədə təxminən 866 min nəfər “yüksək ixtisaslı xarici işçi" kateqoriyasına daxildir və son on ildə bu qrupun həcmi dəfələrlə artıb.

Universitetlərdə tədris dili məsələsi də gündəmdədir. Bir sıra ali məktəblər yapon və ingilis dilli proqramlar arasında balansın necə qurulacağını müzakirə edir. Araşdırmalar göstərir ki, yapon dili ana dili ingilis dili olanlar üçün ən çətin dillərdən biri hesab olunur və bu amil bəzi xarici tələbələr üçün maneə yaradır.