“Yarımçıq arzusunu yaşatmaq istəyirəm”- Qızıl medallı boksçu
Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında qələbə sevinci yaşayan məktəblilər arasında gənc naxçıvanlı boksçu Məhəmməd Mustafayevin uğuru xüsusilə diqqət çəkir. +80 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan Məhəmmədin boynundan asılan qızıl medal həm də illərin zəhmətini, əzmini və inamını göstərir.
“Azərbaycan müəllimi” gənc boksçunun uğur hekayəsini təqdim edir.
2011-ci ildə anadan olan Məhəmməd Mustafayev Azər Tağıyev adına Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdidir. Onun boksla tanışlığı da erkən yaşlarından başlayıb. Birinci sinifdən məşqlərə başlasa da, yeddinci sinifdən bu idman növünə daha ciddi yanaşmağa qərar verib.
Məhəmmədin boksu seçməsinin arxasında isə kövrək bir ailə hekayəsi dayanır. Atası uşaqlıq illərində boksçu olmaq arzusunu ürəyində yaşatsa da, maddi imkanların məhdudluğu səbəbindən bu istəyini gerçəkləşdirə bilməyib. O, oğlunda öz yarımçıq qalmış arzusunun davamını görüb:
“Hətta bağçada oxuyarkən atam evdə mənə yüngül məşqlər etdirir, boksun ilkin qaydalarını öyrədirdi. Elə həmin vaxtdan bu idman növünə sevgim yaranıb”.
Bu sevgi zamanla uğurlara çevrilib. 2024-cü ildə keçirilən Azərbaycan Boks Çempionatında üçüncü yeri tutub, Naxçıvan Muxtar Respublikasında bir neçə dəfə çempionluq sevinci yaşayıb. 2025-ci ildə Azərbaycan Boks Çempionatının gümüş medalına sahib olub. Həmin ilin sentyabrında Avropa boks turnirinə vəsiqə uğrunda keçirilən seçim yarışlarının qalibi olub, dekabr ayında isə Türkiyənin Ağrı şəhərində keçirilən yoldaşlıq görüşündə çempion adını qazanıb. 2026-cı ilin fevralında yenidən Azərbaycan çempionatının gümüş medalını əldə edib və nəhayət, iyunun 20-də Məktəblilərin Respublika İdman Olimpiadasında qızıl medala sahib çıxıb.
Gənc idmançı üçün bu qızıl medal xüsusi məna daşıyır: “Yarışda qızıl medal qazanmaq çox yaxşı hissdir. Bu uğuru əldə etmək üçün çox yorucu məşqlər etmişdik. Artıq özümü qızıl medal qazanmağa tam hazır hiss edirdim. Bu medalın üzərində çox böyük əmək və əziyyət var”.
Bu yolda ona ən böyük dəstəyi ailəsi və müəllimi Elnur Kərimli verib. Bakıda olduğu günlərdə ailəsi hər yarışdan əvvəl ona zəng edərək “Nə olursa olsun, sən bizim çempionumuzsan”, – sözləri ilə mənəvi güc verib. Müəllimi və məşq yoldaşları isə texniki və taktiki hazırlıqda daim onun yanında olublar. Məhəmməd müəllimi haqqında danışarkən səmimi şəkildə deyir: “O mənim üçün təkcə müəllim deyil, həm də bir əmi kimidir”.
Təbii ki, uğur yolu həmişə asan olmayıb. Zədələr, stres, əsəb və ağır məşqlər də bu yolun ayrılmaz hissəsinə çevrilib. Lakin bütün çətinliklər onun iradəsini qıra bilməyib.
Bu gün Məhəmmədin qarşısında daha böyük hədəflər dayanır:
“Gələcəkdəki ən böyük hədəfim dostlarım Elmurad və Səfərlə birlikdə Avropa, dünya və olimpiya çempionu olmaqdır”.
Onun yaşıdlarına mesajı isə sadədir:
“Boks təkcə güclü yumruq vurmaq deyil. Bu idman növü insana intizam, hörmət, cəsarət və özünəinam öyrədir. Əgər əziyyət çəkməyə hazırsansa, bir gün sən də çempion ola bilərsən. Heç vaxt qorxma, çünki hər böyük boksçu bir vaxtlar sənin kimi yeni başlamışdı”.
Bir vaxtlar atasının evdə öyrətdiyi sadə hərəkətlərlə başlayan boks sevgisi artıq onu ölkə çempionluğuna qədər gətirib çıxarıb. İndi isə gənc boksçu yeni qələbələrə doğru irəliləyir.




