Yaşıl universitet, yoxsa yaşıl reytinq?

25 Sentyabr, 2026 - 15:35
Yaşıl universitet, yoxsa yaşıl reytinq?

Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq dayanıqlılıq reytinqlərində iştirakı son illərdə nəzərəçarpacaq dərəcədə genişlənir. “UI GreenMetric World University Rankings 2026” nəticələri də bu dinamikanı təsdiqləyir: reytinqdə təmsil olunan Azərbaycan ali təhsil müəssisələrinin sayı ötən illə müqayisədə 19-dan 22-yə yüksəlib, TOP 500-də yer alan universitetlərin sayı isə 1-dən 5-ə çatıb. Ümumilikdə 16 Azərbaycan ali təhsil müəssisəsinin əvvəlki illə müqayisədə mövqeyini yaxşılaşdırması, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyasının reytinqdə ilk dəfə təmsil olunması da diqqətçəkən məqamlardandır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Asiman İlyasov bildirib ki, Bakı Dövlət Universitetinin nəticəsi bu baxımdan ayrıca diqqətə layiqdir.

Onun sözlərinə görə, BDU 2025-ci ildə 1745 universitet arasında 493-cü yerdə qərarlaşaraq Cənubi Qafqaz üzrə lider olmuşdu. 2026-cı ildə isə universitet 369-cu pilləyə yüksəlib. Bu, əvvəlki nəticə ilə müqayisədə 124 pillə irəliləyiş deməkdir:

“Daha geniş kontekstdə BDU-nun dayanıqlılıq istiqamətindəki mövqeyi yalnız bir reytinqlə ölçülmür. Universitet 2026-cı il “Times Higher Education Sustainability Impact Rankings” nəticələrində ilk dəfə 101–200 diapazonunda yer alaraq Cənubi Qafqazda lider mövqeyinə yüksəlib.

Dayanıqlılıqla əlaqəli bir neçə müxtəlif reytinq nəticəsinə baxdığımız, eləcə də nüfuzlu reytinq göstəriciləri ilə digər reytinqləri müqayisə etdiyimiz zaman belə bir sual yaranır: universitetlərin dayanıqlılıq üzrə real performansı müxtəlif reytinq sistemlərində niyə bu qədər fərqli nəticələr yarada bilir?

Artıq elmi nəşrlər dünyasında “peer-review” mexanizmindən keçməyən, məqalələri keyfiyyətli elmi ekspertizadan keçirmədən qəbul edən jurnalların “predatory journals” - “yırtıcı jurnallar” kimi müzakirə edilməsi elmi ictimaiyyət üçün adi praktikaya çevrilib. Burada əsas problem jurnalın adının və ya nəşr sayının çoxluğu deyil, müstəqil validasiya, şəffaf qiymətləndirmə və keyfiyyət təminatı mexanizmlərinin olub-olmamasıdır".

A.İlyasov qeyd edib ki, eyni məntiqi universitet reytinqlərinə münasibətdə də müəyyən dərəcədə tətbiq etmək mümkündür:

"Müstəqil validasiya mexanizmləri, məlumatların yoxlanılması, iştirak şərtləri, məlumatların təqdim edilməsi və qiymətləndirmə prosesinin şəffaflığı kimi məsələlərin reytinqlərin etibarlılığının qiymətləndirilməsində əsas meyarlar olması vacibdir.

Bu baxımdan “predatory rankings” anlayışının akademik və peşəkar mühitdə ayrıca müzakirə olunması da mümkündür. Çünki universitetlərin özləri tərəfindən təqdim olunan məlumatların hansı həcmdə yoxlanıldığı, hansı göstəricilərin faktiki audit və ya müstəqil təsdiqdən keçdiyi və iştirakın hansı prinsiplərlə formalaşdığı sualları cavabsız qaldıqda, reytinq nəticəsinin interpretasiyası da çətinləşir".

Dosent həmçinin vurğulayıb ki, dayanıqlılıq yalnız universitet ərazisində yaşıllıq sahəsinin, günəş panellərinin və ya tullantı qutularının sayı ilə müəyyən edilə bilməz:

"Dayanıqlılıq institusional siyasət, enerji və su idarəetməsi, tullantıların idarə olunması, nəqliyyat siyasəti, tədris, tədqiqat, idarəetmə və nəticələrin uzunmüddətli təsiri ilə birlikdə qiymətləndirilməlidir.

Əslində, əsas hədəf reytinq cədvəlində mümkün qədər yüksək pillədə qərarlaşmaq olmamalıdır. Əsas hədəf həmin reytinqdə istifadə olunan indikatorların arxasında dayanan real institusional dəyişiklikləri təmin etməkdir.

Bu baxımdan universitetlər üçün növbəti mərhələ yalnız “reytinqdə iştirak etmək” deyil, reytinq göstəricilərini institusional keyfiyyət təminatı sistemlərinə inteqrasiya etmək olmalıdır. Çünki yaşıl universitet reytinqdə “yaşıl” görünən deyil, ölçülə bilən, sübut edilə bilən və davamlı şəkildə daha yaşıl fəaliyyət göstərən universitetdir”.