Yaxşı məktəb olmaq üçün imtahan nəticəsi əsas deyil – Səbəbini MÜTDA açıqlayır

6 Fevral, 2026 - 10:54
Yaxşı məktəb olmaq üçün imtahan nəticəsi əsas deyil

Ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti cəmiyyətin gələcəyini müəyyən edən əsas göstəricilərdən biridir. Son illər bu sahədə aparılan islahatlar, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və məktəbdaxili proseslərin obyektiv monitorinqi xüsusilə aktuallaşıb. “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi məlumatlar isə göstərir ki, bu gün məktəblərin fəaliyyəti yalnız imtahan nəticələri ilə deyil, daha geniş və çoxölçülü meyarlar əsasında dəyərləndirilir.

Məktəblərin keyfiyyəti necə ölçülür? 

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin “Azərbaycan müəllimi”nin sorğusuna cavabında bildirilir ki, hazırda məktəblərdə keyfiyyətin qiymətləndirilməsi xüsusi çərçivə sənədi əsasında aparılır və əsas məqsəd məktəbin real fəaliyyətinin obyektiv şəkildə dəyərləndirilməsidir.
Monitorinqlər məktəblərin güclü tərəflərini və inkişaf ehtiyacı olan sahələri müəyyən etməyə, eləcə də tədrisin keyfiyyətini davamlı şəkildə yaxşılaşdırmağa xidmət edir. Bu proses yalnız nəticələrə deyil, məktəb daxilində baş verən proseslərin özünə fokuslanır.

Keyfiyyət monitorinqləri dörd əsas istiqamət üzrə aparılır:

– şagirdlərin davranışı və nizam-intizamı,
– öyrətmə və öyrənmə prosesinin təşkili,
– məktəbdə dəstəkləyici mühitin yaradılması,
– liderlik və idarəetmə.

Bu sahələr çərçivəsində dərslərin planlaşdırılması, müəllimin sinfi idarəetmə bacarığı, formativ qiymətləndirmənin tətbiqi, psixoloji mühitin sağlamlığı, xüsusi qayğıya ehtiyacı olan və istedadlı şagirdlərlə iş, həmçinin məktəbin strateji idarəetmə mexanizmləri ayrıca dəyərləndirilir.

Qiymətləndirmə zamanı yalnız bir mənbəyə istinad edilmir. Dərs müşahidələri, məktəb sənədlərinin təhlili, müəllim, şagird və valideyn sorğuları, fokus qrup müzakirələri və müsahibələrdən əldə olunan məlumatlar birlikdə analiz olunur. Nəticə isə bu müxtəlif mənbələrin sintezi əsasında formalaşdırılır.
Maraqlı məqamlardan biri də odur ki, məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəriciləri monitorinq zamanı əsas indikator kimi götürülmür. Agentlik bildirir ki, qəbul nəticələri məktəbin daxili tədris prosesinin real keyfiyyətini tam əks etdirmir. Çünki bu göstəricilərə repetitor hazırlığı kimi məktəbdənkənar faktorlar ciddi təsir göstərir.

Bu səbəbdən də monitorinq zamanı diqqət şagirdlərin dərs prosesində fəallığına, bacarıqlarının necə formalaşdığına, diferensial yanaşmanın tətbiqinə və formativ qiymətləndirmənin effektivliyinə yönəldilir. Məktəbin verdiyi töhfə ilə kənar hazırlığın təsiri arasında fərq qoyulmasına xüsusi əhəmiyyət verilir.
MÜTDA-nın yekun yanaşmasına görə, məktəblərin keyfiyyəti imtahan və qəbul nəticələri ilə deyil, məktəbin öz daxilində qurduğu təlim-tərbiyə proseslərinin səviyyəsi, idarəetmənin effektivliyi və şagirdlərin hərtərəfli inkişafı ilə ölçülməlidir. Bu isə məktəbin yalnız bilik ötürən deyil, şəxsiyyət formalaşdıran bir mühit kimi dəyərləndirildiyini göstərir.