Yekun qiymət şagirdin bütün bacarıqlarını əks etdirirmi? – Mütəxəssis baxışı
Qiymətləndirmə təhsil sisteminin ayrılmaz hissəsi olmaqla yanaşı, şagirdlərin bilik və bacarıqlarının obyektiv müəyyənləşdirilməsi, onların inkişaf dinamikasının izlənilməsi və tədris prosesinin keyfiyyətinin artırılması baxımından mühüm rol oynayır. Məktəblərdə tətbiq olunan qiymətləndirmə sistemi yalnız şagirdin topladığı balı deyil, həm də onun öyrənmə prosesində qazandığı kompetensiyaları, analitik düşünmə qabiliyyətini və praktik bacarıqlarını əks etdirməlidir. Lakin son illərdə müəllimlər, valideynlər və təhsil ekspertləri arasında mövcud qiymətləndirmə mexanizminin nə dərəcədə effektiv olması, onun şagirdlərin real bilik səviyyəsini tam əks etdirib-etdirməməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Bəs hazırkı qiymətləndirmə sistemi qarşıya qoyulan məqsədlərə nə qədər cavab verir? Mövcud yanaşmada hansı çatışmazlıqlar var və daha səmərəli nəticə əldə etmək üçün hansı dəyişikliklərə ehtiyac duyulur? Bu suallar ətrafında aparılan müzakirələr təhsil sahəsində ən aktual mövzulardan biri olaraq qalır.
Mövzu ilə “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Həbibə Sarıbəyli bildirib ki, məktəblərdə tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır:
“Formativ, summativ və diaqnostik qiymətləndirmə müəllimə şagirdin inkişafını izləməyə, çatışmazlıqları vaxtında aşkar etməyə imkan verir. Lakin mövcud sistemi tam ideal hesab etmək olmaz.
Əsas problemlərdən biri odur ki, summativ qiymətləndirmələr bəzi hallarda şagirdin bütün bilik və bacarıqlarını tam əks etdirmir. Bununla yanaşı, qiymətləndirmə ilə bağlı sənədləşmə və hesabat işlərinin çoxluğu, şagirdlərin qiymətə həddindən artıq fokuslanması və öyrənmə motivasiyasının ikinci plana keçməsi də diqqət çəkən məsələlərdəndir. Məncə, ən mühüm problem şagirdlərin bir çox bacarıqlarının qiymətləndirmədən kənarda qalmasıdır.
Bir sıra hallarda qiymətləndirmə yalnız nəticəyə yönəlir, şagirdin fərdi inkişafı, yaradıcı düşüncəsi, praktik bacarıqları, tənqidi düşünməsi, ictimai fəallığı, əməkdaşlıq bacarığı, məsuliyyəti və təşəbbüskarlığı kifayət qədər nəzərə alınmır. Halbuki bu keyfiyyətlər müasir təhsilin əsas məqsədlərindən hesab olunur və ən az akademik bilik qədər önəmlidir”.
Müsahibimiz qeyd edib ki, məktəbdaxili qiymətləndirmənin aparılması barədə təlimata əsasən, böyük summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məktəb rəhbərliyinin nəzarəti altında həyata keçirilməlidir:
“Eyni zamanda, rəsmi qaydalar müəllimə qiyməti öz mülahizəsinə əsasən dəyişmək səlahiyyəti vermir. Müəllim qiymətləndirməni yalnız təsdiq edilmiş meyarlar və şagirdin işi əsasında aparmalıdır.
Lakin praktikada elə hallar olur ki, BSQ zamanı şagird həyəcan, tanış olmayan sual tipləri və ya qeyri-adi imtahan mühiti səbəbindən real biliyindən aşağı nəticə göstərir. Belə hallarda ilboyu şagirdi müşahidə edən fənn müəlliminin peşəkar rəyi və müşahidələri yekun nəticədə nəzərə alınmır.
Hazırda formativ qiymətləndirmə tətbiq olunsa da, müəllimin ilboyu apardığı müşahidələrin nəticələri yekun qiymətə birbaşa təsir göstərmir. Halbuki müəllim şagirdin dərsdəki fəallığını, tənqidi düşünmə bacarığını, əməkdaşlığını, məsuliyyətini, layihə və təqdimatlardakı fəaliyyətini, problem həll etmə və ünsiyyət bacarıqlarını ən yaxşı müşahidə edən şəxsdir. Bu keyfiyyətləri yalnız yazılı işlə tam qiymətləndirmək mümkün deyil”.
H.Sarıbəylinin sözlərinə görə, dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən Finlandiya, Kanada və Estoniyada müəllimin peşəkar müşahidələri qiymətləndirmənin mühüm tərkib hissəsi hesab olunur:
“Müəllim şagirdin ilboyu inkişafını izləyir, müşahidələrini əvvəlcədən müəyyən edilmiş obyektiv meyarlar əsasında qiymətləndirir və bu nəticələr ümumi qiymətləndirmədə nəzərə alınır. Bu yanaşma müəllimin subyektiv qərarına deyil, peşəkar müşahidə və şəffaf qiymətləndirmə meyarlarına əsaslanır.
Hesab edirəm ki, Azərbaycanın məktəbdaxili qiymətləndirmə sistemində də müəllimin formativ qiymətləndirmə zamanı əldə etdiyi müşahidələrə müəyyən pay verilməsi məqsədəuyğun olardı. Bu, müəllimə istədiyi qiyməti yazmaq səlahiyyəti vermək deyil, ilboyu aparılan peşəkar müşahidələrin obyektiv meyarlar əsasında qiymətləndirməyə daxil edilməsidir.
Nəticə etibarilə, müəllimin peşəkar müşahidəsi ilə summativ qiymətləndirmənin nəticələrinin uzlaşdırılması şagirdin real nailiyyətlərini daha düzgün əks etdirər, qiymətləndirmə sistemini daha ədalətli və inkişafyönümlü edər. Bununla yanaşı, obyektivliyin qorunması üçün daha effektiv nəzarət mexanizmləri tətbiq edilə bilər”.




