"Yeni çağırışlar" kitabı təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb
Mayın 23-də Bakı Slavyan Universitetində “Yeni çağırışlar” kitabının təqdimat mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təqdimat mərasimində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, tanınmış ictimai xadimlər, təhsilin bütün pillələri üzrə Bakı və digər regionlarda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və digər təhsil işçiləri olmaqla 500 nəfər iştirak edib.
“Yeni çağırışlar” kitabının müəllifi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi çıxış edərək bildirib ki, kitabda dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alır. Qeyd olunub ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, daha təhsilli gələcək naminə qabaqcıl beynəlxalq təcrübələr və dünya standartları öz əksini tapır.
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, “Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları və qlobal çağırışları daha dərindən anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, nəşrdə yer alan beynəlxalq təcrübələr, innovativ pedaqoji yanaşmalar və liderlik modelləri Azərbaycan təhsil sisteminin inkişafı üçün dəyərli mənbədir. Kitab yalnız nəzəri baxışları deyil, praktik yanaşmaları da özündə ehtiva edir.
Tədbirdə Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, əməkdar müəllim, Humanist Pedaqoqika Akademiyasının professoru, Asif Cahangirov, psixoloq Mətanət Hüseynova, Bakı Slavyan Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov kitabdakı tezislər əsasında təqdimatla çıxış ediblər. Onlar dünyaşöhrətli təhsil mütəfəkkirlərinin “Yeni çağırışlar” kitabı haqqında səsləndirdikləri yüksək rəyləri xüsusi qeyd edərək nəşri qlobal miqyasda mühüm mənbə kimi dəyərləndiriblər.
Professor Səlahəddin Xəlilov və Bakı Slavyan Universitetinin prorektoru Fikrət Cahangirov da qonaqları salamlayıb. Çıxışlarda bildirilib ki, kitab təhsilin gələcəyinə dair strateji düşüncənin formalaşmasına mühüm töhfə verir.
Tədbirdə Prezident mükafatçısı Təranə Yusifovanın rəhbərlik etdiyi Cahangir Cahangirov adına xor kollektivinin ifasında səsləndirilən “Yollar” mahnısı iştirakçıların alqışları ilə qarşılanıb. 3 nömrəli Uşaq İnkişaf Mərkəzinin təqdimatında nümayiş etdirilən və Lalə İbrahimova tərəfindən hazırlanan “Qanadlanan arzular” adlı rəqs də iştirakçıların marağına səbəb olub.
Qeyd edək ki, kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb.
“Yeni çağırışlar” kitabı Harvard Universitetinin professoru, “çoxnövlü intellekt” nəzəriyyəsinin banisi Hovard Qardner və digər dünyaşöhrətli təhsil mütəfəkkirləri tərəfindən də yüksək qiymətləndirilib.
Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, Harvard, MIT, Stanford, Toronto və digər nüfuzlu universitetlərin professorları, OECD, Dünya Bankı, UNESCO, UNICEF, “Coursera”, “Khan Academy”, “Microsoft”, “Google”, “Apple” və digər beynəlxalq qurumların rəhbər şəxsləri, təhsil ekspertləri və mütəfəkkirləri yer alırlar.



