Yeni dərs ili üçün alış-veriş: Hansı ay daha sərfəlidir?

29 İyun, 2026 - 16:38
Yeni dərs ili üçün alış-veriş: Hansı ay daha sərfəlidir?

Adətən valideynlər yeni tədris ilinin başlanmasına bir neçə həftə qalmış məktəb hazırlığı ilə bağlı alış-verişə başlayırlar. Bəs məktəbə hazırlıq üçün lazım olan ləvazimat və geyimləri daha sərfəli qiymətə almaq üçün alış-verişə nə vaxt başlamaq məqsədəuyğundur?

Mövzu ilə bağlı "Azərbaycan müəllimi"nə danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son dövrlərdə hər il məktəb ləvazimatları və məktəbli geyimlərinin qiymətlərində bahalaşma müşahidə olunur."Digər mühüm məqam ondan ibarətdir ki, avqustun sonu və sentyabrın əvvəlində tələbat kəskin artdığı üçün qiymətlərin yüksəlməsi ehtimalı da artır. Bu baxımdan iyul ayı alış-veriş üçün daha əlverişli hesab oluna bilər. Lakin başqa bir nüans da var. Sahibkarlar həmin dövrdə satışın artacağını nəzərə alaraq daha geniş məhsul çeşidini bazara çıxarırlar".

X.Kərimlinin sözlərinə görə, ailə büdcəsinə birdəfəlik böyük yük düşməməsi üçün məktəb ləvazimatlarını əvvəlcədən və mərhələli şəkildə almaq daha məqsədəuyğundur.

"Alış-verişə iyun-iyul aylarından başlamaq olar. Bu dövrdə tələbat nisbətən aşağı olduğundan daha sərfəli seçim etmək mümkündür. Bununla belə, fərqli situasiyalar da yarana bilər. Məsələn, məktəbin açılmasına az qalmış hansısa sahibkar çox sayda məktəbli forması gətirərək onları endirimlə satışa çıxara bilər. Ona görə də alış-veriş üçün ən sərfəli ayı birmənalı şəkildə göstərmək mümkün deyil. Üstəlik, bəzi məhsullar var ki, onların qiymətində ciddi dəyişiklik baş vermir", – deyə ekspert əlavə edib.