Yeniyetmə gimnast: "Şuşanın adını qaliblər sırasında görmək mənə sonsuz qürur verir"
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində gimnastika yarışlarının birinci günündə qaliblər arasında Şuşa şəhər Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Kamilla Bağırova da oldu. O, olimpiadada III yerə layiq görülüb.
Kamilla "Azərbaycan müəllimi" ilə sevincli anlarını paylaşıb:
“Bu gün medalçılar sırasında yer almaq mənim üçün böyük qürurdur. Sevincliyəm, həm də ona görə ki, doğma Şuşamızın Uşaq-Gənclər İdman Məktəbini təmsil edirəm. Medal qazanmağım həyatımın ən dəyərli unudulmaz anlarından biridir. Yarış zamanı yalnız özüm üçün deyil, təmsil etdiyim Şuşa üçün də çıxış etdiyimi hiss edirdim. Hər dəfə yarış meydançasına çıxanda düşünürdüm ki, mən yalnız bir idmançı deyil, həm də gözəl Şuşamızın təmsilçisiyəm və bu məsuliyyət mənə əlavə güc verirdi.
Bu uğurun arxasında böyük zəhmət dayanır. 3 yaşımdan gimnastika ilə məşğul oluram. Məşqçim Züleyxa İsmayılova hər zaman mənə inanıb, məqsədimə çatmaq üçün ruhlandırıb. Bu medalda, eləcə də digər yarış və beynəlxalq turnirlərdə əldə etdiyim nailiyyətlərdə onun əməyi çox böyükdür. Mən bu uğuru məşqçimə, ailəmə və mənə dəstək olan hər kəsə həsr edirəm.
Şuşanın adını belə mötəbər yarışda qaliblər sırasında eşitmək xüsusi hissdir. Bu, mənim üçün sadəcə idman nailiyyəti deyil, həm də böyük qürur və məsuliyyətdir.
Məktəblilərin Respublika İdman Olimpiadası mənə göstərdi ki, əzmkarlıq və zəhmət mütləq öz bəhrəsini verir. Yarışın yüksək səviyyədə təşkili, iştirakçılara göstərilən diqqət və qayğı biz gimnastlara daha da motivasiya verdi. Bu gün əldə etdiyim medal mənim üçün növbəti yeni başlanğıcdır. Qarşıda daha böyük hədəflərim var və ölkəmi gələcək yarışlarda da ən yüksək səviyyədə təmsil etmək üçün daha çox çalışacağam.
Şuşanı qaliblər sırasında təmsil etmək qazandığım uğurun ən dəyərli hissəsidir".




