Yeniyetmə məhbuslar necə təhsil alırlar? – Penitensiar müəssisədən REPORTAJ
Bu reportajda iştirak edən yetkinlik yaşına çatmayan məhbusların hüquqlarının qorunması məqsədilə adları, soyadları və törətdikləri cinayətlərlə bağlı məlumatlar gizli saxlanılıb.
Yeniyetməlik adətən məktəb partası, yarımçıq yazılmış dəftər, gələcək planlar və hələ tam formalaşmamış arzular deməkdir. Bu yaş həm ümiddir, həm də risk. Amma bu reportajdakı yeniyetmələrin hekayəsi başqadır. Onların arzuları yarımçıq qalıb. Bu yarımçıq qalan arzuların arxasında isə keçmiş var: bəzən bilmədən edilən yanlış, bəzən düşünülmədən atılan addım, bəzən də ağır bir səhv, cinayət, soyğunçuluq.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsi yeniyetmələr üçün ən sərt həqiqətin ünvanıdır. Burada hər gün eyni səslə açılan qapılar, eyni addımlarla ölçülən vaxt var. Amma həmin qapıların arxasında təkcə cəza deyil, dəyişmək üçün verilmiş ikinci şans da var.
Qanunvericiliyə əsasən, bu müəssisəyə 14–18 yaşlı yeniyetmələr qəbul olunur. Məhkəmə qərarı ilə 18 yaşdan 20 yaşadək şəxslər də burada saxlanıla bilər. Hər kəsin hekayəsi fərqlidir, amma hamısının ortaq cəhəti var: zaman artıq “təsadüfi” keçmir. Gün rejimi, qayda və intizam onların həyatını çərçivəyə salır. Amma bu çərçivənin içində məqsəd var, dağılmış həyatı yenidən formalaşdırmaq.
Burada təhsil seçim deyil, məcburiyyətdir. Törətdiyi əməldən asılı olmayaraq, hər bir yeniyetmə təhsilə cəlb olunur. Çünki onların çoxu azadlıqda uzun müddət təhsildən yayınmış, məktəb mühitindən qopmuş uşaqlardır.
Biz bir neçə saat boyunca bu müəssisədə olduq. Yeniyetmələrin gözlərində itirilmiş illərin peşmanlığını görməmək mümkün deyildi. Amma onların bir ümidi də var. Yeniyetmələrdən biri bunu qısa, amma çox dəqiq ifadə edir: “Mən bilirəm ki, azadlığa çıxanda özümlə buradan heç nə apara bilməyəcəyəm, ona görə də burada ən yaxın yoldaşım təhsildir”.
Bu sözlər müəssisədə təhsilin hansı məna daşıdığını aydın göstərir. Burada bir müəllim səsi, bir dəftər yeniyetmənin içindəki zülmətə işıq salır.
Burada əsas məsələ cəzanın müddəti deyil, düşüncənin dəyişməsidir
Müəssisənin rəisi Cavid Məmmədov deyir ki, məqsəd sadəcə cəzanı çəkmək deyil: yeniyetmələrin sağlam mühitdə saxlanılması, düşüncə tərzinin dəyişməsi, təhsilin davam etməsi və bir peşəyə yiyələnməsi əsas prioritetdir. O həm də vurğulayır ki, asudə vaxtın səmərəli təşkili üçün müxtəlif idman və intellektual məşğələlər keçirilir. AFFA, Badminton Federasiyası və Şahmat Federasiyasının müəllimləri həftədə bir neçə dəfə dərslər aparır. Cavid Məmmədovun arzusu sadədir: yeniyetmələrin azadlığa çıxandan sonra həyatlarını düzgün qurmaları və yenidən bu qapıdan geri dönməmələri.
Onlar parta arxasında “məhkum” yox, “şagird”dirlər
Müəssisədə 45 nömrəli axşam tam orta məktəbi fəaliyyət göstərir. Bu məktəb 12 illik təhsil verir. Həftəiçi hər gün dərsləri 10 pedaqoq və bir laborant təşkil edir. Təhsilini bitirənlər buraxılış imtahanı verir və attestat alırlar.
Məktəbin direktoru Musa Almasov bildirir ki, burada qəbul 6-cı sinifdən başlayır, həm Azərbaycan, həm rus bölmələri var:
“Məktəbdə 14 fənn tədris olunur, rəsm və musiqi dərnəkləri fəaliyyət göstərir. Bizim qarşımızda əsas üç məqsəd var: tədris, tərbiyə və cəmiyyətə reinteqrasiya. Buradan çıxanların yenidən penitensiar sistemə qayıtmaması üçün çalışırıq. Əgər məktəbi burada olduqları müddətdə başa vururlarsa, buraxılış imtahanları da təşkil olunur və attestat təqdim edilir. Onu da qeyd edim ki, uşaqların hüquqlarının qorunması məqsədilə onların attestatlarında penitensiar müəssisənin nəzdində fəaliyyət göstərən məktəbdə təhsil almaları ilə bağlı heç bir qeyd aparılmır”.
Dərs prosesində yeniyetmələrə məhkum olduqlarını hiss etdirmirlər
Kimya müəllimi Nərgiz Abbasova deyir ki, dərs prosesində yeniyetmələrə məhkum olduqlarını hiss etdirmirlər. İlk vaxtlar adaptasiya çətinlikləri yaşansa da, zamanla uşaqlar sual verməyə, dərsə maraq göstərməyə başlayırlar:
“Buranın digər məktəblərdən fərqi yoxdur. Bütün fənlər tədris edilir. Fərq ondadır ki, onlar məhkumdurlar. Amma parta arxasında biz onlara məhkum olduqlarını hiss etdirmirik. Buraya gələn uşaqlar arasında orta təhsili olmayan, əlifbanı belə bilməyənlər var. Onlar burada hərfləri öyrənməyə başlayırlar. Müəssisə rəhbərliyi tərəfindən bizə bildirilib ki, ilk olaraq uşaqlarda insanlara və Vətənə sevgi yaradılmalıdır. Zamanla biz onların insanlara münasibətinin dəyişdiyini, peşmanlıqlarını dilə gətirdiklərini görürük. Biz kollektiv olaraq onları keçmişi ilə yaralamırıq, çalışırıq ki, hər şey müsbət olsun”.
Fiziki tərbiyə müəllimi Sahil Paşazadə isə nizam-intizamı dərsin əsas hissəsi kimi görür: uşaqlara qayda, intizam və vətənpərvərlik aşılanır, səhvi təkrar etməyin yolverilməz olduğu izah edilir.
Peşə məktəbi: Öyrənmək hər yerdə mümkündür
Müəssisədə 18 nömrəli peşə məktəbi fəaliyyət göstərir. Burada yeniyetmələr müxtəlif qısamüddətli kurslara cəlb olunurlar. Hazırda məhkumlar “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisasını öyrənirlər. Həftənin beş günü dərslər keçirilir: iki gün istehsalat təlimi, yəni kompüter üzərində praktika, digər günlər isə nəzəri biliklər.
Bu məktəbin ixtisas-fənn müəllimi Yeganə Rəhimova deyir ki, öyrənmə baxımından buradakı yeniyetmələrin digərlərindən fərqi yoxdur, amma bir çoxunun motivasiyaya ciddi ehtiyacı var:
"Bizim üçün burada əsas məsələ tədrisdir. Mən öz şagirdlərimə həm şagird, həm də insan kimi yanaşıram. Onlar öyrənəndir, mən isə öyrədən. Burada təkcə cəza çəkilmir, həyatın başqa tərəfini də görürlər: öyrənməyin, cəmiyyətə yararlı olmağın mümkün olduğunu anlayırlar. Mən artıq 4 aydır ki, bu qrupla məşğulam və görürəm ki, əvvəl aqressiv olan münasibət zamanla dəyişib. Öyrənmək hər yerdə mümkündür. Bir dəfə esse yazdırdım, şagirdlərimdən biri yazmışdı ki, dəftərimi yoxlayanda sizdən anamın iyi gəlir".
İdman: dəmir barmaqlıqların arxasında “özünlə yarış”
Müəssisədə idman təkcə fiziki fəaliyyət deyil. O, rejimin bir parçası, eyni zamanda psixoloji boşluğun dolmasıdır. Futbol, badminton, şahmat, hər biri bu yeniyetmələrə qaydanı, səbir etməyi, uduzanda yenidən ayağa qalxmağı öyrədir.
AFFA-nın məşqçi müəllimi Elvin Həmidov deyir ki, futbol dərslərini normativlərə uyğun, peşəkar şəkildə keçirlər. Uşaqların həvəsi yüksəkdir, bəzi yeniyetmələr azadlıqda da futbol oynayıb və burada da məşqləri səbirsizliklə gözləyirlər. Həmidovun əsas ümidi odur ki, azadlığa çıxandan sonra yeniyetmələr idmanda davam etsin və pis vərdişlərdən uzaq olsunlar.
Badminton üzrə məşqçi Mahmud Məmmədov isə yanaşmanı sadələşdirir: məhbusdur, ya şagirddir - fərqi yoxdur, əsas odur idmanı öyrənsin. Onun dediyinə görə, məşqlərdə əvvəllər 10 nəfər iştirak edirdisə, indi 30–40 nəfər qatılır:
“Badminton həm yorucu, həm də sağlamlıq üçün faydalıdır, üstəlik kollektivlik və qarşılıqlı hörmət yaradır. Enerji düzgün istiqamətə yönəlir və nizam-intizam formalaşır”.
Şahmat üzrə məşqçi Nurəli Məmmədzadə isə deyir ki, uşaqların çoxu şahmatı ümumiyyətlə bilmirdi, sıfırdan başlayıblar. Onun sözlərinə görə, şahmat düşünməyi, hesablamanı, qərar verməyi öyrədir və ümumilikdə, həyatla bağlı qlobal düşüncə formalaşdırır:
“Bu uşaqlar üçün yenidən öyrənmək, kollektivə uyğunlaşmaq, qaydalara əməl etmək, bunlar hamısı sanki sıfırdan başlayır. Potensial var, sadəcə vaxtında və düzgün istiqamətdə istifadə olunmayıb”.
Məhkum yeniyetmələr nə düşünürlər?
Bu müəssisədə ən real həqiqət yeniyetmələrin öz sözlərində gizlənib.
Həmsöhbət olduğumuz 16 yaşlı yeniyetmə deyir ki, azadlıqda olanda kompüterlərə marağı olub, idmanla məşğul olub. Buraya gələndə kompüter dərslərini görüb bunu fürsət bilib. Çölə çıxanda həmin sahədə işləmək, hətta dizayner olmaq istəyir. O, burada mehribanlıq, dürüstlük, vətəni sevmək və valideynlərinin qədrini bilməyi öyrəndiyini deyir və etiraf edir ki, buranı əvvəl qaranlıq yer kimi təsəvvür edib:“Bir ilim keçib burada, 9 ilim qalıb. Mən qətiyyən buranı belə təsəvvür etmirdim. Qaranlıq bir yer kimi təsəvvür edirdim. Burada mənim üçün çox şey dəyişib. İndi arzularım daha çoxdur”.
Digər yeniyetmə də artıq müddəti hesablayır: bir il bir ayı gedib, 8 il 11 ayı qalıb. O, kitab oxumağı sevir, daha çox detektiv janrına, xüsusilə Şerlok Holmsa üstünlük verir. Təhsilini davam etdirmək niyyətindədir; azadlıqda olsaydı, universitetə girmək istəyəcəyini, indi isə peşə olaraq kompüter texnikliyini öyrəndiyini deyir. Öz-özünə çıxardığı nəticə isə budur: səhv insana məxsusdur, əsas məsələ səhvdən dərs çıxarmaqdır. Əvvəllər səbrinin olmadığını, burada isə səbirli olmağı və özünə vaxt ayırmağı öyrəndiyini əlavə edir. Onun üçün də “ən yaxın yoldaş” təhsildir və gələcək arzusu sadədir: işi olsun, ailəsi ilə xoşbəxt yaşasın:
“8-ə qədər tam oxumuşam, 9-u iki ay oxudum, sonra tutuldum. Təhsilimi burada davam etdirirəm. İnşallah çıxandan sonra da təhsilimi davam etdirmək niyyətdindəyəm. Azadlıqda olsaydım, Neft və Sənaye Universitetinə girmək istəyərdim. Burada artıq peşə olaraq kompüter texniki peşəsini öyrənirəm”.
17 yaşlı digər bir yeniyetmə isə idmanı həyatının mərkəzində görür. Respublika dərəcəli mükafatları olduğunu deyir. Həbs həyatı onu kədərləndirsə də, burada müəyyən şeylər öyrənib. O, valideynlərinin və müəllimlərinin etimadını doğrultmaq istədiyini, təhsilin vacibliyini burada daha yaxşı anladığını deyir. Arzusu Azərbaycan bayrağını beynəlxalq yarışlarda zirvəyə qaldırmaqdır. Digər gənclərə tövsiyəsi də birbaşa və sərtdir: cinayət aləmindən uzaq olsunlar, çünki bura düşündükləri kimi deyil:
“Burada məhkumluq həyatı yaşadıqdan sonra anladım ki, biliklərə yiyələnmək də lazımdır. Hazırda mənim yaşıdlarım ali təhsil alırlar. Könül istəyərdi ki, mən də İdman Akademiyasında oxuyum. Amma çox təəssüf ki, məhkumluq həyatına düçar oldum. Gələcəkdə beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə qaldırmaq ən böyük arzumdur. Gənclərə demək istəyirəm ki, ata-analarından möhkəm yapışsınlar. Həyat yoluna onlarla birlikdə davam etsinlər”.
Bu divarlar sadəcə bir səhvin nəticəsidir. Burada isə yeniyetmələr anlayırlar ki, səhv etmək son deyil. Səhv həm də öyrənməyin ən sərt, ən real üsuludur. Bu qapılar bir gün açılacaq. Amma o gün onların həqiqi azadlığı dəmir barmaqlıqlardan yox, düşüncələrindən başlayacaq. O gün yanlarında aparacaqları ən dəyərli şey isə burada öyrəndikləri dərslər olacaq, kitablardan və həyatdan.



