Ulu Öndərin irsi necə yaşadılır?  – "Ən yaxşı təqdimat"dan REPORTAJ

7 May, 2026 - 16:34
Ulu Öndərin irsi necə yaşadılır?

Heydər Əliyevin zəngin siyasi irsinin gənclər tərəfindən necə öyrənildiyini görmək istəyirsinizsə, mayın 6-da keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasiminə baxmaq kifayət idi.  Zalda rəsmiyyətdən daha çox IX-XI sinif şagirdlərinin enerjisi və gələcəyə olan inamı hiss olunurdu. Onlar Ulu Öndərin həyatını sadəcə kitablardan oxuyub əzbərləməyiblər, sanki bu gənclər Ümummilli Liderin həyatını araşdırarkən özləri üçün yeni bir yol xəritəsi tapıblar.

Tədbir boyu şagirdlərin səmimi həyəcanı göstərirdi ki, bu müsabiqə onlar üçün bir öyrənmə məktəbi olub. Kimisi Ulu Öndərin müasir dövlətçilik ideyalarından danışır, kimisi də onun gənclərə verdiyi dəyəri öz uğuru ilə sübut etməyə çalışırdı. Nəticədə 33 nəfər qalib kürsüsünə yüksəldi: 6 nəfər birinci, 11 nəfər ikinci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

Mükafatlandırma mərasiminin rəsmi hissəsi bitdikdən sonra zalda yaranan o səmimi ab-havadan istifadə edib qaliblərlə söhbətləşdik. Onların hər birinin bu uğura gedən yolu fərqli olsa da, həyəcanları eyni idi.

İlk müsahibimiz Gədəbəy rayonunun Alnabat kəndindən gələn 11-ci sinif şagirdi Günəş Miriyevadır. Günəş I yerə layiq görülüb, qazandığı bu uğuru hələ yolun başlanğıcı hesab edir.

Ondan ilk təəssüratlarını soruşanda çox sadə və səmimi bir cavab aldıq:
“Bu müsabiqə məndə çox yaxşı təəssürat yaratdı. Bir gənc olaraq həm bu mövzunu öyrənmək, həm də Heydər Əliyevin gənclər üçün nələr etdiyini yaxından tanımaq mənim üçün vacib idi. Əslində, bizim bu gün burada iştirak edib qalib gəlməyimiz elə həmin siyasətin nəticəsidir”.

Günəş “Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti” mövzusunda təqdimat hazırlayıb. Maraqlıdır ki, onu bu müsabiqəyə qoşulmağa özündən daha çox müəllimləri və ətrafındakılar ruhlandırıblar. Nitqindəki axıcılıq, özünəinam elə ilk dəqiqələrdən hiss olunur. Bəlkə də elə buna görədir ki, müəllimləri ona bu qədər dəstək olublar.

Amma ən çox diqqətimi çəkən onun gələcəyə baxışı oldu. Günəş deyir ki, kiçik uğurlarla kifayətlənmək olmaz: “Əgər biz daha böyük uğurlar və işıqlı gələcək arzulayırıqsa, kiçik uğurların kölgəsində qalmamalıyıq. Bu uğur mənim üçün son deyil, başlanğıcdır. İnanıram ki, belə müsabiqələr digər şagirdləri də daha böyük hədəflərə ruhlandırır”.

Gələcəyin hüquqşünası olmağa hazırlaşan bu gənc qızın planları arasında xaricdə təhsil almaq da var. Günəşin gözlərindəki o parıltıdan görünür ki, o hara getsə də, özü ilə bərabər möhkəm bir iradə və böyük hədəflər aparacaq.

Zalda söhbətləşdiyimiz növbəti qalib isə yaşıdlarından özünəinamı ilə xüsusilə seçilirdi. Astara şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Yusif Muradlı üçüncü yerin sahibi olsa da, hədəfləri çox böyükdür.

Yusifin hekayəsində maraqlı bir təsadüf də var. Məlum oldu ki, o, Ulu Öndər Heydər Əliyevlə eyni gündə anadan olub. Bəlkə də elə buna görə müsabiqə onun üçün fərqli bir məna daşıyır: “Bu müsabiqənin mənim üçün xüsusi mənəvi əhəmiyyəti var. Çünki Heydər Əliyevlə eyni gündə dünyaya göz açmışam. Müsabiqə barədə dostumdan və müəllimimdən eşidəndə düşündüm ki, niyə də iştirak etməyim?”

Maraqlısı budur ki, Yusif, əslində, humanitar sahədən çox, riyaziyyat və texniki fənlərə meyillidir. Amma Heydər Əliyev irsini araşdırmaq onun üçün yeni bir təcrübə olub. Məktəb, rayon, zona turları addım-addım keçib bura qədər gəlib çıxıb.
Onunla gələcək planlarından danışanda isə gözlənilməz bir cavab alırıq. Yusifin hədəfi Çinin məşhur Beihang Universitetində oxumaq və ölkəmizin aparıcı aerokosmik mütəxəssislərindən biri olmaqdır.

Zaldakı digər uşaqlardan fərqli olaraq, Yusif daha çox gələcəyin texnologiyalarına köklənib. Amma bu gün burada qazandığı təcrübəni də özü ilə birlikdə həmin o uzaq hədəflərə aparmağa hazır görünür.

Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbin X sinif şagird Kənan Əlizadə ilə söhbət edəndə ilk diqqətimi çəkən onun qətiyyəti oldu. Çünki o, keçən il də şansını sınayıb, amma uğursuz olub. Ruhdan düşmək yerinə yenidən hazırlaşıb və bu il respublika mərhələsində üçüncü yerə qədər yüksəlib.

Kənan bu müsabiqəni digərlərindən fərqləndirən əsas məqamı belə izah edir: “Bu hansısa fənn yarışı deyil. Məhz Ulu Öndərin siyasi irsini öyrənmək məqsədi daşıyır. Keçən il region mərhələsində uduzsam da, bu il yer tutmağım mənim üçün böyük sevincdir”.

Onunla söhbət etdikcə anlayırsan ki, bu gənclər Heydər Əliyev irsinə keçmişin xatirəsi kimi yox, bu günün reallığı kimi baxırlar. Kənan ölkənin inkişafını, bugünkü imkanları məhz həmin siyasi xəttin davamı kimi görür və özünü belə bir ölkədə yaşadığı üçün xoşbəxt hesab etdiyini gizlətmir.

Maraqlıdır ki, Yusif kimi Kənan da gələcəyini texnologiya sahəsində görür. Onun hədəfi kibertəhlükəsizlik mütəxəssisi olmaqdır: “Kibertəhlükəsizlik sahəsində ölkəmi beynəlxalq layihələrdə təmsil etmək istəyirəm. Bu müsabiqə həm vətənpərvərliyimə, həm də ixtisas seçiminə marağımın artmasına çox təsir edib”.

Müsabiqənin ən əzmli iştirakçılarından biri də Sumqayıt Texniki və təbiət elmləri liseyinin IX sinif şagirdi Aqil Hacızadədir. Aqil II yerə layiq görülüb, amma bu nəticənin arxasında aylarla davam edən ciddi bir hazırlıq prosesi dayanır. O, oktyabr ayından bəri sanki böyük bir elmi iş üzərində işləyirmiş kimi Ulu Öndərin irsini dərindən araşdırmağa başlayıb. Onun dediklərindən bəlli olur ki, uğura gedən yol heç də asan olmayıb: “Regionumuz böyük olduğu üçün hər mərhələ olduqca çətin və məsuliyyətli idi. Təxminən 8-9 mərhələdən keçdim. Hər dəfə münsiflərin tövsiyələrini dinləyib, nöqsanlarım üzərində işləyərək özümü inkişaf etdirməyə çalışdım”.

Aqilin timsalında biz tənqidə açıq olan və öz üzərində yorulmadan çalışan yeni nəsil gəncliyini görürük. Liseydəki müəllimlərinin ona verdiyi motivasiya və nazirliyin bu müsabiqəyə verdiyi önəm Aqili daha da ruhlandırıb.

Gələcəkdə hüquqşünas olmaq istəyən Aqil üçün vətənə xidmət anlayışı çox konkret və sadədir: “Vətənimə layiqli xidmət edən savadlı bir kadr olmaq istəyirəm”.

Aqilin çıxışındakı o soyuqqanlılıq və məqsədyönlü yanaşma, onun gələcəkdə peşəkar bir hüquqşünas kimi mühüm işlərə imza atacağından xəbər verir.

Zalda söhbətləşdiyimiz növbəti qalib Bakı şəhəri Xəzər rayonu 26 nömrəli məktəbin XI sinif şagirdi Ayan Əliyeva oldu. Müsabiqənin gərgin mərhələlərini müəllimlərinin və məktəbinin dəstəyi ilə aşan Ayan I yerə layiq görülüb.

O özünü Ulu Öndərin gənclərə olan inamının bir təzahürü kimi görür: “Ulu Öndər deyirdi ki, Azərbaycanın gələcəyi onun gənclərindən asılıdır. Mən də bu gün onun ideyalarını davam etdirən bir Azərbaycan gənci olduğum üçün özümlə qürur duyuram”.
Ayanın hədəfləri də elə bu böyük məsuliyyətin davamıdır. O, gələcəkdə beynəlxalq hüquq sahəsində təhsil almağı planlaşdırır. Amma sadəcə təhsil almaqla kifayətlənmək fikrində deyil. Onun məqsədi Azərbaycanın səsini beynəlxalq arenalarda daha uca səsləndirməkdir.

Qusar şəhəri Bəhriz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Elmir Ağamirzəyev də I yerin sahiblərindən biri idi. Onun hər bir cümləsindən ciddi hazırlıq və özünəinam hiss olunurdu.

Elmirin təqdimat mövzusu digərlərindən bir az fərqlənirdi, o, ümumi faktlardan deyil, məhz doğulub boya-başa çatdığı torpaqdan danışmışdı: “Mənə “Heydər Əliyev və mənim rayonum” mövzusu düşmüşdü. Təqdimatımda Ulu Öndərin Qusara etdiyi səfərlərdən, oradakı fəaliyyətindən bəhs etdim. Birinci yerə layiq görülmək böyük qürurdur”.

Elmirin fikrincə, belə layihələr gənclərin özünəinamını artırır və onları gələcək hədəflərinə daha məsuliyyətlə yanaşmağa vadar edir.
Üç çətin mərhələni – rayon, region və respublika turlarını uğurla adlayan bu gənc gələcək peşəsini də artıq müəyyənləşdirib. O, insanların sağlamlığının keşiyində dayanmağı seçib: “Gələcəkdə həkim olmaq və bu çətin, amma şərəfli sahədə ixtisaslaşmaq istəyirəm”.

Digər qalibimiz isə 264 nömrəli məktəb-liseyin XI sinif şagirdi Zəhra Hacıbalayevadır. Zəhra bu müsabiqəyə hələ IX sinifdə oxuyarkən qoşulub, o vaxt finala qədər yüksəlsə də, yer tuta bilməyib. Amma bu uğursuzluq onu geri salmayıb, əksinə, daha da ruhlandırıb.

Zəhranın uğura gedən yolunu öz dilindən eşidək: “Tarixə marağım böyükdür, müxtəlif olimpiadalarda iştirak etmişəm. Amma Heydər Əliyevin fəaliyyəti ilə bağlı bu müsabiqədə uğur qazanmaq mənim üçün tam başqa bir qürurdur. 9-cu sinifdə finalda qalib ola bilməsəm də, bu il üçüncü yerə layiq görüldüm”.

Zəhra üçün bu il hər şey sanki ürəyinə görə olub. Hazırlıq müddətində ən çox maraq göstərdiyi “Heydər Əliyev və gənclər siyasəti” mövzusu elə finalda da onun qarşısına çıxıb. Deyir ki, əsas sirri məzmunun dəqiqliyi və nitqinin səlisliyində imiş. Münsiflərin suallarına verdiyi soyuqqanlı cavablar isə onu qalibiyyət kürsüsünə daşıyıb.

Gələcəkdə hüquqşünas olmaq istəyən Zəhra üçün bu, hələ yolun başlanğıcıdır. 

“Ən yaxşı təqdimat” müsabiqəsinə ölkə üzrə qoşulan 3181 şagirdin hər biri, əslində, Azərbaycanın gələcək simasıdır. Bəllidir ki, onlar Heydər Əliyev irsini öz həyat yolları üçün bir bələdçi kimi qəbul ediblər.