“Say azaldı, imkanlar artdı” – Karyera sərgisi necə keçdi? - REPORTAJ
Azərbaycan Memarlıq və İnşaat Universitetində ötən həftə gəlişli-gedişli keçdi. “Dizayn həftəsi”, sonra “Karyera həftəsi” oldu. Həftə ərzində keçirilən çoxsaylı seminarlar, maarifləndirici görüşlər, vörkşoplar və praktik sessiyalardan sonra Karyera sərgisi də təşkil olundu. Bu, universitetdə 7-ci karyera sərgisi idi.
Tələbə və məzunlar iş dünyasına AzMİU-nun 2000 nəfərlik idman zalında addım atdılar
Son 7 ildə ənənə halını alan sərgi yenə məqsədinə sadiq qaldı. Bu dəfə də tədbir tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsinə xidmət edirdi. Ona görə də ölkənin ən nüfuzlu tikinti, inşaat, dizayn şirkətləri bura cəlb edilmişdi. SOCAR, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bərpa və tikinti qurumları, Bakı Metropoliteni QSC, Azərbaycan Dəmir Yolları QSC, Təhsilin İnkişafı Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, PMD Projects MMC, “Kristal Abşeron” şirkəti və digər nüfuzlu təşkilatların nümayəndələri tədbirdə təmsil olunurdu.
Karyera sərgisi universitetin təqribən 2000 nəfərlik idman zalında təşkil edilmişdi. İş adamları, nüfuzlu şirkətlərin nümayəndələrini tələbələrlə, məzunlarla bir arada təsəvvür edin. Bizim müşahidə etdiyimiz mənzərə bundan ibarət idi: şirkət nümayəndələri gəncləri maraqla dinləyir, planları ilə maraqlanır, öz peşə uğurlarını onlarla paylaşırlar. Səmimi mühit, canlı, qaynar ortam kənardan baxan hər kəsi cəlb edir, içinə çəkirdi. Qısası, sərgi çərçivəsində müəssisələrin insan resursları üzrə nümayəndələri iştirakçılara vakansiyalar, təcrübə proqramları və işə qəbul prosedurları barədə məlumat verdilər. Tələbə və məzunlar isə təqdim olunan imkanlarla yaxından tanış olub, işəgötürənlərlə birbaşa ünsiyyət qurdu, uyğun vakansiyalar üzrə CV-lərini təqdim etdilər.
İlk bir il ərzində məzunlarının 83 faizdən çoxu işlə təmin edilir, onların 71 faizi ixtisasları üzrə işləyir
O gün universitetin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, Təhsilin İnkişafı Fondunun rəhbəri Nicat Məmmədli də qonaqlar arasında idi.
Gülçöhrə Məmmədova hesab edir ki, hər bir universitetin nə dərəcədə uğurlu və faydalı olduğunu qiymətləndirərkən məzunlarının buraxılışdan sonrakı illərdə işlə təmin olunma faizi əsas göstəricilərdən biridir. Xüsusilə də ixtisası üzrə işləyənlərin sayı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən rektor rəhbərlik etdiyi universitetin yüksək göstəricilərlə seçildiyini dilə gətirib: “Xüsusilə ixtisasları üzrə işləyənlərinin sayı çoxdur. Məzunlarımızın 83 faizdən çoxu ali təhsili başa vurduqdan sonra ilk bir il ərzində işlə təmin olunur, onların 71 faizi ixtisasları üzrə fəaliyyət göstərir. Bu, universitet-sənaye əlaqələrinin real nəticəsidir. Biz əlaqələrimizi daha da genişləndirərək istehsalatla əməkdaşlığımızı gücləndirməyə, təhsil siyasətimizi istehsalatın tələblərinə uyğunlaşdırmağa çalışırıq. Məqsədimiz bu göstəriciləri daha da yaxşılaşdırmaqdır”.
O, bu baxımdan karyera sərgilərinin tələbə və məzunların peşəkar gələcəyinin formalaşmasında mühüm rol oynadığını deyib. Bu kimi platformalar gənclərə əmək bazarının real tələblərini öyrənmək, ixtisaslarına uyğun müəssisələrlə birbaşa əlaqə qurmaq və gələcək karyeralarını düzgün istiqamətləndirmək imkanı yaradır. Məsələn, sərgi çərçivəsində yalnız ümumi vakansiyalar deyil, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirak edəcək memar və inşaat mühəndislərinin seçimi istiqamətində də işlər aparılıb: “Hər il təşkil edilən karyera sərgilərinin əsas məqsədi məzunlara iş tapmaqda kömək etməkdir. Bu il sərgidə iştirakçı sayını müəyyən qədər azaltmışıq. Bu, məqsədli şəkildə edilib. Daha çox real iş təklifləri ilə çıxış edən, mütəxəssislərimizdən ən çox faydalanan şirkətlərin və dövlət qurumlarının nümayəndələrini dəvət etmişik. Burada həm vakansiyalar, həm təcrübə proqramları təqdim olunur, həm də şirkətlərin kadr bazasına daxil olmaq üçün anket və sorğular keçirilir. İnanırıq ki, bu yanaşma sərginin effektivliyini artıracaq və daha çox tələbə və məzun iş imkanı əldə edəcək”.
Bu həm də o deməkdir ki, AzMİU-da təşkil edilən sərgilər ölkənin strateji inkişaf prioritetləri ilə birbaşa bağlıdır: “Bildiyiniz kimi, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir və bu sahədə kadrlara ciddi ehtiyac var. Əsas məsələ ondan ibarətdir ki, hazırladığımız mütəxəssislər həmin sahələrdə mövcud olan tələblərə cavab verə bilsinlər”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli karyera sərgilərini universitet-sənaye əməkdaşlığının təmin olunmasında xüsusi rol oynayan hadisələrdən biri kimi kimi dəyərləndirib. Onun fikrincə, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması müasir təhsil siyasətinin əsas prioritetlərindəndir. O vurğulayıb ki, bu kimi karyera platformaları dövlət, təhsil və real sektor arasında körpü rolunu oynayaraq gənclərin peşəkar inkişafına mühüm töhfə verir. N.Məmmədli bu istiqamətdə Təhsilin İnkişafı Fondunun da verdiyi töhfələri vurğulayıb: “Təhsilin İnkişafı Fondu həm tələbələrimizin, həm də müəllimlərin rifahınıın yaxşılaşdırılması istiqamətində işlər görür. Bizim çoxlu biznes partnyorlarımız var. Gələcəkdə onları Memarlıq və İnşaat Universitetinin tələbələri ilə əlaqələndirə bilərik. “TəhsilPlus” kartları ilə bundan daha yaxşı imkanları müəllimlərimiz üçün təklif edəcəyik. Artıq bu proses başlayıb və ilin sonunadək proses yekunlaşacaq”.
Fond rəhbəri tələbələrə onların karyeralarının inkişafı üçün çox faydalı olacaq bir layihə ilə bağlı məlumat verib: “Bir müddətdir həm də Memarlıq və İnşaat Universiteti ilə də həyata keçirdiyimiz layihəyə görə IELTS imtahanı verən tələbə və müəllimlər 7 bal toplayarsa, biz ödədikləri məbləği onlara geri qaytarırıq. Bu da tələbələrimizin gələcəkdə karyera bazarında, xüsusən beynəlxalq şirkətlərdə işə götürülməsinə dəstək vermək üçün həyata keçirdiyimiz bir layihədir”.
Tələbələr karyera sərgisinə təcrübə, məzunlar iş imkanı kimi baxır
Məmməd Mürsəlov AzMİU-nun 2026-cı il məzunudur. İstanbul Texniki Universiteti ilə ikili diplom proqramını bitirib: “Hazırda iş axtarıram. İş tapmaq üçün ən yaxşı yollardan biri “Karyera sərgisi”dir”.
Məmməd sərgidə inşaat şirkətlərindəki vakansiyalarla maraqlanır: “İnşaat mühəndisi kimi yetişmək üçün harada yaxşı iş mühit varsa, o şirkətlərlə maraqlanacağam”.
Nəcəf Əhmədov da “İnşaat mühəndisliyi” ixtisası üzrə məzun olub. O da ikili diplom proqramı üzrə təhsil alıb və hazırda magistratura təhsili almağa hazırlaşır: “Karyeramı Azərbaycanda davam etmək fikrindəyəm. Çünki ölkəmizdə karyera qurmaq üçün hər cür şərait var”.
Nəcəf deyir ki, Karyera sərgisində iştirak onun işə münasibətini dəyişdirib: “Şərtlərlə tanış olmaq, şirkət nümayəndələri ilə söhbət etmək öz ixtisasıma, peşəmə baxışımı dəyişdirdi. Əvvəl elə fikirləşirdim ki, inşaat mühəndisi oturaraq işini icra edir. Layihə işləməklə işi bitir. Sən demə, belə deyilmiş. İnşaat mühəndisi sahədə yetişir. Ona görə bu gün iş axtararkən sahə mühəndisi işi axtarıram”.
İnci Xəlilova “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə I kurs tələbəsidir: “Təcrübəmi artırmaq istəyirəm. Tələbəlikdən təcrübə toplaya bilsəm, məzun olanda tez iş taparam. Bir də könüllülük fəaliyyəti ilə maraqlandım. DOST Agentliyində qeydiyyatdan keçdim”.
“Mister Fix” şirkəti ilə maraqlandıq”, – deyə söhbətimizə qoşulan Nəzrin Hüseynova da I kurs tələbəsidir: “Karyera sərgisində iştirak eləmişəm. “Karyera planlaması” adlı təlim proqramında qeydiyyatdan keçdim. Onlar bizə təlimçi müəllimlərlə birlikdə öz təcrübəmizi artırmaq imkanı təklif edirdilər”.
Nəzrin hələ 18 yaşı tamam olmadığı üçün hər maraqlandığı şirkətdə qeydiyyatdan keçə bilməyib: “Xüsusilə könüllülük proqramları məni çox maraqlandırdı. Universitetdə oxuduğum müddətdə karyera sərgilərində iştirak edəcəyəm ki, məzun olanda iş tapmaq rahat olsun”.
Bəs işəgötürənlər sərgidə nə gəzir?
İşəgötürənlər də karyera sərgilərinə xüsusi əhəmiyyət verir. Onlar üçün karyera sərgisi “nə axtarsan, var” anlamına gəlir. Biri təcrübəçi axtarır, biri ciddi vakansiyalarla gəlib real işçi istəyir, üçüncüsü üçün isə AzMİU-nun Karyera sərgisi böyük insan qaynağı, hazır mütəxəssis bazasıdır.
“Bu dəfə gətirdiyimiz vakansiyalar təcrübə üçün deyil, ciddi vakansiyalardır”
Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva “Azərbaycan müəllimi”nə bildirib ki, AzMİU-nun təşkil etdiyi karyera sərgisində hər il iştirak edirlər: “Bilirsiniz ki, işimiz tikinti, quruculuq, bərpa işidir. Ona görə də Memarlıq və İnşaat Universiteti çox sıx əməkdaşlıq etdiyimiz təhsil müəssisəsidir. Universitetlə memorandumumuz var, onlarla sosial layihə həyata keçiririk. Universitetin tələbələri bizdə təcrübə keçirlər, bir neçə dəfə əraziyə səfərləri təşkil olunub. Burada yetişən kadrlar bizim gələcək mütəxəssislərimizdir. Ona görə də sərgiyə vakansiyalarımızla gəlmişik. Gənclərin stendimizə böyük marağı var. Bu da bizim üçün böyük motivasiyadır. Onların diqqət mərkəzindəyik”.
İlhamiyyə Rzayeva bildirib ki, karyera sərgilərində birbaş işə aldıqları da olub, təcrübə üçün gəlib sonradan işçi olanlar da: “Təhsil almaqda olan, ya da təhsilini yenicə başa vuranlar üçün təcrübə önəmlidir. Lakin bu dəfə gətirdiyimiz vakansiyalar təcrübə üçün deyil, ciddi vakansiyalardır. Gənclərdən həmin vakansiyalarla maraqlanan və uyğun olan olsa, işə götürülə bilər. Yəqin ki, sınaq müddəti olacaq”.
İ.Rzayeva gənclərə şirkətlərin təcrübə təkliflərinə ciddi yanaşmalarını da tövsiyə edib: “Mənə təcrübə imkanı yaradanlara bu günə qədər minnətdaram. Üstəlik, mənə təcrübənin sonunda iş təklif olunmamışdı. Amma indi gənclərə axırda real iş imkanı qazandıran təcrübə proqramları təklif olunur. Odur ki, hesab edirəm ki, tələbələr təcrübə təkliflərini fürsət kimi dəyərləndirməlidirlər”.
“Biz onları Almaniyaya, Avstriyaya qısamüddətli səfərlərə göndərir, təcrübə əldə etmələrini də təmin edirik”
“ERP SYSTEMS – Siemens PLM Software Partner in Azerbaijan” MMC-nin müdiri Rəşid Əhmədov “Azərbaycan müəllimi”nə bildirib ki, AzMİU-nun təşkil etdiyi artıq 4-cü sərgiyə qatılıblar: “İKT istiqamətli ixtisaslarda təhsil alan tələbələrin məlumatlarını toplayırıq. Karyera sərgisində əldə etdiyimiz bu məlumatlardan il boyu, hətta illər boyu yararlanırıq. Adətən 1 il içərisində onları işə dəvət edirik. Şirkətimizdə işə, təcrübəyə, hakatonlara texniki bacarığı olan gənclər lazım olur. Odur ki, bu gün məlumatlarını aldığımız gəncləri günü sabah da işə çağıra bilərik, 1 il sonra da. Biz onları Almaniyaya, Avstriyaya qısamüddətli səfərlərə göndərir, təcrübə əldə etmələrini də təmin edirik”.
Hər il eyni sayda təkliflərlə gəldiklərini deyən iş adamı bu istiqamətdə şirkət siyasətindən də bəhs edib: “Vakansiyalarımızın sayını heç vaxt elan etmirik. Həmişə gənclərin məlumatlarını toplayır, məlumatlar emal olunduqdan sonra bizi maraqlandıran tələbələrə birbaşa dəvət göndəririk”.
İş adamının fikrincə, təmsil etdiyi sahədə data çox böyük əhəmiyyət daşıyır: “Burada da bu datanı elektron yox, kağız formatında qəbul etdik. Elə anlar oldu ki, stendimizdə eyni vaxtda əlində qələmlə öz məlumatlarını qeyd edən 8-10 nəfər oldu. Həmin məlumatlardan biz hətta 3-4 il sonra da istifadə edə bilərik. Yəni uzun müddət keçsə belə, biz tərəfdən şans onların üzünə gülə bilər”.
400-dən çox vakansiya
AzMİU Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev universitetin əsas karyera platformalarından biri kimi formalaşan sərginin gənclərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, karyera sərgiləri tələbə və məzunlara potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq, öz bilik və bacarıqlarını təqdim etmək və real iş imkanları ilə tanış olmaq üçün effektiv platformadır.
2026-cı il üzrə təşkil edilən VII Karyera sərgisində 70-ə yaxın dövlət qurumu və aparıcı şirkət iştirak edib. Sərgi çərçivəsində tələbə və məzunlara 400-dən çox vakansiya və müxtəlif istiqamətlər üzrə ödənişli təcrübə proqramları təqdim olunub. Təklif olunan imkanlar memarlıq, inşaat, şəhərsalma, dizayn, informasiya texnologiyaları, kommunikasiya mühəndisliyi və sənayenin digər mühüm sahələrini əhatə edir.
Foto: Kənan QAFAROV



