"Yüksək nəticə əldə edəcəyimi gözləyirdim" – Tarix müəllimi 58 bal topladı
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi davam edir. "Azərbaycan müəllimi" xəbər verir ki, bu gün tarix müəllimləri imtahan veriblər.
Onlardan biri Bakıdakı 276 nömrəli məktəbin tarix müəllimi Nigar Əliyevadır. O, 58 bal toplayıb. N.Əliyeva imtahanın çox şəffaf və rahat olduğunu bildirib:
"İmtahan savadlı müəllimlərin yetişdirilməsi üçün çox əhəmiyyətlidir. Kurikulum mənə çətin gəldiyi üçün imtahanın da elə olacağını düşünürdüm, amma elə olmadı. Yüksək nəticə əldə edəcəyimi gözləyirdim, amma 58 balı mən də gözləmirdim. Bundan sonrakı müsahibə mərhələsində də yüksək nəticə əldə edəcəyimə əminəm".
Digər imtahan iştirakçısı, 56 bal toplayan Xətai rayon 29 nömrəli orta məktəbin tarix müəllimi Anatoli Orucovdur. O, da bu imtahanların keçirilməsinin vacib olduğunu bildirib:
"Müəllimlər prosesdə iştirak edərək öz bilik və bacarıqlarını artıra bilirlər. Bu şəkildə də daha bilikli şagirdlər yetişdirmək üçün daha çox fayda verə bilirlər".




