“Yüksək nəticələrin arxasında arzumuz və iradəmiz dayanır” - Uğurlu nəticə göstərən namizədlər
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsində təsviri incəsənət, texnologiya, Azərbaycan dili, fiziki tərbiyə və biologiya fənləri üzrə yüksək nəticələri ilə seçilənlər də olub.
"Azərbaycan müəllimi" Quba-Xaçmaz regionu üzrə uğurlu nəticə göstərən namizədlərlə yaxından tanış olub.
"Əzmkarlıq və məsuliyyətlə hazırlaşmaq"
Kəmalə Məmmədli təsviri incəsənət fənni üzrə 95.25 bal toplayıb. Qusar rayonu Avaran kənd tam orta və T.İsmayılov adına 6 nömrəli tam orta məktəblərdə 1 il müddətli müqavilə ilə müəllim kimi fəaliyyət göstərib: "Keçən il MİQ imtahanında 93 bal toplamışdım, lakin müddətli vakansiya ilə çalışmışam. Bu il yenidən MİQ kimi məsuliyyətli imtahanda iştirakım birillik fəaliyyətim ərzində şagirdlərimə olan sevgim, fənnimə olan marağım, şagirdlərdə rəssamlıq bacarıqlarını və nəzəri biliklərini möhkəmləndirmək istəyindən qaynaqlanır. Gələcək arzum fənnimlə bağlı yenilikləri daim öyrənmək və mümkün qədər təhsil həyatımda tətbiq etmək, gələcəyin rəssamlarını yetişdirmək üçün səylə fəaliyyət göstərməkdir".
Kəmalə müəllim hesab edir ki, MİQ-in əhəmiyyəti savadlı kadrları cəmiyyətə bəxş etməsidir: "Bugünkü yüksək nəticələrin arxasında müəllim olmaq üçün döyünən ürəyimiz, arzumuz və iradəmiz dayanır. Yüksək nəticə göstərmək, müəllim kimi şərəfli peşənin sahibi olmaq istəyən hər kəsə bircə sözüm var: əzmkarlıq və məsuliyyətlə hazırlaşmaq”.
"MİQ imtahanı şəffaflığı və rəqabətliliyi təmin edən ən mühüm mexanizmdir"
90.25 bal toplamış Səbunə Nəbiyeva texnologiya müəllimidir. 2024-cü ildə 84,75 bal toplayaraq Bakı şəhəri Sabunçu rayonu 259 nömrəli tam orta məktəbdə müddətli müqavilə ilə bir tədris ili işləyib. 2025-ci ildə 85,5 bal toplayaraq Quba rayonu Nügədi kənd tam orta məktəbinə müddətli müqavilə ilə işə qəbul olunsa da bəzi səbəblərə görə imtina etmək məcburiyyətində qalıb: "Suallar ümumilikdə proqramı tam əhatə edirdi. Təbii ki, həm düşündürücü, həm də vaxtı düzgün idarə etməyi tələb edən suallar var idi. Xüsusilə metodika və ixtisas sualları müəllimin təkcə nəzəri biliklərini deyil, həm də sinifdə tətbiqetmə bacarıqlarını yoxlayırdı. Sistemli hazırlaşan hər bir namizəd üçün öhdəsindən gəlinəsi suallar idi".
Səbunənin fikrincə, MİQ imtahanı təhsildə şəffaflığı və rəqabətliliyi təmin edən ən mühüm mexanizmdir: "Bu sistem savadlı, enerjili və layiq olan gənc kadrların önə çıxmasına, məktəblərimizin ən yaxşı mütəxəssislərlə təmin olunmasına şərait yaradır. Müəllim nüfuzunun artmasında MİQ-in rolu danılmazdır".
Səbunə Nəbiyeva həmkarlarına və gələcək namizədlərə ruhdan düşməməyi, özlərinə inanmağı tövsiyə edir: "İmtahan yalnız bir mərhələdir. Uğurun sirri davamlılıqdadır. Hər bir çətinliyin arxasında gözəl bir uğur dayanır, yetər ki, hədəfə doğru addımlamaqdan vaz keçməsinlər”.
"Əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil"
Ramilə Məmmədova 88 bal nəticə göstərib. Xaçmaz rayonu Mehman Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin texnologiya müəllimidir. Vurğulayır ki, hər il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edir: "Bu il sertifkasya imtahanında 57 bal toplamışam. 9 ildir müəllim işləyirəm, öz üzərimdə çox çalışıram. Əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Mən çoxlu testlər işləyir, mütəmadi kitablar oxuyuram".
Ramilə müəllimin MİQ imtahanına qatılmağında məqsədi ikinci iş yeri olaraq başqa bir məktəbdə də fəaliyyət göstərməkdir.




